Mediaforum.az :: Xəbərlər


Gülağa Aslanlı: “Narazılarla bağlı problem artıq həll olunmaq üzrədir”

2014-12-30, 14:28:00

“2014-cü il Müsavat Partiyası üçün ən şanlı il kimi yadda qaldı”. Başqan müavini, Divan üzvü, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı dekabrın 30-da “Media forum” saytına belə deyib.

 

Gülağa Aslanlı fikrini belə əsaslandırıb ki, sentyabr ayında partiya qurultayını keçirib, qurultayda bir nəfərin ardıcıl olaraq iki müddətdən artıq Müsavat başqanı postunda qalmaması haqda nizamnamə tələbi həyata keçirilib, yeni başqan seçkisi demokratik, şəffaf qaydada aparılıb və bütün bunlara görə 2014-cü il Müsavat üçün ən şanslı il kimi qiymətləndirilməlidir.

Gülağa Aslanlı Müsavatın 2014-cü ildəki qurultayını tək partiyanın tarixində yox, bütövlükdə ölkənin ictimai-siyasi tarixində mühüm hadisələrdən biri saydığını da vurğulayıb.

2015-ci il planlarından danışarkən Gülağa Aslanlı deyib ki, Müsavat Məclisi 2015-ci il üçün fəaliyyət istiqamətlərinə dair sənəd qəbul edib: “Dekabrın 30-da bu sənəd Divanda da qəbul olunub. Müsavat Partiyası 2015-ci il fəaliyyətini bu sənədin müddəalarına uyğun quracaq. İnsan haqlarının qorunması, siyasi məhbusların azad edilməsi istiqamətində səylərimiz davam edəcək. 2015-ci ildə keçiriləcək parlament seçkisi ilə bağlı planlarımızı da həyata keçirməyə çalışacağıq. Gələn il partiya quruculuğu işlərini də davam etdirəcəyik”.

“Müsavat Partiyasında hələ də sonuncu qurultayın rəsmi nəticələrindən narazı insanlar var. 2015-ci ildə bu problemin həlli üçün hansı təklifləriniz olacaq” sualına Gülağa Aslanlı belə cavab verib: “Partiyada narazıların sayı getdikcə azalır. Bu məsələ Müsavat Partiyasının gündəliyində əsas yer tutmur. Narazı şəxslər Müsavatın ideoloji-siyasi xəttinə uyğun hərəkət edəcəklərsə, biz onlarla birgə fəaliyyət göstərəcəyik. Narazılarla bağlı problem artıq həll olunmaq üzrədir”.



Sənan Əhliman