Cəmiyyət

Bir vətəndə iki ömür (2)

2013-06-28 - 19:22:00

 
Atilla üçün hər hansı bir qərar qəbul etmək çox çətin məsələdir  

Atillanın yaxınları 5 ölkəyə səpələnib. Bacılarından biri Kanadada, digəri ABŞ-da, qardaşının biri Danimarkada, ikisi isə İrandadır. Uzun illər onlarla əlaqəni də itirmişdi. Yalnız son zamanlar texnoloji imkanların artması ünsiyyət qurmağa imkan verib:

- Həbsdən sonra bir müddət atamın dükanında işlədim. 27 ay hərbi xidmətdə olmuşam. İranda məcburi çağırış yoxdur, yəni qapı-qapı axtarmırlar. Sadəcə, xidmət keçməmisənsə səni müəyyən hüquqlardan məhrum edirlər. Hər yerdə səndən hərbi kart istəyirlər, hətta evlənəndə də. İndi sistem bir az dəyişib. Kim istəmir müəyyən məbləğ ödəyib, hərbi bilet ala bilər. Amma İran-İraq müharibəsi vaxtı çoxlarını elə küçədən tutub əsgər aparırdılar.

Əsgərliyi çəkməsən, pasport ala bilməzsən. Pasportumu alıb artıq İranı tərk etmək haqqında düşünürdüm. Hər zaman Azərbaycana, Bakıya getməyi arzulamışam. Qardaşımın biri artıq xaricdə idi, mən də digər böyük qardaşımla onunla görüşmək üçün İstanbula getməyə qərar verdim. 1993-cü ildə Türkiyədə görüşdük. Xaricdə yaşayan qardaşıma dedim daha İranda yaşaya bilmirəm. Daim arxamca gəzən, məni izləyən insanları görürəm. Hətta məhəllədə yaşayan qonşunun oğlu məni güdür. Soruşanda da deyir mənə səni güdməyi tapşırıblar. Bəzən tək məhəllədə yox, şəhərdə də izləndiyimi duyuram. Belə həyatdan bezmişəm, hər yerdə məni güdürlər. İstəyirəm İrandan çıxım.

Xaricdə yaşayan qardaşım dedi, daha çıxmısan da, qayıtma ora, buradan hara istəyirsən get. Elə oradaca qərar verdim, həmişə həsrətini çəkdiyim Bakıya getmək istədiyimi bildirdim. Qardaşım dedi, bax a, Azərbaycan təzə müstəqil olub, hazırda vəziyyət qarışıqdır, gedərsən, çətinə düşərsən. Dedim getməliyəm. Orada çox qapı döydük, Azərbaycan konsulluğuna getdik, amma viza alınmadı. Məcbur oldum başqa yol axtarım. Bir turist şirkəti məndən pul alıb viza verdi, bir avtobusla yola düşdüm. Azərbaycana Gürcüstandan gedəcəkdim. Bu avtobusla Batumiyə çatdım. Türkiyə tərəfi də, Gürcüstan tərəfi də məndən pul aldı.

***
Atilla üçün hər hansı bir qərar qəbul etmək çox çətin məsələdir. Elə bil 21-ci əsrdə yaşamır, bir işi görmək üçün uzun-uzadı düşünəcək, yüz ölçüb bir biçəcək. İstanbulda birdən qərar verib Azərbaycana yönəlməsi qəribə göründü mənə. İllərlə yan-yana çalışmışıq, hər dəfə çox sadə işlərin həllində çətinlik çəkir.

Bir hadisə düşdü yadıma. Atilla bir neçə dəfə kompüter almaq arzusunda olduğunu dilinə gətirmişdi. Axırda dözmədim: nə çətin iş var, ay Atilla? Dörd tərəfimiz kompüterlə doludur. Dedi başım çıxmır, bir dostum var, söz verib, mənimlə gedəcək, amma vaxtı yoxdur. Dedim hazır ol, bu şənbə gedirik kompüter dalınca. İstədi bunu da başqa vaxta keçirsin, imkan vermədim.

