Cəmiyyət

“Burada tənbəl üsluba yer yoxdur”

2014-11-14 - 18:51:00

“Media forum” saytının baş redaktoru Azər Qaraçənlinin saytın gənc əməkdaşı Yeganə Oqtayqızı ilə müsahibəsi

   

- Yeganə, Azərbaycanda jurnalistika sahəsində vəziyyəti dəyişmək üçün səndən üç təklif istəsəydilər, hansı təklifləri irəli sürərdin?

- Azərbaycanda televiziya, radio, qəzet və internet mediası sahəsində dəyişiləsi çox şey var. Dövlət qurumlarının jurnalistlərə aşağıdan yuxarı baxmamasını, yeni gələn jurnalistlərə münasibətin sərt olmamasını təklif edərdim.

Yerli televiziya kanallarımız ixtisaslaşsa yaxşı olardı. Yəni bizdə də hər sahəni əhatə edən televiziya kanalları olsun. Çünki televiziya və radionun aşdığı sərhədləri bəzən nə qəzet, nə də internet mediası qət edə bilir. Bizdə bütün sahələr bir kanalda əhatə olunur və ya buna cəhd edilir. Nədənsə yerli televiziya kanalları deyəndə ağıla tamaşaçı auditoriyası evdar xanımlar olan bir məkan gəlir. Bir də görürsən hansısa ailənin durumunu ortalığa qoyub müzakirəyə başlayırlar. Hamı bir ağızdan danışır, bir ağızdan susur, bir ağızdan da sual verir. Nəyisə həll etsələr dərd yarı olar, amma...

Bu yaxınlarda Azərbaycanda cəbhə bölgəsində aktivlik müşahidə olundu. Xarici kanallar canlı efirini ölkəmizdə gedən prosesə yönəltmişdi, bizimkilər isə yayımladıqları xarici filmləri belə dayandırmadılar. Fikirlərimin yanlış anlaşılmasını istəmirəm, telekanallarda yayımlanan verilişlərə qarşı da deyiləm. Hər sahənin öz auditoriyası var. Amma ictimai, siyasi, iqtisadi, ekoloji, hətta şou xəbərlərini əhatə edən ayrıca kanalların olmasının nəyi pis olar?

- Bizdə sahə telekanalları – “Mədəniyyət” və “İdman Azərbaycan” kanalları var. Sahə kanallarının yaradılmasını problemin həlli kimi təklif edirsən. Bu iki kanalın mövcudluğu sənin dediyini təsdiqləyirmi ki, sahə kanallarının olması problemdən çıxış yoludur?

- Güman etmirəm sahə kanallarının olması problemdən çıxış yoludur. İstər “Mədəniyyət” kanalı olsun, istərsə “İdman Azərbaycan” kanalı – AzTV-dən fərqlənmir. Sahə kanallarının olması ilə yanaşı, onlara bir az da azadlıq, sərbəstlik verilməlidir. Mədəniyyətimiz korifeylərlə, muğamlarla məhdudlaşmamalıdır, nə də şoumenlərə təslim olmalıdır. Eləcə də idman. Bu sahədə futboldan başqa idman növü yoxmuş kimi bir təəssürat formalaşıb. Ən azından hər kəsin evində məşğul ola biləcəyi gündəlik idman proqramları yayımlanmalıdır. Məncə, sahə telekanalları formatına uyğun fəaliyyət göstərmir. Böyük kollektivləri olan bu kanalların hədəfi gündəlik xəbərlər və hər kəsin iştirak edib işıqlandıra biləcəyi tədbirlər olmamalıdır.

- Mətn, səs, foto, video. Səncə, bunların hansıyla işləmək insanın jurnalist kimi yetişməyinə daha çox kömək edir? Yoxsa bir fərqi yoxdur?

