Mediaforum.az :: Xəbərlər

ÇEXİYADA HƏMYERLİLƏRİMİZ XOCALI və LİDİCE FACİƏSİ QURBANLARINI YAD EDİBLƏR
2006-02-27, 12:03:00

Dünən Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən «Azər-Çex» Cəmiyyəti 26 fevral 1992-ci ildə baş verən Xocalı və 10 iyun 1942-ci il Lidicə faciələrinin anım mərasimini təşkil ediblər. Bu barədə «Media forum» saytına qurumun mətbuat xidmətindən məlumat verilib.

Cəmiyyət Xocalı soyqırımının qurbanlarını Lidice faciəsində həlak olanlarla birgə anmasını bununla izah edir ki, dünya ictimaiyyətinə Qarabağda erməni vəhşiliklərinin çatdırılması, tarix ərzində baş vermiş oxşar hadisələrlə müqaisə olunduqda daha effektli ola bilər və yerli əhali buhu daha real qiymətləndirər. Belə ki, alman faşistlərinin Praqa yaxınlığındakı Lidice qəsəbəsini bir gün içində yerlə yeksan etməsi və onun 506 nəfərlik sakinlərinin hamısını soyqırıma məruz qoymasını təkcə çex xalqı deyil, bütün dünya ictimaiyyəti insanlığa qarşı cinayət sayır. «Lidice və Xocalı şəhərlərinin təəssüflər olsun ki, bənzər taleləri vardır: hər iki faciə təcavüzkarlar tərəfindən qəddarcasına yörədilmiş və Lidicedə 82, Xocalıda isə 83 günahsız uşaq qətlə yetirilmişdir.

Tədbir zamanı həmyerlilərimiz Lidice qurbanlarının dəfn olunduğu məzara və xatirə kompleksinə baş çəkib, Xocalı sakinləri adından əklil qoyublar. Bundan sonra Çexiyanın paytaxtında tədbirin seminar hissəsi davam edib. Divarlarında 613 Xocalı şəhidinin adları yazılmış zalda Ermənistanın təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faktlar nümayiş etdirilib. Rejissor M.Ələkbərzadənin Xocalı faciəsinə həsr olunmuş sənədli filmi təqdim olunduqdan sonra şəhidlərimizin ruhu sükutla yad edilib.

«Azər-Çex» Cəmiyyəti ilə Lidice xatirə kompleksinin rəhbərliyi arasında əldə olunan razılaşmaya əsasən, Lidice müzeyində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş geniş tədbirlər planı və sərgilər keçirilməsi nəzərdə tutulur. Bu proyektin baş tutması üçün Azərbaycan hökümətinin yardımına ehtyacın olduğunu qeyd edən cəmiyyətin sədri Elşən Nəzərov hər iki qəsəbənin qardaşlaşması üçün də əlindən gələni etməyə hazır olduğunu bildirib.



Lidice faciəsi qurbanlarının xatirə kompleksi



"Media forum"