Həmin gün şəhərin mərkəzindəki 30-40 dükanı gəzdik. Qərara gələ bilmirdi, elə hey düşünürdü. Bu dükanları üç dəfə fırlandıq, hətta artıq evə dönürdük, birdən qərar verdi. Gəl, gedək filan modeli alaq, özü də noutbuk olsun. Yəni stolüstü kompüter almaq fikrindən döndü.

Kompüter axtararkən bir hadisə onu yaman pərt etdi. Bir modeli bəyəndi, amma baha alınırdı, üstündə kifayət edəcək məbləğ yox idi. O dükan da elə bank əməliyyatı olmadan daxili kredit verirdi. Miqrasiya Xidmətinin verdiyi müvəqqəti sənəd işə yaramadı, dedilər, şəxsiyyət vəsiqən olanda, verərik.

***

 
Atilla elə hey gileylənir, deyir, bax, bu mənim xəbərimdir, filan telekanal mənim xəbərimi dünən səsləndirdi, amma istinad etmədi  

Atilla Bakıya yolunu nəql edir:

- Batumidə mənə bir fars qoşuldu. Tanış yox, dil də bilmirik. Bir maşın bizi apardı aeroporta, düşundüm, hər halda orada çoxlu insan olar, bizə bir yol göstərərlər. Gördük buranın aeroportu bir xaraba yerdir, nə adam, nə mühafizə var, bir-iki təyyarə görünür. İtlər də düşüb dalımızca. İşıq gələn yerdən bir nəfəri tapıb güclə nəsə başa saldıq. Acarıstan müsəlman diyarıdır, o da bizim müsəlman olduğumuzu bilib evinə qonaq apardı.

Dedi Abxaziyada müharibə gedir, Bakıya yollar bağlıdır. Ora gedə bilməyəcəksiniz. Sizi Moskvaya yollaya bilərəm, oradan Bakıya getmək daha asandır. 100 dollar məndən, bir qədər də o biri oğlandan alıb bizi biletsiz-zadsız keçirdi salona. Təyyarə də nə təyyarə, pis gündə, güclə yerindən qalxdı. Qara dənizin üstündən keçib, yönəldi Moskvaya.

Düşünürdüm Moskvada nə edəcəm, viza yox, heç kimi tanımıram. Amma bu şəhərdə bizimlə heç kim maraqlanmadı, elə gözləmə zalından kənara çıxdıq. O zaman rus dilində cəmi bir-iki söz bilirdim, çox vaxt işarə ilə danışırdım. Taksi bizi Qızıl meydana gətirdi, bir nəfərlə tanış olduq, bizi apardı öz tanışının evinə, gecəsi 20 dollardan yerləşdik. Bir gecə də pakistanlı tələbələrin yanında qaldıq. O zaman o fars oğlanla yolumuz ayrıldı. Təsadüfən bir iranlı oğlanla tanış oldum, o mənə bir yer tapdı. Moskvada beş-altı gün qaldım, ilk dəfə onda “Makdonalds”da oldum.

Artıq pulum da tükənirdi deyə Bakıya getməyə qərar verdim. Vağzalda bir rus oğlan mənə yardım etdi, bilet alıb gəldim Azərbaycana.

***

Atillanın ləngliyinin bir üstünlüyü də var. Xəbər hazırlığında heç vaxt tələsməz, çox təmkinlə, asta-asta hazırlar yazıları. Amma xəbərləri media mühitini qarışdırır bir-birinə, qəzetlərin manşetinə çıxır, saytlarda yayılır, televiziya və radioda səslənir. Çox vaxt da həmin mediaların özəl xəbəri kimi. Atilla elə hey gileylənir, deyir, bax, bu mənim xəbərimdir, filan telekanal mənim xəbərimi dünən səsləndirdi, amma istinad etmədi. Onun hazırladığı bir xəbəri bütün qəzetlər manşetə çıxaran günün səhəri Azərbaycan hökuməti İrana nota da verib.

