Cəmiyyət

Bir vətəndə iki ömür (1)

2013-06-28 - 17:45:00

 
 Yeni yaranan İran bölməsinin kuratoru Atilla Maralanlı. Noyabr 2006-cı il.  

2006-cı ilin payızında “Media forum”un redaksiyasına yazı gətirdi. Baş redaktor Azər Qaraçənli onunla uzun-uzadı söhbət etdi. Düşündüm, yəqin maraqlı adamdır, yoxsa Azər ona bu qədər vaxt sərf etməz.

Bir neçə gün sonra baş redaktor onu kollektivə təqdim etdi: yeni yaranan İran bölməsinin kuratoru Atilla Maralanlı.

Təbrizli Atilla 7-ci ildir “Media forum”un İran xəbərlərini hazırlayır. İlk günlərdən elə az danışırdı, çox vaxt ətrafdakı danışıqları belə eşitməzdi, bir xəbəri bitirməmiş heç bir başqa işə baş qoşmazdı.

***

Atilla 1961-ci ildə Təbrizin Maralan məhəlləsində anadan olub. 5 yaşında ikən ailəsi Tehrana köçməyə qərar verib. Atillanın gəncliyi və yetkinlik illəri bu şəhərdə keçib.

Çox söhbətlərimiz olub, elə hey o taydan danışır, uşaqlığına dönür, gəncliyini xatırlayır:

- Sonbeşik qardaşımdan başqa hamımız Təbrizdə dünyaya göz açmışıq. 3 qardaşım, 2 bacım var. Tehrana köçməyə məcbur olduq, dolanışıq yox idi. 1946-cı ildə Pişəvərinin başçılıq etdiyi Milli Hökumət devriləndən sonra Güney Azərbaycanın iqtisadi durumu çox ağır idi, hamı çörək dalınca Tehrana axışırdı. Hazırda İran paytaxtının 12 milyon nəfərlik əhalisindən az qala yarısı azərbaycanlıdır. Atamın Təbrizdə baqqal dükanı vardı, sonra çörək işinə baxırdı, bir qohumumuzla şərikli çörək dükanı açmışdı. Sonralar atamdan soruşardım ki, niyə gəldin Tehrana, deyərdi dolana bilmirdim.

Tehranda 1993-cü ilə kimi yaşamışam. Şah dövründə farsdilli orta məktəbdə 12 il təhsil almışam.

***

- 1979-cu ilin İran inqilabını 18 yaşımda qarşıladım, o vaxt aksiyalara da qoşulmuşam. İnqilabın iki aparıcı qüvvəsi vardı: İran Xalq Fədailəri Təşkilatı, yəni kommunistlər və İran Xalq Mücahidlər Təşkilatı. Solçu Tudə təşkilatı da SSRİ-yə meylli idi. Həm də inqilabın önündə tələbə və ziyalılar durmuşdular.

1981-ci ildə xalq mücahidləri ilə hakimiyyətdəki dini qüvvələr arasında silahlı ixtilaf başlandı. Mücahidlər indi İraqda yerləşirlər, amma mübarizədən dönməyiblər. Dindar zümrəni hakimiyyətə Qərb qüvvələri gətirdi, çünki İranda kommunistlər güclüydülər. Qərb də İranın SSRİ-nin nüfuz dairəsinə düşəcəyindən ehtiyatlanaraq onlara alternativ qüvvəni dəstəklədi. İnqilabdan 7-8 ay öncə heç kim ruhanilərin hakimiyyətə gələcəyini ağlına belə gətirməzdi.

Yadımdadır, inqilaba qədər bir il etirazlar səngimədi. Hazırda vaxtilə gizlədilən müxtəlif sənədlər açıqlanır. Bəzi etirazları Qərb təşkil edirmiş. Qərb şahın devrilməsində maraqlı idi və sonda ona dedilər çıx get. O da ölkəni tərk etdi. Amma nəticədə hakimiyyətə Qərbin maraqlarına tam zidd olan qüvvə gəldi.

