Cəmiyyət

“Jurnalist riskə getmək istəyirsə, onu əngəlləmək azadlığını boğmaqdır”

2013-11-01 - 18:59:00

“Media forum” saytının baş redaktoru Azər Qaraçənli saytın gənc əməkdaşı Kamilə Məhərrəmlidən müsahibə götürüb.

   

- Kamilə, səncə, müsahibəyə necə başlamaq lazımdır? 

- Mənə görə, müsahibəyə başlamağın standart forması yoxdur. Müsahibdən, müsahibənin məğzindən çox şey asılıdır... Müsahibəyə əsas sualdan başlamamağın tərəfdarıyam. 

- Standart formanın olmaması fikri ilə əsas sualdan başlamamaq fikri toqquşmurmu? Müsahibəyə əsas sualdan başlamamaq barədə dediyin mənə maraqlı gəldi. Amma bu həm də o demək deyilmi ki, sən artıq hansısa standart təklif edirsən? 

- Hər müsahibənin əsas sualı fərqlidir və bu, müsahibə görə dəyişir. Standart formada başlamaq dedikdə isə müsahibənin başlanğıcını, ilk sualı nəzərdə tuturam. Bir müsahibəyə “Necəsiz?” sualı ilə başlaya bilərəm, amma bunu hər müsahibədə təkrarlamaq olmaz. Əgər elə olsa, artıq dediyim standart başlanğıc yaranar.

- Bəs ümumiyyətlə müsahibənin forması haqda nə düşünürsən? Adətən müsahibənin mətni oxucuya iki formada təqdim olunur: sual-cavab formasında və yalnız cavabları təqdim etməklə, yəni bir növ müsahibin monoloqu şəklində. Üçüncü forma ola bilərmi?

- Sual-cavab formasında olan müsahibəni çox bəyənirəm. Bu tip müsahibələri yazmaq və oxumaq daha maraqlı, asan olur. Belə müsahibələrdə oxucu üçün maraqsız olan sual-cavabı ixtisar etmək də rahatdır. Üçüncü forma barədə düşünməmişəm. Bu sualdan sonra mütləq düşünməyə başlayacam.

- Bəlkə də üçüncü formadan biri müsahibin cavablarını da sualların içində əritmək ola bilər. Jurnalist müsahibinin cavablarını öz suallarında elə çatdıra bilər ki, cavabları ayrıca yazmağa ehtiyac qalmaz və bu olar formaca yalnız suallardan ibarət bir müsahibə. Necə bilirsən, bunu etmək mümkündürmü? Bəlkə bir lal adamdan müsahibə götürüb onu məhz bu formada oxucuya çatdıraq?

- Jurnalistin həvəsi və marağı olandan sonra mümkündür. Amma mümkün olduğu qədər çətin və məsuliyyətlidir. Çünki sualların içində göstəriləcək cavabları jurnalist özü tam qavramalı və onu olduğu kimi oxucuya çatdırmalıdır.  Lal oxucudan, özü də bu formada müsahibə, dediyim kimi, mümkün, amma çətin və bir qədər daha məsuliyyətlidir.

- Dünyanın nə vaxtsa dağılacağına inanırsan?

- Yox. Heç inanmaq da istəmirəm. Buna inanmalıyıq?

- Mən inanıram. Axı yaranışın bir məqsədi var, o məqsədə çatandan sonra dünya Tanrının nəyinə lazımdır? Amma bir halda ki, sən inanmırsan, soruşum: milyon, milyard ildən sonra da jurnalistika olacaqmı? Tarixin elə bir dövrü gəlib çata bilərmi ki, daha jurnalistə ehtiyac qalmasın?

- Bu, yəqin ki, milyon, milyard il ərzində baş verənlərdən asılı olacaq. Bəlkə də elə bir dövr çatacaq ki, hərə bir sayt yaradıb öz məlumatlarını paylaşacaq və jurnalistə ehtiyac qalmayacaq. İnandırıcı deyil, ehtimaldır, yəni ola da bilər.

- Sən deyəndə ki, hər kəs məlumat çatdırmaq imkanı qazanandan sonra jurnalistə ehtiyac qalmaya da bilər, bunu jurnalistin məlumatlandırmaq missiyasını nəzərdə tutub deyirsən. Məlumatlandırmaq jurnalistin üç missiyasından biridir. Qalır o biri iki missiya: maarifləndirmək və əyləndirmək. Bu işlərdə də jurnalistə ehtiyac qalmaya bilərmi?

- İnanmıram. Yenidən bildirmək istəyirəm ki, jurnalistə, ümumiyyətlə jurnalistikaya ehtiyacın qalmaması sadəcə bir ehtimaldır.

- Jurnalist üçün ideal mühiti necə təsvir edərdin?

- İdeal mühiti yaradan bir çox amil var. Öncə jurnalistə sərbəstlik, azadlıq verilməlidir. Əgər jurnalist təhlükəli də olsa bir iş görmək istəyirsə, ona imkan yaradılmalıdır. Bunlar olanda jurnalist daha yaxşı işlər ortaya qoya bilər. Önəmli məsələlərdən biri də texniki avadanlıqlardır. Jurnalist reportaja gedir, maraqlı yazı hazırlayır, amma həmin yerdən normal şəkilləri olmursa, bu, o yazıya marağı bir qədər azaldır. Bu baxımdan texniki təchizat da çox önəmlidir.

- Sənin dediklərini Azərbaycanın gənc jurnalistlərinin istəklərinin ümumi ifadəsi də saymaq olarmı? Yoxsa gənc jurnalistlərin istəklərini ümumiləşdirsən, bura əlavələrin olacaq?