İran haqqında belə dəqiq təsəvvürü olan ikinci birisini görmədim. Hazırda “Media forum”un redaktorları istənilən analitik mərkəzdə İran üzrə ekspert işləyə bilərlər, çünki illərlə Atillanın xəbərlərini oxuyublar, ondan çox şey soruşub öyrəniblər. Öz aramızda deyirik, Atilla olmasaydı, biz İrandan nə bilirdik ki?

Bir əhvalat yadıma düşdü, bir neçə il əvvəl dünyanın aparıcı agentlikləri İranın dini lideri ayətullah Əli Xamneyinin ölüm xəbərini yaydı. Amma Atilla dedi bu xəbər doğru deyil. Hər dəfə bir populyar mediadan Xamneyinin ölüm xəbəri gəlirdi, amma “Media forum”, yəni Atilla vermədi bu xəbəri. Atilla haqlı çıxdı, ayətullah Əli Xamneyi bu gün də yaşayır...

***

           
    Həyatın çətin günləri kimi xoşbəxt anları da az deyil  

- Keçmiş SSRİ məkanına qədəm qoyduğum ilk gündən bir şok keçirdim. Batumi mənə çox çirkli göründü, qonaq qaldığım evin ayaqyolunda bir təmiz yer tapmadım. SSRİ-nin nailiyyətləri haqqında 70 il təbliğat getmişdi və bu ölkə vur-tut iki il idi dağılmışdı, köhnədən bir şey qalmalıydı axı.

Növbəti şoku Bakıda duydum, taksi ilə Köhnə Günəşliyə tanışımın evinə gedərkən. Küçənin, binanın, blokun vəziyyətinə baxdım, pis gündəydi. Moskvada da ağlasığmaz bir faktla rastlaşdım, görürdüm kimsə evində 2 toyuq budunu bişirib satır metronun qabağında, İranda belə bir şeyi heç kim etməz. Bəlkə də zaman belə idi, dolanışıq çətin idi. 

Evində qonaq olduğum tanış məni güneyli dostumun evinə çatdırdı. Dostum çox sevindi, kirayə qaldığı evində qalmağa dəvət etdi. Burada kitabdan başqa bir şey tapılmırdı, 3 ay orada məskunlaşdım. Əldəki pullar tədricən tükəndi, başımızın altına kitab qoyub yatırdıq. Başqa dostlar da vardı, yardım edirdilər. 3 ay sonra evlə, Tehranla əlaqə saxladım, böyük bacım dedi pasportum hazırdır, gəlirəm Bakıya. Dedim Bakıda çox çətindir, dolanışıq yoxdur, o yenə sözümə baxmadı, üstüörtülü şəkildə başa saldı ki, həyatı təhlükədədir, gəldi. Mən təxminən 1 il yarım bacımla bir tanışın mənzildə qaldım.

***

Atilla uzun illər bir evdən digərinə köçməli olub. Evsizlik böyük dərddir. Amma həyatın çətin günləri kimi xoşbəxt anları da az deyil. 5-6 il öncə İrandan və Danimarkadan Bakıya qonaq gələn qardaşları ona bir xudmani ev alıblar. Atilla bu evi çox gözləmişdi, düz 15 il…

- Bacım bir qədər pul gətirmişdi, karımıza gəldi. O vaxtdan müxtəlif təşkilatlara – Qızıl Ayparaya, BMT-yə gedib-gəlirdim. Çox qarışıq zaman idi, hətta pul gücünə vətəndaşsızlıq sənədi düzəldirdilər. Bu sənədlə sonradan dünyanın istənilən yerinə getmək olardı, amma bunu özümə sığışdıra bilmirdim. Azərbaycanlı ola-ola niyə kiməsə rüşvət verməliydim? Nə qədər gedib-gəldim Qızıl Ayparaya, xeyri olmadı. BMT mənə müvəqqəti kağız parçası verirdi. Neçə dəfə metroda məni yoxlayanda təqdim etməyə bir sənədim olmayıb. Bir kitabxana biletim vardı, onunla gəzirdim.