- Məncə, yaxşı jurnalist ola bilmək üçün hər şeyə maraq göstərmək lazımdır. Mətn, səs, foto, video – bunlar jurnalistikanın bir bölməsidir, sadəcə təsir dairələri fərqlidir. Fotojurnalist də informasiya verir, sözlə deyil, görünən obrazlarla. Səs, videosüjet, mətn də informasiya verir. Jurnalist kimi yetişməkdə hədəf çoxşaxəlidir. Öncə media quruluşlarında staj keçməlisən. Zamanla insanda həqiqəti tapmaq və çatdırmaq, müşahidə, danışıq qabiliyyəti, sürətlə düşünmək, qərar vermək, ümumiləşdirmək, faktı toplamaq və təhlil etmək və başqa bu kimi bacarıqlar formalaşır. Burada tənbəl üsluba yer yoxdur. Bu fəaliyyətlərin hamısı peşə həyatının uğurlu başlanğıcı ola bilər.

- Jurnalist müsahibinə sualları mövzuya uyğun ardıcıllıqla verməlidir, yoxsa bir mövzudan qəfil başqa mövzuya keçmək də olar? Məsələn, jurnalistikadan danışdığımız yerdə qarışqalardan, ya da astronomiyadan sual verə bilərəmmi, yoxsa bunu birdən-birə etmək olmaz, mütləq nəsə bir döngə verməliyəm?

- Hər kəsin öz təcrübəsinə əsaslanan üsulu var. Kiməsə rahatdırsa və uğurlu alınırsa, niyə də bu metodu tətbiq etməsin?! Müsahibəyə necə başlamaq və necə davam etməyin konkret forması olmasa da, sınaqdan çıxmış bəzi qaydalara əməl etməyin faydası var. Müsahibəyə hazırlaşan jurnalistə müsahibənin predmeti, müsahib və suallar bəllidir. Bu proses jurnalistdə söhbətin gedişi barədə əvvəlcədən təsəvvür yaradır. Müsahibə haqqında müəyyən planı olan jurnalist suallarında qəfil dönüşü niyə etsin? Müsahibədə qəfil manevrlər edərkən ehtiyatlı olmaq lazımdır. Bu həm jurnalist, həm də müsahib üçün uğursuz nəticələnə bilər. Həmsöhbətinizin maraq dairəsi ilə sizin maraq dairəniz eyni ola bilməz, yaxud müsahib sizi ciddi qəbul etməyə bilər. Sizə asan görünən mövzu ona çətin ola bilər, yaxud da əksinə. Mövzudan-mövzuya keçmək jurnalistin məharətindən asılıdır. Bacardığın qədər bunu sərt və qabarıq formada yox, yumşaq tərzdə etməlisən. Suallar ardıcıl, harmonik olsa, daha məqsədəuyğun olar.

Yadıma “Media forum” saytına gəldiyim ilk vaxtların bir hadisəsi düşdü. Saytda ekoloji mövzuda layihə həyata keçirilirdi. Saytın redaktoru Alya Yaqublu jurnalist Aysel Yusifqızı ilə məni ekoloqdan müsahibəyə göndərdi. Müsahibə alındı, yazıya köçürüldü və böyük həvəslə redaktəyə verildi. Alya xanım yazıya baxandan sonra bizi çağırıb dedi ki, bu necə müsahibədir, qarğadan başlayıb kosmosda dayanmısız!

Sonrakı müsahibələrdə bu tövsiyələrə əməl etməyə çalışdım. Yəni istək o idi ki, müsahibədə harmoniya olmalı, suallar sistemli, ardıcıl düzülməli, ahəng təşkil etməlidir. Bir mövzunu yarımçıq qoyub o birisinə keçilməməlidir. Bəlkə də müsahibə istədiyin sualı verə bilərsən, bəlkə də müsahib sənin verdiyin suala dolğun cavab verə bilər, amma bu, professional baxışdan heç də ürəkaçan bir mənzərə olmaz.

- Sənə tamam başqa mövzuda, jurnalistikadan qıraq sual vermək istəyirdim. Amma cavabından sonra fikrimdən daşınıram. Azərbaycanda jurnalistin ümumiləşmiş obrazı varmı? Bu gün jurnalist deyəndə adamların gözünün qabağına daha çox necə adam gəlir?

