Analiz

Tamaşaçılığı qanunlaşdıran iştirakçılıq layihəsi

2013-05-16 - 15:18:00

Ənnağı HACIBƏYLİ
 

Konstitusiyanın 55-ci maddəsinə əsasən, vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ var. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

Bu hüquq çeşidli formalarda, müxtəlif mexanizmlərdən istifadə edilməklə gerçəkləşdirilə bilər. Əhalinin dövlət idarəçiliyində iştirakının formalarından biri də ictimai iştirakçılıq institutu vasitəsilə qərarların qəbuluna təsir göstərilməsi, dövlət orqanlarının fəaliyyətinə nəzarət olunmasıdır. “İctimai iştirakçılıq haqqında” qanun layihəsi də bu məqsədlə hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim edilib.

1998-ci il iyunun 23-25-də Danimarkada imzalanmış “İnformasiyaya çatım, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakı, ətraf mühitə dair məsələlər üzrə ədalət mühakiməsinə çatım haqqında Konvensiya”ya  (“Orxus Konvensiyası”) görə, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakı bu qərarların həm qəbulunun, həm də icrasının keyfiyyətini yüksəldir, dövlət orqanlarına imkan verir ki, əhalinin marağını nəzərə alsın.

Başqa ölkələrin oxşar qanunları ilə tanışlıq göstərir ki, ictimai iştirakçılıq institutu adətən üç səviyyədə - milli səviyyədə, icra səviyyəsində və yerli səviyyədə tətbiq olunur. Tətbiq dairəsinə görə də geniş spektri əhatə edən bu institut qanunvericilik, icra, o sıradan büdcə, ekoloji problemlər, səhiyyə, demoqrafiya, informasiya, səhiyyə, idarəçilik və s. sahələri əhatə edir. Adətən aşağı orqanların yanında fəaliyyət göstərən ictimai şuralar seçkili, yuxarı orqanların nəzdində fəaliyyət göstərən şuralar isə təyinatlı qaydada təşkil edilir. Bəzən məlumatlandırma üsulundan da istifadə olunur. Şura üzvlərinin fəaliyyəti əsasən ödənişsiz olsa da, bəzən xərclər kompensasiya edilir. Şuraların qərarları daha çox tövsiyə xarakterli olsa da, onlara məcburi xarakterli qərarlar qəbul etmək səlahiyyəti də verilir.

Milli Məclisin müzakirəsində olan hazırkı qanun layihəsinin 1-ci maddəsində deyilir ki, qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. Amma layihədə ictimai iştirakçılıq institutuna məhdud yanaşılır, ona görə də qəbul ediləcəyi halda “İctimai iştirakçılıq haqqında” qanun lazımi təminatları vermək gücündə olmayacaq.

Qanun layihəsində ictimai iştirakçılığın formaları imperativ qaydada müəyyən edilir. Başqa formaların mümkünlüyü isə o halda tanınır ki, bu, qanunvericilikdə müəyyən olunsun. Bu o deməkdir ki, hər hansı yeni formanın tətbiqi “qanunda nəzərdə tutulmayıb” bəhanəsi ilə mümkünsüz ola bilər. Ümumiyyətlə, ictimai iştirakçılığın bu qaydada nizamlanması onun geniş tətbiqinə imkan verməyəcək və nəticədə parlament daha bir ölü qanun doğacaq. Yaxud da qanunun tətbiqi ictimai iştirakçılığı daha da məhdudlaşdıracaq. Çünki qanun məhdud mexanizmlər müəyyən etməklə vətəndaş təşəbbüskarlığını əngəlləyir. Bundan başqa, qanun layihəsini vətəndaş cəmiyyəti təşkilatları hazırlayıb parlamentə təqdim etsə də, o, hökumətin hazırladığı qanun layihələrindən fərqlənmir.

Bəlkə də layihə hökumətdən gəlsəydi, daha demokratik və liberal ola bilərdi. Layihənin 3.2-ci maddəsinə görə, “Bu Qanunun müddəaları bələdiyyələrin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların), həmkarlar ittifaqlarının, peşə birliklərinin fəaliyyətinə şamil olunmur”. 2.0.2-ci maddədə isə vətəndaş (mülki) cəmiyyəti institutları sırasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılan və fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri və bələdiyyələrin məhəllə komitələri göstərilir.

Bundan başqa, qanun layihəsinin 7, 11.2.8, 13, 15.2-ci maddələrində də vətəndaş cəmiyyəti təşkilatları kimi həmin qurumlar nəzərdə tutulur. Ona görə də bu qanunun müddəalarının həmin təşkilatların fəaliyyətinə şamil olunmaması barədə norma ziddiyyət yaradır və başqa cür ifadə edilməlidir. 2.0.1-ci maddədə “mərkəzi və yerli icra hakimiyyəti” sözlərindən qabaq “qanunvericilik” sözü əlavə edilməlidir.