BMT işimə baxırdı, amma bir müddət sonra orada dedim, bacım buradadır, onun psixoloji durumu məndən də ağırdır. Bacımı ora apardım, xeyli müddət gedib-gəldik. Ora bir xanım rəhbərlik edirdi. Bizə variant təklif etdi, ya mən, ya bacım BMT xətti ilə xaricə gedə bilər. Biz özümüz seçim etməliyik. Bacım da Bakıda çox üzülürdü, su gəlmirdi, ya şəhərin zibilini görüb əsəbiləşirdi.

Xaricə elə bacım getdi, əvvəlcə Kanadaya, sonra ABŞ-a. Mən də burada qalası oldum…

***

Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan Güney və Quzeyə parçalanıb, hamı da düşünür, nə vaxtsa rahatca birləşəcəyik, tapacağıq bir-birimizi. Amma Atilla tapa bildimi bu tayda vətəni? Həmişə bu sualın cavabını arayıram.

- Bakıya gələndən həmişə tərcümə ilə dolanmışam. Bəzən sifariş olurdu, bəzən yox. Hər halda əlimdən tuturdu. Həm də 1994-cü ildə bir imkan açıldı. Bəxtiyar Vahabzadənin təşəbbüsü ilə güneydən olan bir neçə nəfərin adı Təhsil Nazirliyinə verildi. Mən də onların sırasında Bakı Dövlət Universitetində təhsil almaq imkanı əldə etdim. Bir müddət hazırlıqda, sonra da 4 il filologiya fakültəsinin rus dili və ədəbiyyatı şöbəsində oxudum. Həm də məni yataqxana ilə təmin etdilər.

***

 
Atillanın redaksiyada ən mehriban münasibətləri nədənsə Azər Hüseynbala ilə olub  

Atillanın redaksiyada ən mehriban münasibətləri nədənsə Azər Hüseynbala ilə olub. Yanaşı əyləşiblər, Azər də şəkililərə məxsus incə yumor hissi ilə ona çox yaxın olmuşdu. Azərin başqa yerə getməsindən ən çox Atilla qüssələndi. Onu görərkən deyirdi, vəfasız çıxdın. Azər də söz altda qalmazdı, Atilla, niyə evlənmirsən? Sən evlən, toyunda oynayaq da.

***

- 2000-ci ildə mən bir neçə nəfərlə BMT-nin bizə olan münasibətinə görə aclıq etdik. 16-17 gün aksiyada iştirak etmişəm, hətta Elçibəy də bizə baş çəkməyə gəlmişdi. Amma bir nəticə olmadı. Üstəlik, mən aclıq edərkən tələbə yataqxanasındakı otağımı bir qaçqın ailəsi zəbt etdi. Gördüm əşyalarımı töküblər çölə. Ailənin başçısından soruşdum nə məsələdir, dedi sənin təhsilin bitib, buradan getməlisən, biz isə qaçqınıq. Dedim mən də qaçqınam. Amma xeyir eləmədi. Otaqdan çıxası oldum.

Bir müddət Elmlər Akademiyasında da çalışmışam. Şərqşünaslıq İnstitutunda 4 ilə yaxın işlədım. İşə təzə başladığım vaxtlar maaş az idi, təxminən günə 1 manat, ayın sonunda üstünə bir qədər əlavə edib ev kirayəsini ödəyirdim.

***

Azərbaycanda Atilla bir neçə dəfə ölümlə də üzləşib. Bir dəfə Quba yaxınlığındakı bir dağın başında olarkən ayağı büdrəyib az qala uçuruma aşacaqmış, Allah üzünə baxıb, uçuruma bir-iki metr qalmış salamat qurtulub. İkinci dəfə isə hadisə elə evində baş verib. Hamamda özü də bilmədən qaz sızması olub, huşunu itirib, yerə yıxılıb. Yenə tale üzünə gülüb, evində qonaq olan bir güneyli tanışı şübhələnib və hamamın qapısını qırıb. Təcili yardım ona kömək edib, sonra bir neçə gün reanimasiya şöbəsində yatıb. Ölümün bir addımlığında olub. Bu hadisəni də özünəməxsus bir yumor hissi ilə şərh edib.

Atilla yaxın günlərdə halva bişirəcəyini bəyan edir.

