Cəmiyyət

Sabiq “Media forum”çular danışır (Azər, İsmayıl)

2014-12-12 - 14:00:00

Azər Hüseynbala İsmayıl Rafiqoğlu
   

“Media forum” saytının 10 yaşı tamam olur. Saytın sabiq əməkdaşları bu münasibətlə ümumi bir sualı cavablandırır: “Media forum”u necə tərifləyər və necə tənqid edərdiniz?

Azər Hüseynbala (2007-2008-ci illər):

- Azərbaycan mediası indi sözün həqiqi mənasında ciddi sınaqla üz-üzə qalıb. Zamanın sınağından keçən çox az media quruluşu var. Bunların arasında “Media forum”un xüsusi yeri var, tərəddüd etmədən deyərdim ki, ilk sırada.

Məclislərdə hörmətli qonağı başda oturdurlar. “Media forum” media ilə bağlı bütün məclislərdə başda olası saytdır. Sözün həqiqi mənasında müstəqil, sözlə alver etməyən bir-iki media orqanı varsa, yenə birinci sırada mütləq “Media forum” gəlir.

Mən 1990-cı ildən bəri saysız-hesabsız media orqanında işləmişəm. Bəxtim gətirib ki, işlədiyim hər media orqanı o zamanın ən sayılan-seçilən, sözə və jurnalistə dəyər verən yer olub. Amma “Media forum”da işləmək, mənim fikrimcə, ayrı hörmətdir. “Harada işləyirsən” sualına “Media forum” saytında” cavabını vermək kifayətdir - siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs sənə hörmətini etiraf edəcək.

Orada işləmək həm də ona görə hər kəsə hörmət gətirir ki, Azər Qaraçənlisi var, Hikmət Sabiroğlusu, İmdadı var... Oradan kimlər gəlib keçməyib? “Media forum”da bir ay da işləmək hər jurnalistin tərcümeyi-halına ömürlük şərəflə yazılacaq bir tarix olacaq.

Dostlar, 10 yaşınız mübarək! Cənublu qardaşımız Atilladan muğayat olun!

İsmayıl Rafiqoğlu (2005-2014-cü illər):

- “Media forum” saytı Azərbaycan internet mediasında yaranan ilk peşəkar xəbər saytıdır. Ondan öncə yalnız Day.az vardı, o da rus dilində yayımlanırdı. “Media forum”un keçdiyi yol ölkənin internet jurnalistikasının inkişafı ilə paraleldir.

Sayt yarandıqdan bir il sonra bura işə gəlmişəm, baş verən hər bir proses gözümün önündədir. Həmişə deyirdim, istənilən “Media forum”çü özü bir saytı idarə edə bilər, çünki burada həmişə peşəkar standartlar qorunub, etik normalar gözlənib. Hazırlanan hər material həmişə bir neçə əldən keçib, dəfələrlə yoxlanıb, dəqiqlik, qərəzsizlik vacib sayılıb.

Yararsız işçilər də olub, heç bir fayda verməyən. Amma saytın rəhbərliyi heç kimə “çıx get” deməyib. Heç jurnalistikaya həvəsi olmayan, qabiliyyəti çatmayan insanlar da burada ən azı ortabab jurnalist kimi formalaşa biliblər.

Potensiallı jurnalistlər isə daha çox olub. “Media forum”da hər adam da davam gətirməyib. İşçi olub, bir qədər gəlib, sonra deyib işləmək çətindir, tələb çoxdur, mən bacarmıram. “Media forum”un baş redaktoru Azər Qaraçənli öz adına bayram günləri hər hansı şirkətdən gələn hədiyyəni açmadan işçisinə verə bilən bir insandır deyə illərlə ətrafında ən güclü jurnalistləri qoruyub saxlaya bilib. Həm baş redaktor, həm də baş redaktor müavini Hikmət Sabiroğlu əməkdaşa münasibətdə ədalətli olmaq prinsipini gözləyiblər. Əgər teatr, kino, ziyafətə dəvət, təlim, xarici ölkəyə səfər olubsa, növbəlilik prinsipi gözlənib. Hamıya yararlanmaq təklif edilib. Ən çətin vəziyyətlərdə belə doğru qərar verilib. “Media forum”a kənardan təmənnasız yazı vermək istəyi həmişə olub, başqa yerdən qonorar güdən çox insan burada sadəcə yazılarının getməsini istəyib. Bunu anlamaq asan deyil, amma bu belədir.

Azər Qaraçənli hər əməkdaşın uğurunu öz uğuru sayıb, əgər saytdan kimsə jurnalist müsabiqəsinə qoşulmaq qərarı verirdisə, onun yazısı daha çox diqqətə alınırdı. Hər xırda detal müzakirə edilirdi. Yəni “Media forum” əməkdaşlarının müsabiqələrdə qazandığı mükafatın çoxu məhz buna bağlıdır.

Saytın çətinliyi də az olmayıb. Peşəkar standartlar zamanın sürəti ilə ziddiyyətdə olub. Gündəmi dəyişən çox xəbər elə bizdə olub, amma onu yoxlayınca, düzəldincə vaxt ötüb, digər saytlar bizi qabaqlayıb. Saytda hazırlanan materiallar heç dəqiqə ötmədən başqa saytlarda yayılır, çox vaxt da istinadsız. Bu işin dalınca düşməyə, araşdırmağa gücümüz olmayıb.

“Media forum” xəbər hazırlamaqda peşəkar olub, amma xəbəri yaymaqda çətinlik çəkib, daha doğrusu, bununla yaxşı məşğul olan olmayıb. Sosial şəbəkədə yayılmaq, axtarış sistemlərində görünmək imkanları az düşünülüb. Saytda dəyişikliyə meyl həmişə az olub, zaman irəli gedib, mühafizəkar “Media forum” o tendensiyanı kifayət qədər duya bilməyib, yerləşən materiala 1000 giriş olubsa, başqa platformalar onu götürüb 30000 girişə qədər yayıblar.

Baş redaktor Azər Qaraçənlinin demokratik, liberal dəyərlərə qiymət verməsi bəzən işinə biganə yanaşan əməkdaşlara meydan açıb. Kimsə işdən yayınıb, kimsə öz işini görmək istəməyib, yük də elə baş redaktorun, əsas komandanın üstünə düşüb. Amma maraqlıdır, belə tip əməkdaş az olub, mənə elə gəlir, olanı da belə hərəkətindən vicdan əzabı duyub. İşdən yayındığı kimi də bir xeyli faydalı məhsul da yaradıb.

“Media forum”un mahiyyətində olan təmənnasızlıq, ictimai hadisələrə marağın birinci yerdə olması saytın öz problemlərinin həllini həmişə ikinci yerə keçirib. Hazırda bazarda çoxlu sayt var, öz maraqlarını birinci edirlər deyə maliyyə imkanları da boldur.

“Media forum”un isə maliyyəsi həmişə az olub, bu da bir çox vacib məsələnin həllini sonraya keçirib. Gəlir ideyası, reklam əldə etmək həvəsi birinci olmayıb, əvvəl ictimai maraqlar, jurnalistika olub, sonra isə başqa işlər. Gəlir də olmasa, layihəni inkişaf etdirmək çətindir. Onda yalnız başını qoruyub saxlamağı düşünürsən.

Sabiq “Media forum”çular danışır (Ülkər, Kamilə)

Sabiq “Media forum”çular danışır (Elnur, Elkin)

Sabiq “Media forum”çular danışır (Alya, Könül)

Sabiq “Media forum”çular danışır (Elcan, Tariyel)

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100