Mediaforum.az :: Xəbərlər«TOLİŞI SƏDO» QƏZETININ HƏBSDƏ OLAN BAŞ REDAKTORU NOVRUZƏLİ MƏMMƏDOVUN 36 YAŞLI OĞLU QƏFLƏTƏN VƏFAT EDİB2007-09-08, 15:16:00 Hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan «Tolişi sədo» qəzetinin baş redaktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun bölmə müdiri Novruzəli Məmmədovun 36 yaşlı oğlu Kamran Məmmədov bu gün səhər valideynlərinin Bakıdakı mənzilində ürək tutmasından vəfat edib. Xəbəri «Media forum»a verən Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov bildirib ki, Kamran Məmmədovun səhhəti dünən axşam qəfil pisləşib, ürəyi rahatsızlaşıb: «Ancaq nəsə buna əhəmiyyət verməyib və həkim çağırmayıb. Bu gün səhər yenidən halı pisləşib və elə anasının gözü qarşısındaca yıxılaraq keçiniib. Təcili yardım briqadası onun infarktdan öldüyü haqda rəy verib». H.Məmmədov bildirib ki, 1971-ci il təvəllüdlü K.Məmmədov 1993-cü ildə Texniki Universiteti bitirəndən sonra Almaniyada yaşayıb və Azərbaycana ötən ilin payızında, atası həbs olunmazdan bir neçə ay əvvəl qayıdıb: «Mərhum həddən artıq həssas, hər şeyi ürəyinə salan adam olub». N.Məmmədovun iki oğul övladı olub. Kamran onun böyük oğluymuş. Bu gün o, dəfn olunmaq üçün atasının doğulduğu Astaranın Ərçivan kəndinə aparılıb. Xatırladaq ki, Novruzəli Məmmədov «Tolışi sədo» qəzetinin məsul katibi Elman Quliyevlə birgə bu ilin fevralında həbs olunub. Sonradan iki dəfə - may və avuqust aylarında hər iki şəxs barəsində istintaq müddəti üç ay uzadılıb. "Media forum"
|