Səidə Hüseynova : - Bəyəm ölən var?

1 il öncə qaz sızmasından zəhərlənib xəstəxanaya düşməsini, az qala o dünyanı görüb gəlməsini nəzərdə tutan Atilla deyir:

- Mən yeganə ölüyəm ki, halvamı özüm bişirirəm.

***

- Deyəsən, 1995-ci ildə, Novruz bayramı axşamı bazarlıq edib evə gedirdim. Küçəni keçərkən bir maşının arxasından başqa maşın çıxdı. Heç yerə qaça bilmədim, maşın məni bərk vurdu, neçə metr kənar tulladı.  Özümə dedim, deyəsən, ölürəm. Başımdan qan açıldı, hər yerim də əzilib. Maşındakılar məni Malakan bağındakı travmatologiya xəstəxanasına gətirdilər. Bu avtoşluq eləyən cavanların üçü də kefliydi. Bir həkim mənə baxdı, dedi, maşınlarının nömrəsini yazmışam, onları əldən buraxma. Soruşdum niyə, dedi bəlkə sənin beynin silkələnib, çətinliyin ola bilər. Dedim, vallah, mən heç nə edə bilmərəm, işdir, olub da, qəsdən vurmayıblar ki. Başıma tikiş qoydular. Həkim polis çağırmaq istəyirdi, cavanlar da qorxu içindəydilər. Mən bir az özümə gəldim. Həkimə dedim şikayətim yoxdur. Nə qədər təkid etdisə, mən razılaşmadım. Məni maşına əyləşdirib yataqxanaya apardılar, dedilər, tez-tez baş çəkəcəyik. Amma elə o gedən getdilər. Bir dəfə də onları Fontanlar bağında gördüm, utandıqlarından üzlərini çevirib getdilər.

***

       
    Atillanın şairliyi də var  

Atillanın şairliyi də var. Bir çox qələm adamı ilə tanışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son illər az yazır, xəbər düzəldir, material hazırlayır, amma şeirdən uzaq düşüb. Dediyinə görə, vətəndə özünə qarşı ögey münasibət, ayrı-seçkilik onun ədəbi yaradıcılığına mənfi təsir edir. Bir də Azərbaycan Respublikasının vətəndaşı olmaq arzusu onun əsas işinə çevrilib. Bir də baxırıq işdə yoxdur, deməli, yenə sənəd toplayır, qapı-qapı gəzib vətəndaş olmaq arzusunu reallaşdırır.

- 5 güneyli bir yerə yığışanda söhbətimiz yalnız sənəddən və ya vətəndaşlıqdan olur. Vətəndə 11 il yaşadım, yalnız 2004-cü ildə Miqrasiya Xidməti mənə müvəqqəti sənəd verdi. İndi o sənəd məndədir, hər 3 aydan bir də onun vaxtının uzadıldığını təsdiqləyən kağız verirlər.

Artıq yay gəlib, hərə bir tərəfə istirahətə gedir, mən də uzaqbaşı bulvarda oturub çay içə bilərəm. Mən insan deyiləm? Adicə telefon nömrəsini itirsəm, öz adıma nömrə ala bilmərəm, verməyəcəklər. Azərbaycanın verdiyi müvəqqəti sənədlə isə nömrə vermirlər. Dəqiq bilirəm, tanış güneylilər ala bilmirlər.

Uzun illər vətəndaşlıq probleminin həll olunacağı vədlərini eşitmişəm. Müxtəlif beynəlxalq və yerli təşkilatların xətti ilə kömək ala bilməmişəm. Amma indi işıq ucu görünür, söz verirlər yaxın aylarda işimə baxılacaq. Ümidliyəm.

***
Bakıda Koroğlunun abidəsinin açılışı olur. Saytda getmiş “Koroğlu kasıbların tərəfində idi, ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi” xəbərini oxuyan Atilla Maralanlı deyir: 

- Koroğlu da vətəndaş oldu, mən ola bilmədim.

Bir vətəndə iki ömür (1)

İsmayıl İSMAYILOV

ismayilrafig@gmail.com

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100