Cəmiyyət

“Media forum” əhvalatlarından (2)

2012-12-27 - 16:41:00

2012-ci ilin dekabrında 8 yaşını tamamlayan “Media forum” saytının redaksiyasında baş vermiş bəzi əhvalatları oxuculara təqdim edirik.

Atilla Maralanlı İran saytlarının birindən İkinci Dünya müharibəsi dövrünün sovet kəşfiyyatçısı Gevorq Vartanyanın ölüm xəbərini oxuyub otağa səslənir.

Hikmət Sabiroğlunun reaksiyası belə olur: 

- Görmüşəm.

Səidə Hüseynova da o cür deyir:

- Mən də görmüşəm.

Atilla qayıdır:

- Yaxından görmüsünüz? 

Səidə:

- Gevorq Vartanyanı yox e, ölüm xəbərini görmüşük...

***

Atilla otağa səslənib yaxın günlərdə halva bişirəcəyini bəyan edir.

Səidə soruşur:

- Bəyəm ölən var?

Bir il öncə qaz sızmasından zəhərlənib xəstəxanaya düşdüyünü, o dünyanı görüb gəldiyini nəzərdə tutan Atilla deyir:

- Mən yeganə ölüyəm ki, halvamı özüm bişirirəm.

***

Bakıda Koroğlunun abidəsinin açılışı olur. Saytda getmiş “Koroğlu kasıbların tərəfində idi. Ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi” başlıqlı xəbəri oxuyan Atilla köks ötürür: 

- Koroğlu da vətəndaş oldu, mən qaldım. 

Güney Azərbaycandan olan Atilla Maralanlı 20 ilə yaxındır Azərbaycan Respublikasının vətəndaşlığını ala bilmir.

***

İnternetdən xəbər oxuyan Səidə bildirir:

- 97 yaşlı italiyalı qadının yeni dişi çıxıb.

Atilla ah çəkir:

- Kaş mənim dişim çıxaydı... Nə qədər “restart” edirəm, bir şey əmələ gəlmir.

“Restart” kompüterdə “yenilənmə” funksiyasını yerinə yetirən düymənin ingilis dilindəki adıdır.

***

Sayta yenicə təcrübə keçməyə gələn Yeganə Oqtayqızı deputat Aydın Mirzəzadədən açıqlama alır. Xəbər redaktəyə təqdim olunanda Azər Qaraçənli otağa səslənir:

- Həəə... Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının sədri imiş...

***

Saytın yeni işçisi Töhfə Əzimova Hikmətə yaxınlaşıb deyir:

- Bu gün axşam bizi ailəvi qonaqlığa dəvət ediblər. İcazə versəydiniz, tez gedərdim.

Hikmət üzü monitora sarı yalandan bozarır:

- Heç bir qonaqlıqdan söhbət gedə bilməz. 

Bir qədər sonra məlum olur ki, Töhfə qonaqlıq planını ləğv edib. Zarafatı ciddiyə alıb...

Hikmət bu dəfə üzünü gerçəkdən bozardır:

- Zəng vur, qonaqlığı bərpa elə...

***

Günəş panelləri istehsal edən “AzGünTex” zavodunun rəsmisi “Media forum” saytının suallarını cavablandırır. Müsahibəni Töhfə alır, yazı oxunub hazır olur, amma iki gün ötsə də, müsahibin şəkli gəlib çıxmır. 

Səbri tükənən Hikmət daxili telefonla Töhfəyə zəng edir:

- Onlara de, 5 dəqiqəyə şəkli yollasınlar. Yoxsa müsahibin yerinə günəş şəkli verəcəm.

***

İmdad Əlizadəni mayın 29-da küçədə it qapır. Ayın 30-u, 31-i işdə hamı bu barədə danışır, İmdad həkimə gedib-gəlir, qolusarıqlı gəzir.

İyunun 1-də Səidə soruşur:

- İmdad, necəsən?

İmdad:

- Yaxşıyam, ağrılar azalıb.

Atilla qayıdır:

- İmdad, qoluna nə olub?

***

Bir qrup işçi lotereya oynayır. May ayında pul almaq növbəsi İsmayıl İsmayılova çatır. Hamı maaş alanda o, Gürcüstanda səfərdə olur, sonra araya 28 May bayramı düşür. Ardınca pulu yığan Aynur İmanova xəstələnib 3 gün işə çıxmır.

Nəhayət, iyunun 1-də Aynur işə çıxır, pulları toplayır və gəlir çatdırsın yiyəsinə. Amma İsmayılı otaqda tapa bilmir.

