Cəmiyyət

Sabiq “Media forum”çular danışır (Elnur, Elkin)

2014-12-10 - 13:06:00

Elnur Hadıyev Elkin Xəlilov
   

“Media forum” saytının 10 yaşı tamam olur. Saytın sabiq əməkdaşları bu münasibətlə ümumi bir sualı cavablandırır: “Media forum”u necə tərifləyər və necə tənqid edərdiniz?

Elnur Hadıyev (2009-2011-ci illər):

- “Media forum”da tələbə olarkən təcrübə keçdim, 2 ilə yaxın işlədim. Onda başa düşdüm ki, “Media forum” təkcə informasiya portalı yox, həm də jurnalistika məktəbidir. Gənc, öyrənmə mərhələsində olan jurnalistlər üçün çox əlverişli redaksiyadır. Bu ilk növbədə sayt kollektivinin səmimiyyət və mehribançılığından, redaktorların əsl ziyalılar, peşəkar jurnalistlər olmasından irəli gəlirdi. Nə qədər vaxt çatışmazlığı olsa da, Hikmət müəllim, Azər müəllim, İsmayıl müəllim gənc jurnalistlərə hər gün yeni bir şey öyrətməyə çalışırdılar. Hətta Hikmət müəllim tələbələrə ustad jurnalistlərin kitablarını verirdi ki, evdə oxusunlar. Mənə də oxutdurduğu kitablar yadımdadır... 

“Media forum” hadisələrə yanaşmasında, onların işıqlandırılmasında kiçik komanda ilə həmişə operativ olub. Jurnalistika prinsipləri burada maksimum qorunub. Saytda mövzu rəngarəngliyi var. Burada operativ xəbərlərdən əlavə sosial mövzular, araşdırmalar, analitik materiallar, insanların hüquq və azadlıqları ilə bağlı məsələlər, eyni zamanda media sahəsində çalışanları narahat edən məqamlara xüsusi diqqət yetirilir. Sayt oxucu toplayım deyə şou ilə reytinq qazanmağa çalışmayıb, həmişə peşəkarlıq sərgiləyib.

“Media forum”da gedən hər hansı bir faktın, hadisənin təkzib olunduğunu eşitməmişəm. Orada tezlik xətrinə keyfiyyətin, dəqiqliyin üstündən keçmirlər. Kəmiyyətlə yanaşı keyfiyyətə də xüsusi önəm verilir. Hər hansı fakt və ya informasiya tam dəqiqləşdikdən sonra saytda yerləşdirilir. Bu sayt təkcə sadə oxucular üçün yox, həm də digər sayt və qəzetçilər üçün etibarlı informasiya mənbəyidir.

Bu gün istər çap mediasında olsun, istərsə də elektron mediada dilin normalarının kobudcasına pozulmasına tez-tez rast gəlirik. “Media forum”da yayımlanan materiallarda bu məsələlərə çox diqqət yetirilir. 

Tənqidə gəldikdə, həqiqətən “Media forum” haqqında tənqid demək çətindir. Ona görə yox ki, orada işləmişəm, orada jurnalistika dərsi almışam. Sadəcə olaraq bu sayt, qeyd etdiyim kimi, ziyalı insanların, jurnalistikada kifayət qədər təcrübəsi olan adamların rəhbərliyi altında fəaliyyət göstərir. Həm də bu insanlar öz səhvlərini görməyi, özlərini tənqid etməyi bacaran insanlardır.

Amma yenə çalışıram bu barədə nəsə tapım. Onu deyə bilərəm ki, “Media forum”çular həddən artıq təvazökardırlar. Gördükləri işi, qazandıqları uğurları olduğundan aşağı təqdim edirlər. Məsələn, bəzi informasiya agentlikləri, saytlar qarışqa boyda işi fil qədər böyütməyə çalışır. Ancaq “Media forum”da belə deyil. Heç olmasa özünü olduğu kimi təqdim etməlidir, məncə. Ən azından informasiya bolluğu şəraitində rəqabət aparmaq üçün, öz yerini qorumaq üçün bu lazımdır. Bəlkə də elə buna görədir ki, “Media forum” 5 illiyini qeyd edəndə indikindən reytinqli görünürdü. İnformasiya portalı kimi ölkədəki sayt və agentliklər arasında ilk üç yerdən birində qərarlaşırdı, bəzən də birinci istinad yeri olurdu.

Bir də onu əlavə edə bilərəm ki, saytın dizaynında, görünüşündə dəyişiklik az hiss olunur. Deyək ki, 5 il bundan qabaq necə idisə, indi də elədir, təbii ki, kiçik fərqlər istisna olunmaqla. Bu bir yandan yaxşıdır, oxucuların yaddaşında daha rahat qalır. Ancaq digər tərəfdən də müəyyən vaxtdan sonra saytın baş səhifəsinə əlavə və dəyişikliklər etmək olar.

Bir daha “Media forum”un bütün kollektivini təbrik edirəm. Onlara bol-bol uğurlar, yeni-yeni nailiyyətlər və uzun ömür arzu edirəm. Həmişə var olasız.

Elkin Xəlilov (2010-2012-ci illər):

- “Media forum” mənim üçün məktəbdir. İndiyə qədər ən peşəkar kollektivi bu saytda görmüşəm. Bu sayt həm də bir ailə kimidir. Hər media quruluşunda bu kimi ənənələr yoxdur.

“Media forum”da ağlına nə gəldi oturub yaza bilməzsən. Əlində olan material faktlara əsaslanmalıdır. Qarşı tərəfin fikirləri önəmlidir.

“Media forum”da tənqid olunası ən əsas məsələ isə xəbərlərin gecikməsidir. Bəzən özəl xəbərlər belə bu saytda gecikir. Bir yazı iki-üç redaktorun əlindən keçir, hətta durğu işarələrinə belə dəfələrlə baxırlar. Məncə, bunu aradan qaldırsalar, daha yaxşı olar. Müasir texnoloji imkanlar ona şərait yaradır ki, xəbər sayta çıxandan sonra da girib onun içində bəzi düzəlişlər aparmaq olar.

Ümumilikdə isə “Media forum”un kollektivini təbrik edirəm, işlərində uğurlar arzulayıram.

 

Sabiq “Media forum”çular danışır (Elcan, Tariyel)

Sabiq “Media forum”çular danışır (Alya, Könül)

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100