Cəmiyyət

Sabiq “Media forum”çular danışır (Alya, Könül)

2014-12-09 - 13:46:00

Alya Könül Şamilqızı
   

“Media forum” saytının 10 yaşı tamam olur. Saytın sabiq əməkdaşları bu münasibətlə ümumi bir sualı cavablandırır: “Media forum”u necə tərifləyər və necə tənqid edərdiniz?

Alya (2009-2014-cü illər):

- Əvvəla, sualdakı bu “sabiq” sözünü tam olaraq qəbul eləmirəm, çünki emosional anlamda hələ “Media forum”dan uzaqlaşmamışam. Bilmirəm, bu yaxşıdır, yoxsa pis, amma belədir - Azər Qaraçənlini, Hikmət Sabiroğlunu, İmdad Əlizadəni və kollektivin digər üzvlərini iş yoldaşlarım kimi görürəm, bir il əvvəlki qədər doğmadılar mənə.

“Media forum” mənimçün xəbər istehsal edən iş yerindən daha çox hər kəsin qayğı və sayğı gördüyü, hər cür intriqalardan, kin və qəzəb partlayışlarından uzaq bir ada anlamı daşıyır. Rəhbər və işçi bölgüsünün bu qədər minimum səviyyədə olduğu ikinci bir iş yeri tanımıram. Baş redaktor Azər Qaraçənli Azərbaycanda bütün eqolarını aşmış ilk vəzifəli şəxsdir mənim nəzərimdə. Bu çox səbirli və çox təvazökar adamla bir yerdə işləmək sadəcə zövqdür.

Tənqidə gəlincə, burda bu barədə nəsə yazmağı düzgün hesab eləmirəm, necə deyərlər, evin sirrini çölə çıxarmazlar. Nə sözüm olubsa, planlaşdırmalarda demişəm.

Yubileyiniz mübarək, dostlar!

Könül Şamilqızı (2009-2010-cu illər):

 - Həyatımın ən çətin dövrlərindən birində “çox pul verə bilmirik, amma, əlbəttə, yazmağını istəyirik” deyə səmimi bir şəkildə mənə qapılarını açan, yaddaşımda heç bir neqativ izi olmayan, hüzurla xatırladığım və bu gün də sözümün-nazımın keçdiyi, “pulsuz, amma qürurlu” iş yerimdir “Media forum”. 

Azərbaycanda yersiz eqolardan və “üstünlük” sübut etmə cəhdlərindən uzaq, insani dəyərlərin itmədiyi, hər fikir ayrılığının səs yüksəltməyə ehtiyac qalmadan, normal şəkildə ifadə edilə bildiyi, rəhbərlərin çox rahatca tənqid edilə bildiyi, işçinin şəxsiyyətinə, mövqeyinə, seçimlərinə hörmət qoyulan çox az saydakı iş yerlərindən biridir həm də.

Bu hüzurlu, sayğılı, səmimi ortamın memarları isə, heç şübhəsiz, tanıdığım ən təmkinli, ən ədalətli insanlardan olan Azər Qaraçənliylə tanıdığım ən həssas, ən gözəl ürəkli insanlardan olan Hikmət Sabiroğludur. Ən təcrübəsiz əməkdaşını belə son dərəcə diqqətlə, sayğıyla dinləməyi, ən böyük görünən problemləri belə danışaraq həll etməyi bacaran Azər Qaraçənlinin soyuqqanlılığı, ədaləti; insanın içindən keçəni üzündən oxuyan, üzülənin dərdinə, sevinənin sevincinə ortaq olan Hikmət bəyin həssasiyyəti, qayğısı, diqqəti sayəsində “Media forum” digər iş yerlərindən, digər redaksiyalardan fərqlidir.  

“Media forum” insana münasibətdə də, xəbərə münasibətdə də ədalətlidir, soyuqqanlıdır, həssasdır, diqqətlidir. Bunun üçün də çox dəyərlidir… 

Sualın “Media forum”u necə tənqid edərdiniz” hissəsini cavabsız qoymaq istəyirəm. Çünki mən “Media forum”un tənqid olunası tərəflərinin “Media forum”un qüsuru olduğunu düşünmürəm. “Media forum” normal ölkədə, normal şəraitdə hər bir jurnalistin çalışmaq istəyəcəyi, çalışmaq istəyənin həm xəbər adına, həm insanlıq adına bir şeylər öyrənə biləcəyi çox az sayda media orqanlarındandır.

“Media forum”a və “Media forum”çulara normal ölkədə, normal şəraitdə çalışmalarını arzulayıram. Sizi sevirəm!

Sabiq “Media forum”çular danışır (Elcan, Tariyel)

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100