Xəbərlər

“Media forum” saytının oxucularına

2015-01-05 - 17:18:00

 

Hörmətli oxucular!

Bəyan etdiyimiz kimi, 2015-ci il yanvarın 1-dən “Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb. Bununla bağlı meydana çıxan suallara aydınlıq gətirmək üçün bir daha bildiririk ki, “Media forum” saytı yerli qeyri-hökumət təşkilatı olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsidir. Mövcud QHT qanunvericiliyinə görə, ictimai birliklər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini qeydiyyata aldırmaq üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir. “İnternyus Azərbaycan” İctimai Birliyi qaydalara uyğun olaraq hazırda reallaşdırdığı layihələrlə, eləcə də “Media forum” layihəsi ilə bağlı lazım olan bütün sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Bu işlər bir neçə ay əvvəldən həyata keçirilsə də, “İnternyus Azərbaycan” İctimai Birliyi indiyədək heç bir layihəsi, eləcə də  “Media forum” layihəsi ilə bağlı Ədliyyə Nazirliyindən bildiriş ala bilməyib. Bu da “İnternyus Azərbaycan” İctimai Birliyini özünün bütün layihələrinin, eləcə də “Media forum” layihəsinin fəaliyyətini dondurmaq məcburiyyətində qoyub. “Media forum” saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin nəticəsidir.

Onu da bildirmək istərdik ki, “İnternyus Azərbaycan”ın, həmçinin onun “Media forum” layihəsinin maliyyə problemi yoxdur. Sadəcə olaraq həmin maliyyənin bankdan çıxarılması üçün Ədliyyə Nazirliyindən bildiriş alınmalıdır. “İnternyus Azərbaycan”ın layihələrinin, həmçinin “Media forum” layihəsinin üzləşdiyi problem də maliyyə problemi deyil, belə demək mümkünsə, “bildiriş problemi”dir.

Həmin “bildiriş problemi” həllini tapmadığı üçün “İnternyus Azərbaycan” İctimai Birliyinin kollektivi, eləcə də bu kollektivin bir hissəsi olan “Media forum” saytının əməkdaşları iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarının maaşlarını ala bilməyib. Baxmayaraq ki, “İnternyus Azərbaycan” İctimai Birliyi göstərilən dövrün üç ayının - iyul, avqust, sentyabr aylarının maaşlarının vergisini də ödəyib. Beləliklə, hətta dövlət büdcəsinə vergi ödənsə də, maaşları almaq mümkün olmayıb. Nəticədə yarım il “Media forum” saytının əməkdaşları maaşsız işləyib.

Təəssüf ki, Azərbaycanda yeni medianın – internet jurnalistikasının qurucularından olan, həmişə etik prinsipləri gözləyən, fəaliyyət göstərdiyi 10 ildə heç vaxt heç bir “qara piar”da iştirak etməyən, qərəzsiz, balanslı, dəqiqləşdirilmiş xəbər siyasəti yürüdən, səhvlərini tələb gözləmədən düzəldən, 10 ildə bir dəfə də olsun məhkəməyə verilməyən, bir dəfə də olsun barəsində Mətbuat Şurasına şikayət edilməyən, ciddi, sanballı, peşəkar, məsuliyyətli jurnalistikanın təmsilçiləri sırasında yer alan “Media forum” indi belə bir problemlə üz-üzədir.

“İnternyus Azərbaycan” İctimai Birliyi bu problemin həllini tapacağına, öz layihələrinə, eləcə də “Media forum” layihəsinə Ədliyyə Nazirliyindən bildiriş ala biləcəyinə ümid edir.

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100