Xarici ölkələrdə qanun layihələri hazırlamaqla məşğul olan ictimai şuraların yaradılması təcrübəsindən geniş istifadə olunur. Azərbaycanda qanunvericilik prosesinin qapalı şəraiti bunu xüsusilə aktuallaşdırır. “Normativ-hüquqi aktlar haqqında” qanunda qanunvericilik orqanının fəaliyyətində vətəndaş iştirakçılığını nəzərdə tutan normalar var. Qanunun 9.2-ci maddəsinə görə, normayaratma orqanının qərarı ilə normativ-hüquqi aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla bilər.

“Normativ-hüquqi aktlar haqqında” qanunun 40.2-ci maddəsinə əsasən normayaratma təşəbbüsünün subyekti olmayan şəxslər təklif və layihələrini dövlət orqanlarına təqdim edə bilərlər. Bu o deməkdir ki, qanunvericilik prosesində də ictimai iştirakçılıq institutunun tətbiqi mümkündür. “İctimai iştirakçılıq haqqında” qanun layihəsində buna imkan verən normanın olmaması, “Normativ-hüquqi aktlar haqqında” qanunda isə onun normayaratma orqanının qərarından asılı edilməsi məsələnin həllini yarımçıq qoyur.

“İctimai iştirakçılıq haqqında” qanun layihəsinin 2.0.5-ci maddəsində ictimai dinləməyə - müvafiq sahə və ya inzibati-ərazi vahidinin ayrı-ayrı aktual məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin mövqeyinin öyrənilməsi, ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, vətəndaşların və ayrı-ayrı sosial qrupların təmsilçilərinin, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş vətəndaş yığıncağı kimi anlayış verilir. Lakin qanun layihəsinin mətnində, özəlliklə bu məsələni nizamlayacaq 7-ci maddədə vətəndaşların və ayrı-ayrı sosial qrupların təmsilçilərinin necə seçiləcəyi barədə qayda yoxdur. Onların necə seçiləcəyi, hansı qaydada və nə qədər səlahiyyət əldə edəcəyi kimi məsələlər layihədə açıq qalıb.

2.0.5-2.0.7 və başqa maddələrdə işlədilən “müvafiq sahə” ifadəsinin nəyi nəzərdə tutduğu aydın deyil. Bu ifadənin konkretləşdirilməsinə ehtiyac var.

2.0.6-cı maddədə “sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi” deyiləndə hansı tədbirlərin nəzərdə tutulduğu bəlli olmur. Tədbirin oxşar olub-olmaması necə müəyyənləşəcək?

5-ci maddədə ictimai iştirakçılığın prinsipləri sırasında “Hesabatlıq”da göstərilməlidir.

6-cı maddədə ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertiza ictimai iştirakçılığın təşkilati-hüquqi formaları adlandırılır. 6.1-ci maddədə isə deyilir ki, “Azərbaycan Respublikasının qanunvericiliyi ilə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər”.

Bəlli olduğu kimi, təşkilati-hüquqi forma qanunvericilikdə hüququn subyektləri kimi hüqiqi şəxslərə münasibətdə işlədilən termindir. Təşkilati-hüquqi forma dedikdə, hüquqi şəxsin ümumi əlamətləri sistemində obyektiv surətdə fərqlənən və bu qrupu başqalarından önəmli dərəcədə fərqləndirən konkret əlamətlərin cəmi nəzərdə tutulur. Ona görə də bu maddədə sadalanan bəzi fəaliyyət, məsələn, “ictimai rəyin öyrənilməsi” özlüyündə təşkilati-hüquqi forma deyil, fəaliyyət adlandırıla bilər. O, hansısa təşkilati-hüquqi forma çərçivəsində (vasitəsilə) həyata keçirilə bilər, lakin fəaliyyətin özü təşkilati-hüquqi forma sayıla bilməz. Təsadüfi deyil ki, layihənin 2.0.6-cı maddəsində də ictimai rəyin öyrənilməsinə “müvafiq sahə və ya inzibati-ərazi vahidinin ayrı-ayrı aktual məsələlərinə, ictimai əhəmiyyətli problemlərə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi” kimi anlayış verilir. Eyni sözləri “ictimai şura”dan başqa bütün formalar haqqında da demək olar. Yaxşı olar ki, maddə “İctimai iştirakçılığın formaları” adlandırılsın və mətn də buna uyğynlaşdırılsın. Çünki burada, əsasən məhz fəaliyyət formalarından danışılır.

