Cəmiyyət

“Media forum” əhvalatları (3)

2014-12-22 - 13:07:00

10 yaşını tamamlayan “Media forum” saytının redaksiyasında baş vermiş bəzi əhvalatları oxuculara təqdim edirik.


 

Atilla Maralanlının redaktəsiz cümləsi: “O, 10 il əvvəl Əfqanıstan vətəndaşı olan əri ilə evlənib…”

***

Redaksiyada yalnız İsmayıl Rafiqoğlu özünə xüsusi üsulla çay dəmləyir: çaynikə su süzüb qaynadır, sonra quru çay əlavə edir.

Mətbəxdən qayıdan Aysel Yusifqızı çaynikin qaynadığını xəbər verir:

- İsmayıl müəllim, çaynik sizdən imdad diləyir.

Başı yazıya qarışan İsmayıl söhbətin İmdad Əlizadədən getdiyini güman edərək təəccüblə:

- İmdad neyləyir mənim çaynikimi?

***

“İnternyus”un layihələrinin birində çalışan Həmidə Qiyasbəyli İsmayıla yaxınlaşır:

- Sizdə nanəli bir şey olmaz?

- Necə yəni nanəli?

- Bir qızın boğazı ağrıyır.

- Nanə var, əsil nanə...

Həmidə gülməkdən özünü güclə saxlayaraq əllərini yuxarı qaldırır, yəni “hər şey aydındır”.

Əslində Həmidə boğaz ağrısı üçün dərman nəzərdə tuturmuş, fikrini düz çatdıra bilməyib.

***

Amid Süleymanov Ayselə deyir:

- Deyəsən, kriminal xəbərlərə marağın var...

- Hə, elə maraqlandığım sahə kriminaldır da. Hətta Polis Akademiyasına daxil olmaq istəyirdim, evdən qoymadılar. Gərək qız doğulmayaydım.

İsmayıl, Səidə Hüseynova söhbətə qoşulurlar. Hərə bir söz deyir, Ayselin dərdi böyüyür:

- Mən ekologiya layihəsindəyəm, amma heç ürəyimcə deyil. Düşmüşəm böcək dalınca. Gedirəm quş tədbirinə. Mənə quş lazımdır?

***

Materialı redaktə edən İsmayıl Səidəyə deyir:

- Yaxşı yazıdır, bircə nida artıqdır.

Nida ifadəsini eşidən Amid “Nida” təşkilatından söhbət getdiyini güman edib gözünü ekrandan çəkir:

- Nə “Nida”? “Nida”ya nə olub?

***

Azərbaycan alpinisti Murad Aşurlunun planetin ən uca zirvəsi Everestə qalxıb Azərbaycan bayrağını yüksəltməsi xəbəri yayılır. Otaqda bu barədə söhbət gedərkən Atilla soruşur:

- Alpinist dağa ayaqla qalxıb, yoxsa vertolyotla?

***

Qızılgül Abdinova Azər Qaraçənliyə yaxınlaşır:

- İran səfirliyinin yeni sözçüsü Azərbaycan dilində danışa bilmir. Onunla farsca danışmaq lazımdır.

Azər fikirlidir deyə üzünü İran xəbərləri bölməsinin əməkdaşı, daima fars dilindən tərcümələr edən Atillaya çevirib soruşur:

- Atilla, sən fars dilini bilirsən?

***

Yeganə Oqtayqızı ofisdə “Feysbuk”un çatından İsmayıla yazır:

- İsmayıl müəllim, salam. Necəsiniz?

İsmayıl:

- Salam, hardasan?

Yeganə:

- İşdəyəm. Siz hardasınız?

İsmayıl:

- Bardayam (“burdayam” yazmaq istəyib).

Yeganə:

- Barda müsahibə götürürsünüz?

***

“Media forum”da 4 günlük təlim aparılır. Təlimə gələn gənc jurnalistlər seçki mövzusunda ekspertləri dinləyir, sonra isə kiçik qruplarla seçki mövzusunda bir material hazırlayırlar. Sonda yazılar müzakirə olunur, iştirakçılara sertifikat təqdim edilir.

