Cəmiyyət

“Yüz milyon manatım olsa, televiziya açardım”

2013-11-06 - 18:33:00

Media forum” saytının baş redaktoru Azər Qaraçənlinin saytın gənc əməkdaşı Sevinc Kərimova ilə müsahibəsi

- Salam, əziz oxucular. Mən – Azər Qaraçənli, müsahibim – Sevinc Kərimovadır. Biz hər ikimiz “Media forum” saytında işləyirik. Sevinc Kərimova Bakı Qızlar Universitetinin jurnalistika fakültəsini bitirib. “Media forum”a televiziyadan gəlib. Sevinc, xoş gəlmisən!

- Xoş gördük, Azər müəllim. “Media forum” saytına gəlməyimə də heç peşman deyiləm. Düzü, öncə gəlmək istəmirdim. Çünki hər zaman televiziyada çalışmaq istəmişəm. Amma indi sevinirəm ki, peşəkar jurnalistlərin çalışdığı sayta gəlmişəm. Bu 1 il 4 ay ərzində əsl jurnalistikanın nə demək olduğunu bildim. Ən əsası isə jurnalistin hansı keyfiyyətlərə sahib olmalı olduğunu öyrəndim.

- Çox gözəl. Cavabın məni sevindirdi. Amma belə cavab gözləmirdim. Elə bilirdim “Xoş gəlmisən”imə eləcə “Xoş gördük” tipli bir cavab verəcəksən, mən də keçəcəm suala. Ancaq jurnalistika da elə budur: gərək gözləmədiyin cavablara hazır olasan. Gənc jurnalistlərin çoxu məhz televiziyada işləməyə meyllənir. Bəlkə bunun səbəbini izah edəsən...

- Televiziya hər zaman öz məşhurluğu, görüntülü kütləvi informasiya vasitəsi olmağı ilə gənc jurnalistləri cəlb edib. Universitetlərdə qəzetlər, hətta saytlar da çox geriqalmış media orqanları kimi tədris olunur. Televiziya və radio isə gənc jurnalistlərə əlçatmaz görünür. Amma o mühitə düşüb, gözləntilərin doğrulmayanda xəyalların puç olur. Düzdür, televiziyada öyrəndiyim çox şey olub. Buna görə tanınmış jurnalistimiz Xoşqədəm Hidayətqızına borcluyam. Çox istərdim ki, bizim televiziya və radiolar Türkiyə və digər ölkələrin təcrübəsindən bəhrələnsə də, yalnız Azərbaycana məxsus verilişlər hazırlasın. Universitetlərdə isə telejurnalistika, radio jurnalistikası, qəzetçilik, internet jurnalistikasından dərsləri yalnız həmin sahələrə aid peşəkar jurnalistlər keçsin, gənc jurnalistlər ad xətrinə təcrübə keçməyə göndərilməsin. O zaman “Niyə jurnalistikamız bu gündədir?”, “Niyə gənc jurnalistlər bu qədər passivdir?”, “Niyə istədiklərimizi verə bilmirsiz?” sualları ilə istər televiziya, radio, sayt, istərsə də qəzet redaktorları gileylənməz.

- Redaktorlar gənc jurnalistlərdən yəni bu qədər gileylənir? Bir də, Azərbaycana məxsus verilişlər hazırlasınlar deyəndə nəyi nəzərdə tutursan – təcrübədən bəhrələnsinlər, amma yamsılamasınlar? Təcrübədən bəhrələnən yamsılamamaq üçün nə etməlidir? Bəhrələnməklə yamsılamamaq arasında əsas fərqi nədə görürsən? Universitetlərdə televiziya və radiodan savayı KİV-lərin geriqalmış media kimi tədris olunmağı haqda dediklərin isə az qala sensasiyadadır, bu məsələyə qayıdarıq... 

- Bəli, yenicə işə başlayan, heç bir təcrübəsi olmayan jurnalistlər çox zaman redaktorların hədəfinə tuş gəlir. Heç vaxt məqalə, xəbər, reportaj və müsahibə hazırlamayan gənc jurnalistdən təkidlə 15 illik təcrübəsi olan bir jurnalistin işini tələb eləmək düzgün deyil. Əlbəttə, öz işini bilən, səbirli və etik qaydalara riayət edən peşəkar redaktorları nəzərdə tutmuram.  

Bir verilişi yamsılamaq o deməkdir ki, eyni tərzdə ikinci bir proqram hazırlanır. Televiziya bu zaman öz tamaşaçı auditoriyasını da itirir. Düzdür, hər hansı ideyadan bəhrələnmək olar, amma fərqli veriliş hazırlamaq şərtiylə. Televiziyaya heç də aidiyyəti olmayan şəxslərin bu sahədə çalışması kanallardakı bəzi verilişlərin səviyyəsində özünü açıq-aşkar göstərir. Hər işi peşəkar görməlidir. Çox istərdim ki, böyük həvəs və maraqla Türkiyə və Rusiya verilişlərinə deyil, məhz öz kanallarımızın proqramlarına baxılsın.

- Bizdə internet mediası bu əsrdə yaranıb. Əsrimizin isə vur-tut 13-cü ilindəyik. Ali məktəblərdə mətbuatın geriqalmış media kimi tədris olunduğunu dedin bayaq. Düzdür, mən buna bir az şübhəylə yanaşıram. Lap belədirsə də, yəqin ki, bunu bütün ali təhsil ocaqlarına, jurnalistikadan dərs deyən bütün müəllimlərə aid etmək doğru olmazdı. Ancaq mətbuatın geriqalmışlığı deyəndə söhbətin nədən getdiyini bəlkə də bir az təxmin etmək mümkündür, yəqin ki, bunun kökündə əslində mətbuatın fəxr etməli olduğu qədim tarixi, KİV-lər arasında ilkinliyi durur. Bəs xəbər saytlarını geriqalmış media kimi tədris edəndə nə deyirlər?

