Xəbərlər

Yeni fərman: qrant müqavilələrinin qeydiyyatı qaydaları ləğv olunur

2014-07-25 - 09:29:00

İyulun 24-də prezident İlham Əliyev qrant müqavilələrinə dair yeni fərman imzalayıb. Fərman “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə”  12 fevral 2004-cü il tarixli prezident fərmanının ləğvini nəzərdə tutur.

“Media forum” saytı xəbər verir ki, qrant müqavilələrinin qeydiyyata alınması qaydaları 2014-cü il noyabrın 1-dən ləğv edilir. Nazirlər Kabineti üç ay müddətində qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarını müəyyən edib prezidentə məlumat verməlidir.

Noyabrın 1-də ləğv olunacaq qaydalara görə, müqavilələrin (qərarların) qeydiyyata alınmasını qeyri-kommersiya hüquqi şəxslərinə münasibətdə Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.

Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz.

Müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin (qərarın) surətini qeydiyyata aldırmaq üçün qeyri-kommersiya hüquqi şəxslər Ədliyyə Nazirliyinə, dini təşkilatlar və qurumlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, kommersiya hüquqi şəxslər İqtisadiyyat və Sənaye Nazirliyinə ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti əlavə olunur.

Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi ərizə və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verir.

Prezident İlham Əliyev iyulun 24-də imzaladığı başqa bir fərmanla “Qrant haqqında” qanunun (Qanun) tətbiqində yeniliklər edib. “Media forum” saytı bildirir ki, yeniliyə görə, “Qrant haqqında” qanunun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü maddəsinin 2-ci hissəsinin birinci bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir. Həmin qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində və 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi gerçəkləşdirir.

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.