Cəmiyyət

Sabiq “Media forum”çular danışır (Ülkər, Kamilə)

2014-12-11 - 12:11:00

Ülkər Bəkirli Kamilə Məhərrəmli
   

“Media forum” saytının 10 yaşı tamam olur. Saytın sabiq əməkdaşları bu münasibətlə ümumi bir sualı cavablandırır: “Media forum”u necə tərifləyər və necə tənqid edərdiniz?

Ülkər Bəkirli (2009-2011-ci illər): 

- Artıq üç ildir “Media forum” mətbəxindən kənardayam. Amma inandırım ki, çox səhərimi xəyalən redaksiya planlaşdırması ilə açıram. O zamanlar bu prosedurun təkrarlanmasından xoşlanmasam da (səriştəsizliyimdən dolayı), indi planlaşdırmanı düşünmək belə səhərimə xoş ovqat gətirir.

O media orqanında ki, bu 10 il ərzində Hikmət Sabiroğlu, Azər Qaraçənli, Alya Yaqublu, Aynur Mirhəsən (İmanova), Könül Şamilqızı, İsmayıl İsmayılov, İmdad Əlizadə və adını qeyd edə bilmədiyim, mətbuatımızda kifayət qədər ciddi izlər buraxmış qələm sahiblərinin zehni, diqqəti, məsuliyyəti və çətin zəhməti nəticəsində işıqlandırılmış informasiyalar yerləşdirilib, tənqidi mənə düşməz. Sözsüz, çatışmazlığı olmayan, ideal əsər yoxdur.

Mən o mətbəxdə hər bir sözün, cümlənin necə məsuliyyətlə incələnərək oxuculara təqdim olunduğunun şəxsən şahidiyəm. Bu, bir media orqanının ilk olaraq oxuculara, sonra isə imzaya qoyulan hörmətidir ki, “Media forum”u buna görə təbrik etməliyik. Daim dolğun informasiya, balanslaşdırılmış xəbər və intervülər, yüksək səviyyədə redaktədə edilmiş yazılar təqdim edən “Media forum” mənim timsalımda bir çox yeni qələm tutan jurnalist həmkarıma gözəl məktəb olub.

Zamanımız “Media forum”la axsın və daha neçə onillikləri yalnız uğurları xatırlayaraq qeyd edək.

Kamilə Məhərrəmli (2011-2013-cü illər):

- Doğma sayt “Media forum”u 10 yaşı münasibətilə təbrik edirəm. “Media forum” məktəbi keçdiyi üçün özünü şanslı sayan müxbirlərdən biri də mənəm.

Saytı tənqid etmək mənim üçün bir qədər çətin olacaq. Haqqında deyəcəyim müsbət fikirlər isə tərif yox, həqiqətdir.

Bu məktəb öncə əməkdaşlarına dəqiq və tərəfsiz olmağı aşılayır. Çalışdığım iki il ərzində saytda hər hansı bir xəbərin təkzib olunduğunu xatırlamıram. Çünki materiallar sayta yerləşdirildikdə tam araşdırılır, hərtərəfli öyrənilirdi. Tərəfsiz, qərəzsiz, dəqiq olmaq “Media forum”un devizidir.

Sayt rəhbərliyi əməkdaşların təhlükəsizliyini öz təhlükəsizliyindən üstün tutur. Bu isə mətbuata ilk addımlarını atan gənclərə qəribə gəlir. Başıma gələn bir hadisə məni çox qəzəbləndirmişdi. 2012-ci ilin noyabr, ya da dekabr ayı idi. İctimai Palata sanksiyasız mitinq təyin etmişdi və mən həmin mitinqdə müxbir kimi iştirak etmək istəmişdim. Təxminən iki saat yarım saytın baş redaktoru Azər Qaraçənli ilə mübahisə etmişdik. Mənə güvənmədiklərini, onları yarıtmayacağımı düşündüklərini zənn edirdim. Onlarsa həmin aksiyanın təhlükəli olduğunu və mənə hər hansı bir xəsarət dəyəcəyindən narahat olduqlarını deyirdilər.

Uzun çəkən mübahisədən sonra aksiyaya getdim və orada polis dəyənəyi üzümə dəydi. Elə onda Azər müəllimin nə demək istədiyini anlamışdım, amma onlara bu barədə heç nə deməmişdim. Çünki bilsələr, məni sonralar elə aksiyalara getməyə qoymayacaqdılar.

Gənc və səbirsiz müxbirləri narahat edən isə hazırladıqları materialların sayta bir qədər gec yerləşdirilməsi idi. Bu da dəqiqləşdirmə əməliyyatının tam başa çatması ilə bağlı olan bir məsələdir.

Qeyd etdiyim kimi, sayt barədə tənqid yazmaq çətin məsələdir. Ona görə də fikirlərimi burada tamamlayıram.

“Media forum”un rəhbərliyinə və əməkdaşlarına uğurlar arzu edirəm. Keçdikləri ağır dönəmi tezliklə arxada qoyub hələ neçə illər yazıb-yaratmağı, oxucuları maarifləndirməyi, onları yalansız xəbərlərlə təmin etməyi arzulayıram. Oxucusu bol olsun!

 

Sabiq “Media forum”çular danışır (Elcan, Tariyel)

Sabiq “Media forum”çular danışır (Alya, Könül)

Sabiq “Media forum”çular danışır (Elnur, Elkin)

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.