Qanun layihəsinə 6-cı maddə ilə yanaşı “İctimai Şuraların səlahiyyətləri” adlı maddə əlavə edilməlidir. İctimai şuraların reqlamenti üçün model-norma sayılacaq bu maddədə şuraların səlahiyyətlərinə daxil olan məsələlər dispozitiv qaydada qeyd edilməlidir. Başqa ölkələrin təcrübəsində ictimai şuralar:

- qanun layihələrinin hazırlanması, onlara rəy verilməsi;

- hökumət layihələrinin dəstəklənməsi və ya rədd edilməsi;

- büdcə və büdcədənkənar vəsaitlərin ayrılması və xərclənməsinə göz qoyulması;

- hökumətin, ayrı-ayrı nazirliklərin hesabatlarının analiz, təsdiq və ya rədd edilməsi;

- nazirliklərin fəaliyyətinin ayrı-ayrı sahələrinin qiymətləndirilməsi, onlara tövsiyələr və təkliflər verilməsi;

- dövlət orqanlarının fəaliyyətində şəffaflığa əməl edilməsinə göz qoyulması;

- qanunverici, icra hakimiyyəti və yerli orqanlarla QHT-lərin əməkdaşlığının əlaqələndirilməsi;

- nazirliklərin sosial-iqtisadi inkişaf proqramlarının müzakirəsinin təşkil edilməsi, bu proqramların icrası barədə nazirlərin məlumatlarının dinlənilməsi;

- şəhər hakimiyyətinin kommunal xidmət və inkişaf layihələrinin hazırlanması və gerçəkləşdirilməsində iştirak edir və başqa çoxsaylı səlahiyyətləri həyata keçirirlər.

Əslində ictimai şuralar daxili və xarici siyasətin ən müxtəlif sahələrində fəaliyyət göstərərək dövlət siyasətinin formalaşdırılması və gerçəkləşdirilməsində aktiv iştirak edir, dövlət siyasətinə önəmli təsir göstərirlər. Bu səlahiyyətlər verilmədən ictimai şuraların gerçək fəaliyyəti mümkün deyil.

13-cü maddəyə əsasən, “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar, vətəndaşların ayrı-ayrı qrupları ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər”. Vətəndaşların ayrı-ayrı qruplarının ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü hüququnu gerçəkləşdirməsi qaydası və proseduru da qanun layihəsində nizamlanmır. Bu qruplar neçə nəfərdən ibarət ola bilər? Onlar hansı formada və qaydada müraciət edə bilərlər?..

11-ci maddəyə görə, “İctimai şuranın iş qaydası onun iclasında qəbul edilən reqlament ilə müəyyən edilir”. “İctimai dinləmənin və ictimai müzakirənin keçirilməsi qaydaları” adlanan 16-cı maddədə də məhz reqlamentlə nizamlanmalı olan məsələlərdən danışılır. Bu qaydalar ya qanunla, ya da reqlamentlə nizamlanmalıdır. İkinci halda da reqlamenti Təşkilat Komitəsi qəbul edə bilər.

15-ci maddədə göstərilən Təşkilat Komitəsi ilə bağlı normalar da yarımçıqdır. Aydın olmur ki, Təşkilat Komitəsini kim, necə, hansı qaydada və kimlərdən təşkil edəcək. Bu institutu nizamlayan xüsusi qanunun qəbuluna ehtiyac varsa, o, qüvvədə olan qanunvericiliklə uyğunlaşdırılmalı, qüvvədə olan normaları təkmilləşdirməli və inkişaf etdirməlidir. Məsələn, “Normativ-hüquqi aktlar haqqında” qanunda qanunvericilik orqanının fəaliyyətində vətəndaş iştirakçılığını nəzərdə tutan normalar var. “Normativ-hüquqi aktlar haqqında” qanunun 9.2-ci maddəsinə görə, normayaratma orqanının qərarı ilə normativ-hüquqi aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla bilər. Bu o deməkdir ki, qanunvericilik prosesində də ictimai iştirakçılıq institutunun tətbiqi mümkündür. Eyni sözləri bələdiyyə və büdcə qanunvericiliyi barədə də demək olar. “Büdcə sistemi haqqında” qanunda, “Bələdiyyələrin statusu haqqında” qanunda və başqa qanunlarda olan müddəalar da layihədə inkişaf etdirilməli və konkretləşdirilməlidir.

 

“İctimai iştirakçılıq haqqında” qanun layihəsi

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

Səsvermə

“Qarabağ” futbol komandası UEFA Avropa Liqasının F qrupunda neçənci yeri tutacaq?
1-ci yer
2-ci yer
3-cü yer
4-cü yer
        Rambler's Top100