İslam respublikasının ilk illərində müəyyən azadlıqlar vardı hələ, sonra proses öncə qadınlara qarşı yönəldi. Dövlət idarələrində tələb vardı: ya başını örtməlisən, ya işdən çıxmalısan. Təzyiqlər gün-gündən artdı. Xəbərlər yayılırdı, məsələn, hansısa qadının üzünü və ya ayağını ülgüclə çərtirlər. Cəmiyyətdə qorxu artırdı və radikal dindarlar yavaş-yavaş qalib gəldilər. Həbslər, edamlar çoxaldı. Şahın gizli polisi “Savak”ın bir neçə təcrübəli kadrından, düşünən beynindən istifadə etdilər. Yeni hakimiyyət ETTELAAT-ı, yəni təhlükəsizlik orqanını yaratdı. Keçmiş “Savak”çı, şahın uşaqlıq dostu Fərdust adlı bir nəfərin bu orqanın yaradılmasında böyük rolu var.

Xalq fədailərinə rəğbətim vardı, amma onlar ikiyə parçalandılar. Sonra “Rahi-Kargər”, yəni “Fəhlə yolu” təşkilatına yaxınlaşdım, oldum onun tərəfdarı.


***

Atilla məhəllədə və məktəbdə kommunist kimi tanınırdı, rəsmi heç bir təşkilatın üzvü olmasa da. Kommunizm, SSRİ haqqında ordan-burdan oxuyurdu. Yeniyetmə ikən onda sosial ədalətə rəğbət vardı:

- Fikirləşirdim yaxşı olar, dünyada hamı bir olsun, bərabər olsun, zülm olmasın. Hər hansı zülmü görəndə narahat olardım. İranda çox güclü əks-sovet təbliğatı vardı. Məndə milli şüurun oyanmasına Bakı radiosu yardımçı oldu. Qohumlarım vardı Sərabda, həm də Təbrizin Şahgölü məntəqəsində. Onlarda qonaq olarkən Bakıdan danışardılar, ağ-qara televizorları da vardı. Bakını tam şəffaf olmasa da, bir balaca tuturdu. Mahnıları da dinlərdim. Məktəbi farsca oxusam da, evdə yalnız türkcə danışardıq, məktəbdə də azərbaycanlı uşaqlarla ana dilimizdə ünsiyyət qurardıq.

İnqilaba qədər mən Azərbaycan dilində bir kitab, ya bir jurnal görməmişdim. Əski əlifbada da mənim yaşadığım mühitdə ədəbiyyat yox idi. 1979-cu ildən Azərbaycan dilində dərgilər yarandı, onları da sonra bağladılar.

1981-ci ildə “Sepah” təzə qurulmuşdu. Repressiyalar başlanmışdı o zaman. Bir gün gecə qapımız döyüldü. Bizdən xəbərçilik edən insanlar evimizi gizli təşkilatın mərkəzi, silah anbarının olduğu məkan kimi təqdim etmişdilər. Qapını açdım, onlar vəsiqə göstərdilər və evdə axtarış aparıldı. Heç nə də aşkarlanmadı. Axı nə tapıla bilərdi? Bacılarım da, mən də solçuluğa meylli idik, amma heç bir təşkilatın üzvü deyildik. Evdə də silah-zad nə gəzirdi? Bircə otağımda bir qədər solçu ədəbiyyat, Azərbaycan dilində kitablar, musiqi kasetləri vardı. Hamısını da açıq satışdan əldə etmişdim. İnqilab ərəfəsində və inqilabdan iki il sonrayadək İran-SSRİ mədəniyyət cəmiyyətindən çoxlu kitab və dərgi almışdım. Tehran Universitetinin qarşısı başdan-başa kitab dükanıyla doluydu. İnqilabdan sonra bütün siyasi təşkilatlar öz əqidələrinə uyğun ədəbiyyatı elə küçədəcə düzüb satırdı. “Göyərçin” jurnalını elə oradan almışam, onu satan şəxs kiril əlifbasını mənim üçün yazdı və bu yolla oxumağı öyrəndim. Bu əlifbada oxuduğum ilk əsər Mirzə İbrahimovun “Böyük dayaq” romanı oldu.

