Xəbərlər

Azərbaycan vətəndaşı olmaq istəyənlər and içəcəklər (Andın mətni)

2014-12-30 - 14:13:00

 
Dekabrın 30-da Milli Məclis “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavələr edib. Əlavələrə görə, 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə and içir.
 
AzərTAc-ın məlumatına görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanuna edilən əlavələr 15-1-ci – “Azərbaycan Respublikası vətəndaşının andı haqqında” maddə ilə bağlıdır.
 
“Media forum” saytı qanuna edilən həmin maddəni oxucuların diqqətinə təqdim edir.
 
Maddə 15-1. Azərbaycan Respublikası vətəndaşının andı
 
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:
 
“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.
 
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
 
And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır”. 

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100