- Əslində bir çoxları heç nə deyə bilmir. Çünki bu sahədən – internet jurnalistikasından uzaqdır. Faktiki olaraq fənni bilmir. Ona görə də internet mediasından dərs desə də, onu bir qırağa qoyub televiziyanı, radionu tərifləyir, sözündən belə çıxır ki, internet jurnalistikasında adından başqa yeni heç nə yoxdur, nə varsa televiziyada, radioda var. Xəbər saytlarından anlayışı olmayan müəllim jurnalistika tələbəsinə nə öyrədə bilər ki? Jurnalistikanın tədrisi prosesində qocaman jurnalistlərimizlə yanaşı gənc, yeniliklərdən xəbəri olan jurnalistlərin də dərs deməsinə şərait yaradılmalıdır.

Jurnalistika fakültələrində yeniliklərə yol açılmalıdır. Nə vaxta kimi universitetlərdə eyni, darıxdırıcı fənlər tədris olunacaq? Niyə tələbələr universitetdən əlavə jurnalistika kurslarına gedir? Yeniliklərə yol açılsa, bu suallar mənim kimi xeyli gənc jurnalisti daha maraqlandırmaz.

- Jurnalistikaya qəzetçilikdən gələnlər məmnuniyyətlə belə bir fikirlə razılaşırlar ki, jurnalistikanın şahı qəzetçilikdir, qəzeti bilən televiziyada da, radioda da, xəbər saytlarında da rahat işləyə bilər. Sənin timsalında bu məsələyə jurnalistikaya qəzetçilikdən gəlməmiş adamların münasibətini öyrənmək istərdim. Bu, doğru fikirdir, yoxsa jurnalistliyə qəzetdən başlayanların təkəbbürlü uydurmasıdır?

- Jurnalistikada elə də təcrübəm olmadığı üçün bu suala cavab vermək mənə bir az çətindir. Ola bilər, verdiyim cavaba görə illər sonra peşman olum. Amma qəzetçilik təcrübəsi olmayan xeyli peşəkar jurnalistimiz var.

- Bəs özünü qəzetdə necə təsəvvür edirsən? Qəzeti gözün yeyirmi? Televiziya və sayt təcrübəsindən sonra qəzetdə işləmək sənə asan, yoxsa çətin görünür?

- Düzü, özümü qəzetdə təsəvvür etmirəm. Heç vaxt da qəzetdə işləmək barədə düşünməmişəm. Amma işləmək qərarına gəlsəm, elə də çətin olmaz.

- Niyə müəllif yazıları yazmırsan?

- Bir neçə dəfə yazmaq istəmişəm. Amma sonra fikrimdən daşınmışam. Yəqin ki, hələ özümü hazır bilmirəm.

- Yazıb üzə çıxarmamısan, yoxsa ümumiyyətlə yazmamısan?

- Universitetdə oxuyanda yazdığım məqalə müəllimin xoşuna gəldiyi üçün qəzetdə çap etdirmişdi. Televiziyada işlədiyim vaxtlarda da məqalə yazmışam, amma nədənsə çəkinmişəm üzə çıxarmağa.

- Jurnalist imzanda soyadındakı “ova” sonluğunu da saxlamısan. Bizə rus işğalından qalmış bu soyad sonluqlarını indi, Allaha şükür, rəsmən dəyişmək də mümkündür. Amma mən burda məsələnin rəsmi yox, yalnız jurnalistliyə aid tərəfinə toxunmaq istəyirəm: nə əcəb jurnalist kimi imzanı təqdim edəndə soyadındakı “ova” sonluğundan imtina etmirsən?

- Heç bu haqda düşünməmişəm. Çünki hər zaman mətbuatda Sevinc Yasinqızı imzası ilə tanınmaq istəmişəm.

- Bəs bunu indiyə kimi niyə demirsən? Beləliklə, razılaşdıq. Sənin imzan bundan sonra Sevinc Yasinqızı kimi gedəcək.

- Yəqin ki, ehtiyat etdiyimdən demirdim. Ümid edirəm ki, bundan sonra Sevinc Yasinqızı imzası mətbuatda tanınan imzalardan olar. Həmişə arzuladığım kimi.

- Səncə, jurnalist peşəsi dahi olmağa imkan verir? Dahi jurnalist ola bilər?

- Əlbəttə, ola bilər. Hər peşənin öz dahisi var. Amma ömrünü jurnalistikaya həsr edən hər jurnalist də dahi ola bilməz.

- Milyon manatın olsaydı neyləyərdin? Yoxsa az dedim? Olsun yüz milyon manat...

- Yüz milyon olsa yaxşı olardı. Bir qismini ailəmə və özümə xərcləyərdim. Digər bir qismini isə həmişə özümün olacağı televiziyanı açardım.

- İnşallah! Sevinc, müsahibəyə görə sənə təşəkkür eləyirəm.

- Çox sağ olun, mən sizə təşəkkür eləyirəm.

- Əziz oxucular, bizə vaxt ayırdığınıza görə sizə də minnətdarlığımı bildirirəm. Xatırladım ki, siz jurnalist Sevinc Kərimovanın – Sevinc Yasinqızının müsahibəsini oxudunuz. Müsahibəni mən – Azər Qaraçənli götürdüm. Sağ olun!
 

 
 
 
 
 

 

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100