Cəmiyyət

Sabiq “Media forum”çular danışır (Almaz, Amid)

2014-12-15 - 13:14:00

Almaz Mahmud Amid Süleyman
   

“Media forum” saytının 10 yaşı tamam olur. Saytın sabiq əməkdaşları bu münasibətlə ümumi bir sualı cavablandırır: “Media forum”u necə tərifləyər və necə tənqid edərdiniz?

Almaz Mahmud (2006-cı il):

- Təbriklər, təbriklər, yenə də təbriklər.

“Media forum” ölkənin başqa aparıcı saytlarından fərqli olaraq hadisələrin çoxunu operativ vermir. Ola bilsin ki, əməkdaşları azdır, müxbir məntəqələri yoxdur və ya başqa səbəblər var. Amma onun hadisələrə fərqli bir yanaşması da reallıqdır. İşlədiyim vaxtı xatırlayaraq deyərdim ki, tutalım, dünyada və ya Azərbaycanda hansısa bir hadisə baş verib. Hamı xəbəri operativ çatdırmağa çalışır. “Media forum” isə operativliklə kifayətlənmir, hadisənin başqa görünməyən tərəflərini araşdırır və çox qısa bir vaxtda həmin araşdırma sayta yerləşdirilir.

Özünəməxsus üslubu ilə fərqlənən “Media forum” balansı qoruyur, jurnalist etikasına ciddi əməl edir. Bunu digər yerli saytlarda ya az görürük, ya da heç görmürük. “Media forum”un soyuq xəbəri isti xəbərə çevirmə vərdişi də var. Amma informasiya sarıdan kasadlıq görürəm və buna görə sayta hər gün deyil, həftədə dörd-beş dəfə baxıram.

“İnternyus”dakı layihəmizin vaxtı başa çatdığı üçün “Media forum”da 4 ay işlədim. Azəri “Media forum”dan əvvəl tanımışam. Amma Elcan müəllimi, Tariyeli “zirzəmi”də (o zaman redaksiya yarımzirzəmidə qərar tutmuşdu) tanıdım və onları çox sevdim, sonra İsmayıl da gəldi və 4 aydan sora bu dörd “nəhəng” “Media forum”çu məni “itirdi”.

Amid Süleyman (2012-2014-cü illər):

- “Media forum” ailəsinə iki il öncə qatılmışdım, üç ay olar ayrılmışam. Ayrılsam belə, yenə də özümü hər zaman bu ailənin bir üzvü hesab etmişəm.

“Media forum”a ilk gəlişimdə mənə tapşırılan iş saytın xəbərlərini sosial şəbəkələrdə yaymaq idi. Bir müddət sonra Azər Qaraçənli məni özümü jurnalist kimi sınamağa dəvət etdi. Öncə tərəddüd etdim, həvəssiz yanaşdım. Bir müddət sonra isə işimi sevməyə başladım, mənə ictimai-siyasi mövzularda xəbərlər işləməyi həvalə etdilər. Azər Qaraçənlinin, Hikmət Sabiroğlunun sayəsində özümü jurnalist kimi sınadım, peşman olmadım. Azər bəyin məsləhətləri, Hikmət bəyin tənqidləri və məsləhətləri, Alya Yaqublu, İmdad Əlizadə, Kamilə Məhərrəmlinin həvəsləndirici fikirlərindən dərs alaraq həyatımda yeni bir səhifə açdım, təcrübə qazandım.

Sadaladıqlarıma görə tam əminliklə deyə bilərəm ki, 10 yaşı olan bu sayt ancaq tərifə layiqdir. “Media forum”u tənqid etməyi mümkünsüz hesab edirəm.

Orda olduğum müddətdə dəyərli insanlar tanıdım, yaxşı dostlar qazandım.

“Media forum” ailəsinə uğurlar diləyir, düşdükləri çətinlikdən tezliklə çıxmağı arzu edirəm. Hər zaman yazın, yaradın, daha böyük uğurlara imza atın, media holdinq olacaq qədər böyüyün. Yüz yaşayın!

 

Sabiq “Media forum”çular danışır (Elcan, Tariyel)

Sabiq “Media forum”çular danışır (Alya, Könül)

Sabiq “Media forum”çular danışır (Elnur, Elkin)

Sabiq “Media forum”çular danışır (Ülkər, Kamilə)

Sabiq “Media forum”çular danışır (Azər, İsmayıl)

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100