Cəmiyyət

Plüralizmin ünvanı

2014-12-18 - 16:56:00

Natiq Məmmədli
 

“Media forum” saytının 10 yaşı tamam olur. Köhnə kişilərin sözü olmasan, bu on ilin hər ili, ayı, günü gözlərimin qabağında olub. Bu illərin 140 yaşını haqlamış Azərbaycan mətbuatının tarixində öz paradoksları, uğurları və məyusluqları ilə necə iz buraxdığını söyləməyi gələcək nəsillərin çiyninə yükləmək lazım deyil. Hər şey aydındır – sifətinə jurnalist maskası taxanların şivəni də gözümün qabağında olub, sayt bumu adı altında mətbuatın sərhədlərinin qamarlanması da.

2004-2014-cü illər, mənim fikrimcə, müasir Azərbaycan mətbuatının və bütövlükdə ictimai fikrinin keçid dövründən sonrakı mərhələsinə aid edilən mənəvi-psixoloji mühitinin göstəricisidir. Məsələnin başqa tərəfi də var ki, bu, kiminsə gözünə inkişaf, kimin üçünsə başqa cür görünə bilər. Hərə öz arşınını özündə saxlayıb, plüralizmə sadiqliyi meyar kimi götürərsə, on il ərzində hardan hara gəldiyimizə, hansı yolu qət etdiyimizə daha dəqiq qiymət vermək olar.

Düşünürəm ki, hər ili bir sınaq olan 2004-2014-cü illərdə “Media forum” özünü nüfuzlu, həm də nümunəvi media quruluşu kimi doğrulda bilib. Onun nüfuzu sayğac göstəricisi ilə müəyyənləşmir. Nəzərə alaq ki, ölkəmizdə İP yığmaq üstündə “Media forum”un aylıq büdcəsindən dəfələrlə çox pul xərcləyən saytlar var və bu yolda əxlaqi dəyərlərə tüpürən adamlar tapılır ki, utanmazcasına bir-birləri ilə saçyolmaya belə çıxırlar. İmitasiyalar sanki həyat normasına çevrilib, amma latın qrafikası ilə oxuyan adamların hamısı yaxşı bilir ki, arabanın kölgəsini öz kölgəsi hesab edən bu poqonsuz kapitanların sayının çoxluğu hələ ifadə və söz azadlığının səviyyəsinin göstəricisi deyil, daha doğrusu, artıq bizim qulaqlarımıza belə əriştə sırğalar yapışmır.  

“Media forum”un nüfuzu onun sözünün sanbalı ilə ölçülür. Çünki bu saytda yazanlar sinəsi dolu, söyləməyə fikri olan söz adamlarıdır. Cari reytinq efirlərdəki şəbeh proqramları, saytlarda baş alıb gedən erotik görməmişliklə səsləşə bilər, amma mötəbərlik fikir müxtəlifliyinə meydan verməyin səviyyəsi ilə müəyyənləşir. “Media forum”da belə bir meydan var, imkanlarının məhdudluğuna, sərhədlərinin darlığına baxmayaraq belə bir mühiti formalaşdırmaq və ən əsası qoruyub saxlayaraq bu günlərimizə çatdırmaq fədakarlıqdır, bunun başqa adı yoxdur.

İndi internet əsrinin, sosial şəbəkələşmənin inanılmaz sürətlə həyatımıza daxil olması medianın funksionallığına elə təsir göstərib ki, informasiyanın da, dezinformasiyanın da ötürülmə tempi ictimai rəyi dəyişdirəcək qədər artıb. Bu müasir çağırışlara cavab verə bilirikmi? Xəbər resurslarının çoxluğu yalnız statistika üçün cəlbedici səslənə bilər və bu rəqəmlər olsa-olsa mətbuatın formaca nə qədər dəyişdiyinin göstəricisidir. Məzmun, başqa sözlə desək, keyfiyyət haqqında bunları demək çətindir. Heç bir sosial sifariş olmadan media bazarına daxil olan, ictimai əhəmiyyət daşımayan layihələrin reallaşması ilk baxışda rəqabət effektini doğurur. Amma sözün nüfuzlu ünvanına çevrilmək uğrunda rəqabət aparanlar azdır. Deməli, mənzərə aydındır – Azərbaycan dramının növbəti pərdəsi.

Yeri gəlmişkən, Məhəmməd Əmin Rəsulzadə 1911-ci ildə “Mətbuat azadlığı” məqaləsində yazırdı: “Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. …Mətbuat o zaman öz vəzifəsini lazımınca yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Mətbuat azadlığı onun öz işində – yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir”.

Rəsulzadənin sitat gətirdiyim məqaləsi həcmcə də, məzmunca da çox genişdir və o, bu sözləri yazanda nə Xalq Cümhuriyyəti var idi, nə də Azərbaycan adı coğrafi məzmundan çıxıb siyasi anlam kəsb etmişdi. Özü də cəmi 27 yaşındaydı. İndi iyirmi ildən artıqdır müstəqil dövlətimiz var, Azərbaycan yer adı yox, dövlət adıdır, bizim də yaşımız Rəsulzadənin 1911-ci ildəki yaşından neçə bayram çoxdur, bəs onda niyə o kişidən sitat gətirdim? Deməli, millətin maarif çırağını yandıran şəxsiyyətlərin arzuları hələ tam həyata keçməyib. Deməli, plüralizmin sərhədlərini ürəklərdə və beyinlərdə istədiyimiz səviyyədə genişləndirə bilməmişik.

2004-2014-cü illərin hesabatını, ümumi təhlilini aparanda bir tərəfdən də sevinirsən, çünki “Media forum” kimi müxtəlif fikirlərə qucaq açan ünvan var. Belə ünvanların daha da çoxalması arzusu ilə bu nüfuzlu media orqanında çalışan bütün həmkarlarımı təbrik edirəm.

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100