İdman

Alim Qurbanov: “Xaricdə oynamalıyıq ki, inkişaf edək”

2014-12-30 - 17:50:00

 

Futbolçu Alim Qurbanov “Media forum” saytının suallarını cavablandırıb.

Alim Qurbanov 1977-ci ildə Gəncədə anadan olub. Azərbaycanın müxtəlif klublarında oynayıb, milli komandanın üzvü olub.

- Taleyinizi futbola necə bağladınız?

- Futbol oynamağa 8 yaşında Gəncədə başlamışam. İkinci sinifdə oxuyurdum, atam məni aparıb uşaq futboluna yazdırdı. Konstantin Abramenkonun yaratdığı uşaq futbol klubunda 10 ilə yaxın oynadım. Həmin müddətdə dəfələrlə turnirlərin qalibi olduq. Bir dəfə hətta Ukraynada keçirilən turnirdə zəfər çaldıq.

Sonra Bakıya gəldim, Buzovnanın “Xəzri” klubuna. Ayağım yüngül oldu, “Xəzri” həmin il Azərbaycan kubokunda finala çıxdı. “Xəzri”dən “Polis Akademiyası” klubuna keçdim. Əsas heyətə götürdülər, bütün oyunlarda oynayırdım.

1996-cı ildə MOİK-ə dəvət etdilər, orda yaxşı oyunçular var idi, milli komandada çıxış edirdilər. MOİK-də oynayanda məni 21 yaşadək olan futbolçulardan ibarət milli komandaya götürdülər. Məşqçi Ağasəlim Mircavadov həm də “Qarabağ” klubunun baş məşqçisi idi. Əsgərliyi bitirdikdən sonra “Qarabağ” klubuna getdim. Əsas heyətdə oynayırdım, bəzən də oyunun gedişində meydana daxil olurdum. Həmin il dördüncü yeri tutduq və UEFA-nın İntertoto kuboku turnirinə düşdük. İlk oyunumuz 2000-ci ildə İsrailin “Makkabi” klubu ilə oldu. Yaxşı oyunçularımız vardı: Müşfiq Hüseynov, Yaşar Hüseynov, Elşad Əhmədov. Ən gənc mən idim, 22 yaşım vardı. Səfərdə “Makkabi”yə 2:1 hesabı ilə qalib gəldik. Azərbaycan klubunun İsraildə qalib gələcəyi gözlənmirdi. Qolların ikisini də Müşfiq Hüseynov vurmuşdu. Bir həftədən sonra Bakıda cavab oyunu oynamalı idik. İlk oyunda “Makkabi” bizi saymamışdı ki, zəif komandayıq, əsas heyətinin oyunçularına istirahət vermişdilər. Bakıya isə əsas oyunçuları yığıb gətirmişdilər. Həmin oyun Tofiq Bəhramov adına stadionda oldu, 0:1 uduzduq. Amma bizim səfər qollarımıza görə “Makkabi” ələndi. Avropa kuboklarında mərhələ keçən ilk klubumuz oldu “Qarabağ”. O zaman klubda yalnız yerli uşaqlar oynayırdı, legioner yox idi.

- “Qarabağ”da neçə il oynadınız?

- Üç ilə yaxın. 2002-də çempionat yarımçıq qaldı, oyunçular dağıldı, xaricə gedənlər oldu. Həmin vaxt bizim futbolda pul yox idi, 100-200 dollar maaş alırdıq.

Müqaviləm bitdi, çıxdım klubdan. Sənan Qurbanovla İrana yoxlanışa getdik. İranda “Saypa” klubuna hücumçu lazım idi, Sənan hücumçu olduğundan götürdülər, mən yarımmüdafiəçi idim, boş yer olmadı, qaldım. “Saypa”dakı məşqlərdə zədə aldığım üçün digər klublara da götürmədilər.

Bakıya qayıtdıqdan sonra “Şəmkir” klubuna getdim, 6 ay orda oynadım. Klubda maddi durum çətin idi, maaş gecikirdi. Çıxıb evdə oturdum.

2004-cü il idi, dedilər iş adamı Mübariz Mənsimov “Xəzər Lənkəran” klubu yaradıb. Kluba Nazim Süleymanovu baş məşqçi qoymuşdular. Mənə zəng etdi, dedi haqqında eşitmişəm, istəyirəm Qubaya bizimlə təlim-məşq toplantısına gedəsən. 15-20 gün Quba olimpiya kompleksində qaldım o vaxt, yoxlanış oldu. “Qusar” klubu ilə yoldaşlıq oyununda 3:0 qalib gəldik, 2 qolu mən vurdum. Oyundan sonra mənimlə müqavilə bağladılar.