Evimizdə aparılan axtarış zamanı bütün solçu və milli kitablar müsadirə olundu.

***

 
Soldan sağa: Atilla, bacısı və qardaşı. Tehran, 1967-ci il.   
   

Atillanın hazırladığı xəbərlərin bir çoxu milli fəalların həbsi ilə bağlıdır. Demək olar, hər belə xəbərdə “evdə yoxlama aparılıb, fəala məxsus kompüterlər, kitablar, disklər və daha bir sıra şəxsi əşyalar götürülüb” ifadəsi qaçılmazdır. Atilla bunun necə baş verdiyinin canlı şahididir. Yalnız indi kaset əvəzinə disklər müsadirə olunur:

- Mən və iki bacım həbs olundu. Xorasan meydanındakı inqilab komitəsində bizi 2 gün saxladılar. Bizdən orada bir neçə dəfə ifadə alındı, məni də molla paltarında bir nəfər dindirirdi. Soruşdu, şurəvidə (Sovet İttifaqı) buraxılan kitabları hansı yolla əldə etmisən. Kasetdə Bethovenin 5-ci simfoniyasını dinləyib dedi, bu musiqiyə qulaq asıb evdə rəqs edirsiniz? Dedim bu kitablar açıq satışda var, Bethovenin də musiqisi məni düşündürür.

Bizi Tehranın Evin zindanına köçürdülər. Mən 18 ay, kiçik bacım 9 ay, böyük bacım 9 il yarım Evində məhbus olub. Formal bir məhkəmə prosesi də keçirilmədi, eləcə həbs etdilər, vəssalam. Evin zindanında məni 5-6 dəfə dindirdilər. İl yarım sonra da mülk girovu qarşılığında məni azadlığa buraxdılar.

Bir sorğu-sual heç yadımdan çıxmır. Gözübağlı məni bir otağa saldılar, üzü divara sarı küncdə əyləşdirdilər, gözümdəki sarğını bir qədər qaldırdılar. Sual kağıza yazılır, qarşıma qoyulurdu. Mən də o suala cavab verməli idim. Arxamda dayanan müstəntiqi görə bilmirdim. Heç bir təşkilatın da üzvü olmadığımdan nə cavab verəcəyimi bilmirdim. Hərdən ayağa qaldırıb mənə şillə, təpik vururdular. Gözübağlı zərbənin haradan gəldiyini bilmirdim. Yerlə sürütlədilər, bir zirzəmiyə salıb, əl-ayağımı bağladılar. Məni elektrik kabeli ilə xeyli döydülər, huşumu itirdim. Əl-qolum açılandan sonra da bir müddət hərəkət edə bilmədim. Eləcə divara söykənib oturmuşam axşamadək.

Həbsin ilk 45 günü xurma, kərə yağı, çörək və hərdən bir qədər pendir verilirdi. Çay-zad yox idi, sonradan verməyə başladılar. Qab qıtlığı vardı, adətən 5 nəfər bir qabdan yeyərdi. Ayaqyolu kənarda idi deyə, bu məsələ çox çətinlik doğururdu. Bəzən keşikçi heç qapını açıb kimisə buraxmaq istəmirdi. Həbsin sonrakı müddətində ata-anam mənimlə görüşə bildi, bir qədər pal-paltar da ötürdülər. Təmizlik işi problem doğururdu, 3-4 duşla onlarla insan 20-30 dəqiqəyə həm çimməli, həm də paltar yumalı idi. Kamerada 50 adam vardı bəlkə. Növbə ilə yatardıq.

İnqilabın ilk illərində çox çətin idi, heç bir hüquqi təhsili olmayan insanlar məhkəmə aparırdılar. Müttəhim gözübağlı otururdu həmin bu inqilabi məhkəmədə, bir neçə sual verilərdi. Elə yerindəcə qərar çıxarılırdı. Bəzən də ölüm hökmü. Mənim yaxın dostlarımdan üçünə beləcə ölüm qərarı kəsilib, onlar təşkilata üzv idilər deyə, edam olundular.

Bir vətəndə iki ömür (2)                                                      

İsmayıl İSMAYILOV

ismayilrafig@gmail.com

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100