- Yəqin ki, bir çox gənc jurnalist mənimlə bu fikirləri bölüşər. Amma bunları gənc jurnalistlərin istəklərinin ümumiləşdirilməsi saymaq düzgün olmaz. Bəlkə də mənim dediklərim kiminsə düşüncələrinə tamamilə ziddir.

- Azərbaycan jurnalistikasında nəsillərin qarşıdurması varmı?

- İki ildir çalışıram. Bir redaksiyada. Mən çalışdığım yerdə belə şeylə rastlaşmamışam. Qarşıdurmanın tam əksini – yeni və yaxşı jurnalist yetişdirmək cəhdlərini görmüşəm. Açığı, tanıdığım gənc jurnalistlərdən də bu barədə heç nə eşitməmişəm.

- Bayaq dedin ki, jurnalistə sərbəstlik, azadlıq verilməlidir. Ölkədə jurnalist azadlığını hakimiyyətin təqib etdiyi bəllidir. Jurnalistin azadlığı redaksiyalarda da boğulurmu və boğulursa bunun əsas səbəbi nədə, kimlərdədir?

- Bəli, boğulur. Redaksiyaların bir qisminin özü azad olmadığı üçün orada fəaliyyət göstərən jurnalist də azad ola bilmir. Bəzi redaksiyalarda isə sırf jurnalistin təhlükəsizliyi baxımından belə hallar baş verir. Jurnalist azadlığının məhdudlaşdırıldığı ölkədə təcrübəli jurnalistlər gənc əməkdaşlara zərər gəlməsin deyə hər hansı bir yazını qismən dəyişə bilirlər və ya həmin əməkdaşları təhlükəli yerlərə göndərməməyə çalışırlar. Belə bir hadisə ilə mən də rastlaşmışam. Səbəb isə ümumiyyətlə ölkədə azad mətbuata olan basqılarla bağlıdır.

- Doğrudur, təhlükəsizlik məsələsi azadlığa həmişə mane olur. Təcrübəli jurnalistlərin gənc jurnalistləri təhlükələrdən qorumağa çalışması da azadlığı boğur, bununla razıyam. Amma bir məqamı qeyd etmək istərdim. Gənc jurnalistin təhlükəsizliyini düşünməməsi hələ təcrübəli jurnalistin azadlığa dəyər verməyinin nəticəsi deyil. Bəzən təcrübəli jurnalist adlandırdığımız adamlar məhz azadlıqlarını həddən artıq itirdiklərinə görə gənc jurnalistləri təhlükədən qorumaq iqtidarında olmurlar. Bəzi gənc jurnalistlər məhz təcrübəlilərin oynadığı çirkin oyunlara görə təhlükəli yerlərə göndərilirlər. Mən istərdim gənclər Azərbaycanda azadlıq adı altında dəhşətli bir köləliyin olduğunu da bilsinlər. Bizim ölkəmizdə avtoritarizmə qarşı çıxanların arasında elə adamlar var ki, bundan betər avtoritarizmə tabe olmağa hazırdırlar.

- Amma mən yenə də öz fikrimdə qalıram. Jurnalist təhlükədən xəbərdardırsa, riskə getmək istəyirsə, onu əngəlləmək azadlığını boğmaqdır.

- Bir halda ki, mövzu azadlıq məsələsi üzərinə gəldi çıxdı, soruşmaq istərdim: Necə bilirsən, azadlıq hissi olmasaydı, tarix hansı mərhələdə ilişib qalardı? Ümumiyyətlə azadlıq eşqi olmasaydı, insanın tarixi ola bilərdimi?

- Mənə həmişə maraqlı gəlib, görəsən, azadlıq hissi olmayan insan varmı? Yəqin ki, yoxdur. İnsan, azadlığı boğulmuş olsa belə, müəyyən qədər azadlığını qoruyur. Azadlıq həm də inkişafdır. Azadlıq eşqi olmadan tarix yaratmaq olmazdı, inkişaf, irəliləyiş olmazdı.

- Azərbaycanın bütün jurnalistlərini bir redaksiyada toplamaq imkanın olsaydı, o redaksiyaya kimi rəhbər təyin edərdin?

- Belə imkandan istifadə etməzdim. Azərbaycanda fikirləri bir-birinə zidd olan xeyli jurnalist var. Onları bir redaksiyaya yığmaq mümkün deyil. Ümumiyyətlə, bu barədə düşünməmişəm.

- Oxucularımız sənin imzanı tanıyır. Jurnalistin tanınması üçün yaradıcı bioqrafiya kifayətdir, yoxsa ənənəvi bioqrafiyanın da bilinməsinə ehtiyac var?

- Məncə, yaradıcı bioqrafiya kifayətdir. Amma oxucuların seçimi müxtəlif ola bilər. Bir tanışım var, mətbuatı izləyənlərdəndir. Bəzən jurnalistin bioqrafiyasına baxır, sevmədiyi bölgədən olduğunu biləndən sonra onun yazılarını oxumağı dayandırır.

- Bu artıq istisnadır, özü də deyim ki, qeyri-adi istisnadır. Səncə, mən müsahibəni burda bitirə bilərəmmi?

- Müsahibənin bitməsi müsahibdən yox, jurnalistdən asılıdır. İndiki vəziyyətdə mən müsahib, siz müsahibə götürənsiniz. Qərar sizindir...

 
 
 
 
 

 

"Media forum"

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.