“Xəzər Lənkəran”da 2012-ci ilə qədər oynadım, orada da karyeramı başa vurdum. Həmin illər ərzində çempion da olduq, kubok da götürdük. Uğurlu fəaliyyətim elə “Xəzər Lənkəran”da olub. Futbolçulara yaxşı qayğı göstərilirdi. Heç nəyə ehtiyacımız yox idi. Ancaq futbolu, qalibiyyəti fikirləşirdik.

- “Xəzər Lənkəran”ın uğurlarının səbəbi nə idi?

- Bizim dönəmdə yaxşı kollektiv vardı. Komanda qalibiyyəti də, uğursuzluğu da bərabər şəkildə bölürdü.

- O vaxtlar belə bir fikir vardı ki, hakimlər, futbola məsul qurumlar “Xəzər Lənkəran”a müəyyən problemlər də yaradır...

- Hakimlər bizə çox zərbə vururdular. Ona görə ki, heç kəs Mübariz Mənsimovun kluba bu qədər pul xərcləməsini istəmirdi. Onun özünə də demişdilər ki, futbolçuya bu qədər pul ayırmaq lazım deyil. Mübariz müəllim razılaşmamışdı.

Hakimlərin qərəzi ilə uduzsaq, cərimələnsək də, oynayırdıq, Mübariz Mənsumovun dəstəyini alırdıq.

Mübariz Mənsimovun “Xəzər Lənkəran”a rəhbərlik etməsi Azərbaycan futbolunda sanki bir dövrün başlanğıcı idi. Legionerlərin Azərbaycana gəlməyində Mübariz Mənsimovun böyük rolu var. İlk səviyyəli legionerlər “Xəzər Lənkəran”da olub. Başqaları da gördü ki, legioner gətirilməsə, “Xəzər Lənkəran”la ayaqlaşa bilməyəcəklər, eyni addımı atdılar.

- Mübariz Mənsimovun futbola maliyyə yatırımı nədən irəli gəlmişdi?

- Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıya görə bu addımı atmışdı. O, futboldan bir manat da xeyir götürmür. Azərbaycanda futbolun inkişaf etməsini istəyir.

- Özü oyunlara gəlirdi? Komandanın bazasına tez-tez baş çəkirdi?

- Təlim-məşq toplanışları Antalyada olurdu. Özü İstanbulda yaşadığı üçün tez-tez gəlirdi. Görüşürdük, söhbət edirdik. Deyirdi məni daha böyük uğurlarınızla, Avropanın klub turnirlərində qrup mərhələlərinə düşməklə sevindirin. Komanda əlindən gələni edirdi.

Ağasəlim Mircavadovun baş məşqçiliyi vaxtı uğurlarımız olurdu. Ona görə istərdim Azərbaycanın bütün klublarında üstünlük yerli məşqçilərə verilsin. “Qarabağ”ın irəli getməsi də göz qabağındadır, çünki Qurban Qurbanov yerli məşqçidir.

“Xəzər Lənkəran” niyə uğursuzluğa düçar olub? Ona görə ki, tez-tez məşqçi dəyişikliyi baş verir. Yerli məşqçiyə iki-üç il işləməyə imkan verilsəydi, “Xəzər Lənkəran” da “Qarabağ” klubu kimi mərhələ keçərdi, irəli gedərdi.

- Məşqçi kimi fəaliyyət göstərmək haqda düşünürsənmi?

- “Xəzər Lənkəran”da olanda klub rəhbərliyi məni məşqçi kurslarına göndərmişdi. Yazılı imtahandan kəsdilər. Fikrim var yenə imtahan verim.

- Hansısa formada “Xəzər Lənkəran”a qayıtmaq mümkündürmü?

- Əlimdə indi məşqçi kateqoriyam yoxdur ki, məni ora götürsünlər. “B” kateqoriyası alandan sonra inanıram ki, tək “Xəzər Lənkəran” yox, başqa klublardan da təklif gələcək.

- Futbolumuzun indiki durumunu necə qiymətləndirirsiniz? Milli komandamız FİFA-nın reytinq cədvəlində 135-ci yerdədir.

- Nə qədər ki oyunçularımız legioner həyatı yaşamırlar, başqa ölkələrdə oynamırlar, millimiz üçün çətin olacaq. Xaricdə oynamalıyıq ki, inkişaf edək. Altı ay, bir il oynayandan sonra pulları var deyə futbolçularımız Azərbaycanda oynamaqla kifayətlənirlər. Futbol isə bunu sevmir. Xaricdə milyardı olan futbolçular var, yenə də oynayırlar və həzz alırlar.

- Hazırda nə işlə məşğul olursan?

- Elə bir işim yoxdur. Vaxtımı əsasən ailəmə sərf edirəm. Xəzər adında oğlum var, onun qayğısına qalıram. “Xəzər Lənkəran”ın şərəfinə oğlumun adını Xəzər qoymuşam. “Xəzər Lənkəran” sevgisi tükənməzdir, həm də enerji, güc mənbəyidir.

İmdad Əlizadə
Töhfə Əzimova

 

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100