- Azərbaycanda jurnalistə baxışda müxtəliflik var. Münasibətlərdən birinə sədd qoyub onu ümumiləşdirmək olmaz. Bir çox peşə kimi jurnalistika da insana xidmət edir. Nə qədər insan varsa, şübhəsiz, bir o qədər də fərqli fikir mövcuddur. Jurnalist görəndə qaçmaq, onun telefon zənginə cavab verməmək, jurnalisti axtarmaq, yaxud onu görəndə özünü itirmək, jurnalisti döymək, həbs etmək, məhkəməyə vermək... bunların hamısı münasibətdir, ayrı-ayrı adamların gözündə canlandırdığı jurnalist obrazına yanaşmasıdır.

- Azərbaycan jurnalistikasında hansı tendensiyaları sadalaya bilərsən? İstər müsbət tendensiya olsun, istərsə də mənfi.

- Jurnalistikada inkişafla bərabər neqativ hallar da müşahidə olunur. Hər bir media quruluşunun özünəməxsus qabarıq meylləri var. Misal üçün, yerli telekanallar qonşu ölkələrdən götürülmüş verilişlərin tətbiqinə geniş yer verir. Bu, çox bayağı alınır. Gündən-günə artan saytların paytaxtda cəmləşməsi, regionlarda medianın inkişaf etməməsi. Kriminal, şou, reklam xarakterli yazıların üstünlük təşkil etməsi, istifadə olunan xəbərdə mənbənin göstərilməməsi və başqa bu kimi tendensiyalar var. İndi elə bil jurnalistikaya jurnalistikadan xəbəri olmayanların gəlişi dəbdədir.

Telekanallarda, az da olsa, heç kəsi yamsılamayan verilişlərə də rast gəlmək olur. Bunu müsbət hal hesab etmək olar.

- Regionlarda medianın inkişaf etmədiyinə toxundun. Doğrudan da ölkəmizin bütün aparıcı kütləvi informasiya vasitələri paytaxtda toplaşıb. Düz dedin, hətta xəbər saytlarının da əksəri paytaxtda cəmləşib. Bölgələrdə medianın inkişaf etməməsi məsələsindən son vaxtlar az danışmırlar, yəni bu məsələ müzakirə predmetidir, səbəbləri haqda müxtəlif fikirlər səslənir, təkliflər verilir. Ancaq mən soruşmayacam, səncə, niyə regionlarda media geri qalır, bunu aradan qaldırmağın yolu nədir? Belə suallar çox verilib. Mən sualı bir az başqa cür qoymaq istərdim. Bax, elə “Media forum” saytını götürək. Saytı Bakıdan başqa bir şəhərimizə köçürsək, kollektiv şəkildə gedib o şəhərdə işimizi davam etdirsək, “Media forum” saytı zəifləyər, ya yox?

- Düşünmürəm “Media forum” saytı işini kollektiv şəkildə başqa bir şəhərdə davam etdirsə, zəifləyər. Çünki bizim saytın özünə görə uğurlarının arxasında paytaxt mühiti dayanmır. Jurnalistin harada, hansı şəraitdə, hansı vəziyyətdə olmağı onun işinə təsir etmir və etməməlidir.

- Yeganə, doğrudanmı bu dünyadakı varlıqlar arasında əbədiyyət qazanmaq imkanı yalnız insana verilib? Bəs onda qarışqalar necə olacaq?

 - Allahın sonsuz mərhəməti əbədi var olduğuna görə mərhəmətə möhtac olan varlıqların da əbədi qalmasını istər. Məncə, qarışqalar əbədiyyəti çoxdan qazanıb.  İnsanlara qalsa, dünya insanlıq baxımından sinifdə qalıb. Mövlanə Cəlaləddin Rumi demiş: “Allahla olandan sonra ölüm də, ömür də xoşdur”.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100