Cəmiyyət

Sabiq “Media forum”çular danışır (Elcan, Tariyel)

2014-12-08 - 13:53:00

 
Elcan Məmmədov Tariyel Calallı  
     

“Media forum” saytının 10 yaşı tamam olur. Saytın sabiq əməkdaşları bu münasibətlə ümumi bir sualı cavablandırır: “Media forum”u necə tərifləyər və necə tənqid edərdiniz?

Elcan Məmmədov (2004-2005-ci illər):

- Sevimli “Media forum”, öncə yubileyinizi təbrik edirəm!

Sualınızın məzmununa tənqidi yanaşıram, çünki şəxsən məni çətinə saldınız.

Yaxşı, siz deyən olsun! Amma ondan başlayım ki, sizin və bizim 10 yaşa çatmağımız xəbərini bir az həyəcanla qarşıladım, yaşa dolduğumu hiss etdim, bu hissi həmişə özümdən qovurdum.

Nə isə, keçək əsas məsələyə, tənqidlərə və təriflərə...

Ana səhifəniz - çox rahat, əsəb yaratmayan, oxunaqlı bir ana səhifədir, oxucu şok yaşamadan rahatca özünə bir stəkan çay və ya qəhvə süzüb “səyahətə” başlaya bilər.

Saytın “Xəbərlər” bölməsi də onun kimi, yəni oxucu stress keçirmədən, sağlam şəkildə bu xəbərlərin nə demək istədiyini təhlil edə bilər, onların aktuallıq baxımından ardıcıllığı isə jurnalistika fakültəsinin tələbələri üçün bir tədris vəsaitidir.

“Bölgə” - burada ilişdim, yəni bölgə tək İranmı?

“Siyasət” - bəyəndim.

“Cəmiyyət” - çoxlu tanış sima...

“Hüquq” - çox aktual mövzular seçilir.

“Araşdırma” bölməsi, deyəsən, dostum Bəkir Nərimanoğlunun inhisarındadır.

“Sosial” - yüksək səviyyədə.

“Ədəbiyyat” - olduğu və göründüyü kimi (maraqlı).

“Foto” - bir az mənə aydın olmadı bu bölüm.

“Video” - məncə, bu bölümü daha maraqlı etmək olar.

İndi bilmirəm təriflədim, yoxsa tənqid etdim.

P.S. “Media forum”da jurnalist kimi bir il fəaliyyət göstərmişəm. Amma mənim üçün o bir il 10 ilə bərabər idi.

Tariyel Calallı (2004-2007-ci illər):

- “Media forum” saytını 10 illiyi münasibətilə təbrik edirəm. Yadıma gəlir, saytı internetdə oxucuların istifadəsinə verdikdən sonra, 2004-cü il dekabrın 28-də Azər, Elcan müəllim və mən bunu balaca bir kafedə qeyd etdik və aramızda belə bir zarafat da etdik ki, “Media forum” bizim körpəmizdir, artıq həyata qədəm qoydu, indi gərək onu böyüdək, məktəbə yola salaq.

10 il keçdi və sayt onun bünövrəsinə qoyduğumuz prinsiplərə indi də sadiqdir. Sayt öz peşəkarlığını qoruyur, obyektiv və balanslı məlumat verir, informasiyanı tez yaymaq prinsipi ilə deyil, dəqiqləşdirib ortaya çıxarmaq prinsipi ilə çalışır.

Kimsə razılaşmaya da bilər, amma ölkədə Azərbaycan dilində ilk onlayn redaksiya “Media forum”dur. “Media forum”a qədər bəzi qəzetlərin saytları var idi, amma onlar onlayn redaksiya kimi deyil, qəzetdə gedən materialların saytda yerləşdirilməsi üsulu ilə çalışırdılar. “Media forum” isə ilk dəfə onlayn redaksiya kimi fəaliyyətə başladı. “Media forum”u yeni medianın “Əkinçi”si adlandırırlar və məncə, bu, şişirtmə deyil. Yəni “Media forum” həqiqətən bir məktəb oldu, Azərbaycana onlayn jurnalistikanın prinsiplərini və çalışma sistemini gətirdi. Saytın ən güclü tərəfi peşəkarlığı və öz prinsiplərinə, ənənələrinə sadiqliyidir.

“Media forum”un zəif tərəflərinə gəldikdə, məncə, bu, saytın redaksiyasının innovatorluqdan, yeniliklərdən bir qədər geri qalmasıdır. Məsələn, biz saytı yaratdığımız elə ilk aylarda gördük ki, fotoreportajlara böyük maraq var və ayrıca “Fotoreportaj” bölümü yaratdıq, aksiyalardan, mitinqlərdən fotoreportajlar hazırladıq.

Sonra Güney Azərbaycan mövzusuna marağın artdığını gördük və saytda xüsusi bölmə yaratdıq, güney xəbərlərini yayımladıq. Sonra ədəbiyyata olan marağı görüb “Ədəbiyyat” rubrikasını yaratdıq.

Təəssüflər olsun ki, son 4-5 ildə saytda müxtəlif layihələr həyata keçirilsə, bəzi yeniliklər edilsə də, nəyə görəsə onlar əvvəlki kimi effektiv deyil. Yəni sayt öz yenilikçilik ruhunu bir qədər itirib və bu da, görünür, həm maliyyə, həm də insan resursları ilə bağlıdır.

Arzum budur ki, “Media forum” saytı bütün çətinliklərə baxmayaraq öz fəaliyyətini davam etdirsin və yeni zirvələrə çatsın!

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100