Təlimçilər “Media forum”un baş redaktoru Azər Qaraçənli, redaktorlar Alya Yaqublu və İsmayıl Rafiqoğlu, parlament müxbiri, siyasət şöbəsinin rəhbəri İmdad Əlizadə, yazıların redaktoru isə baş redaktor müavini Hikmət Sabiroğlu olur...

Təlimdə iştirak etmiş xanımlardan biri İsmayıla irad bildirir:

- İsmayıl müəllim, nə əcəb təlimə məşhur jurnalistlərdən dəvət etməmisiniz?

***

Redaksiyada jurnalist Vəfa Fərəc İsmayıla yaxınlaşıb soruşur:

- İsmayıl müəllim, sizdə olmaz 5 manatı 1 manat eləmək?

***

Həftənin cümə günü, gündüz saat 3-ün yarısıdır. Atilla işə gəlməyib.

Hikmət narahat olub ona zəng edir:

- Nə var, nə yox? İşə gəlmək fikrin yoxdur?

- Bəyəm iş var? Bu gün cümədir, ya şənbə?

***

İmdad Əlizadə Parlament Jurnalistləri Birliyinin keçirdiyi sorğunun nəticələrinə görə “İlin internet jurnalisti” adını qazanır.

Axşam İmdad İsmayıla zəng vurur:

- İsmayıl, indi Vaşinqtonda saat neçə olar?

İsmayıl “Google” axtarış sistemində cavabı tapıb deyir və belə bir əlavə edir:

- Axı sən ilin internet jurnalistisən, özün də axtarış sistemindən tapa bilərdin...

***

İsmayıl təcrübə keçmək üçün redaksiyaya gələn Pərvinə tapşırıq verir. Pərvin də mövzuya uyğun Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova ilə əlaqə saxlayır. Mətbuat katibi sualları yazılı halda elektron poçta yollamağı xahiş edir.

Yollayırlar. Səhər mətbuat katibindən cavab gəlir: “Pərvin xanım, sizə, deyəsən, psixoloq lazımdır, mən bu məsələdə yardım edə bilmərəm”.

Araşdıranda məlum olur ki, psixoloq Günelə gedəcək suallar Tibb Universitetinin mətbuat katibinə göndərilib. Məktub belə başlayırmış: “Bu peşəni necə seçdiniz? Azərbaycanda qadının psixoloq olması asandır, ya çətin?”

***

İsmayıl Avropa Oyunlarına həsr olunmuş tədbirdə idman və gənclər naziri Azad Rəhimovla, o biri gün isə “Startup Azərbaycan” layihəsi tədbirində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşür.

Redaksiyaya qayıdanda kimsə soruşur:

- Hardaydın?

- Harda olacam, nazirlə görüşürdüm.

Oqtay Qorçu replika atır:

- Maşallah, ta nazirlərlə oturub-durursan...

***

Maaş gecikir, pul nə vaxt veriləcək sualı hamını düşündürür. Qarşıdan da İmdadın toyu gəlir. Kimsə deyir:

- Birdən toyacan maaş olmaz, nə edərik?

Atilla:

- Mən İmdaddan soruşmuşam, deyir, pul olmasa, nisyə gələrsən.

***

İş gününün sonudur. Yeganə Hikmətə yaxınlaşır:

- Hikmət müəllim, bizə faks gəlib, çox böyükdür.

Hikmət 2 metr yarım uzunluğu olan faksın başını-ayağını bir yerə yığmağa çalışır, amma bir şey anlaya bilmir:

- Kimdən gəlib?

Yeganə:

- Şabrandan, şikayətçidir.

Hikmət:

- Apar evə. Yığcam bir məlumat halına salarsan.

Yeganə gecə yarıyadək əlləşib yazı hazırlayır. Səhər Hikmətə təqdim etmək istəyəndə redaksiyaya zəng gəlir:

- Salam, bizdən sizə faks göndərilib. Amma səhvən. Biz onu Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinə yollamalıydıq, nəbadə çapa verəsiniz.

***

Hikmət Atilladan soruşur:

- İsmayılın yazısını oxudun?

- Oxudum.

- Nə təhər yazıdır?

- Yaxşı yazıdır.

- Nə başa düşdün?

- Vallah, çox yerini başa düşmədim.

Yazı cəmi 1500 işarədən ibarətmiş.

Topladı: İsmayıl Rafiqoğlu

 

Əhvalatlar (1)

Əhvalatlar(2)

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100