Səidə deyir:

- İsmayıl neçə gündür pul gözləyir, əsəbiləşdi, çıxıb getdi pensiya fonduna pul ödəməyə...

***

“Media forum”da işıq sönür, UPS-lər (enerji saxlayan qurğu) səs-küy salır, aləm dəyir bir-birinə. Əməkdaşlar açıq faylları bağlamaq, kompüterləri söndürməklə məşğuldurlar. Hərə bir tərəfə dağılır. UPS-i digərlərinə nisbətən daha çox enerji saxlayan Azər birdən gözünü ekrandan ayırır:

- İşıq sönüb?!

***

Son anda debata gəlməkdən imtina edən müsahibə işarə edən Alya deyir:

- Debatımız yandı.

İsmayıl:

- Yeznə yanan kimi yandı?

***

Oqtay Qorçunun toyu ərəfəsi. Azər, Hikmət, Atilla, İmdad pivə içirlər.

Atilla soruşur:

- Oqtayın toyu harda olacaq?

Hikmət Atillanı tələyə salır:

- Demə, demə, çox bahalı yerdir. İmdad, son qiymət nə oldu?

İmdad:

- Çox çək-çevirdən sonra 137 manata düşdülər.

Atilla:

- Yerin biri 137 manat?

Hikmət:

- Oqtayın təzə qohumları varlı adamlardır, onların əməlidir... Gərək 150 manat yazılaq hərəmiz...

Səhəri gün Atilla Hikməti qırağa çəkir:

- İstəyirəm Oqtaya 50 dollar verim bəri başdan, toya gəlməyim...

***

Gənc müxbir Elkinə məsləhət verən Hikmət deyir:

- “Facebook”dan adam yox, mövzu tut, mövzu.

***

Telefonla danışan İsmayıl məlumatı dəqiqləşdirdiyi müsahibindən soruşur:

- Onlar qardaşdır? Hə?! Atadan bir???

***

Səidə yumurtanın qiymətində dayanmadan dəyişiklik olmasını pisləyən yazı yazır. Həmin gün naharda İsmayılın yumurta bişirdiyini görüb qəzəblənir:

- Mən yumurtadan yazı yazmışam, sən də yumurta yeyirsən... 

Bir qədər sonra mətbəxə girən Aysel Yusifqızı ehtiyatsızlıqdan qabdakı yumurtanı dağıdır. İsmayıl “obed”siz qalır.

***

Atillanın redaktədən əvvəlki cümləsi:

- Tailand hökuməti bu ölkədə baş vermiş partlayışda təqsirli bilinərək ikisini tutduğu iranlının kimliyini açıqlayaraq onların İsrailin bu ölkədəki hədəflərinə qarşı terror əməliyyatında günahlandırıldığını bildirib.

***

Hikmət gənc müxbir Kamilə Məhərrəmlini çağırıb məzəmmət edir:

- Niyə belə həvəssizsən, nəsə olub? Çox diqqətsiz olmusan. Nə baş verir?

Söhbət uzanır. Otaqdakı işçilərin hərəsi bir söz deyir, depressiyadan çıxmağın yollarını göstərir.

Səidə deyir:

- Yaxşısı budur yazı yaz, çox kömək edir. Vallah, vaxtım yoxdur, yoxsa mən də yazardım.

İsmayıl:

- Yəqin ilham gəlmir, həm də ilham yəqin kişilərə gəlir. Görəsən, qadınlara nə gəlir? 

Aysel:

- İlhamə!!!

***

Ofisə qonaq gələn Eynulla Fətullayev əlində 100 manatlıq “Media forum”un baş otağının qapısını açır:

- Sizdə yüzlüyə xırda olmaz?

Azər:

- Yox, ayın sonuna yaxındır, maaş da hələ yoxdur.

Eynulla digər otaqdakı “Media forum”çulara yaxınlaşır:

- Sizdə yüzlüyə xırda olmaz?

Hamı susur, yəni yoxdur.

Eynulla:

- “Media forum” lap kasıb sayt imiş.

Aynur deyir:

- Kasıb deyilik. Nağd ödəmələrdən imtina etmişik. Yalnız kartla işləyirik.

***

İmdad hər gün “Media forum”un əsas otağına girərək hamı ilə salamlaşır. Adəti üzrə Səidəyə ingiliscə “Hi” (hay) deyir. 

Bir gün Atilla dözmür:

- İmdad, guya ingilis dili öyrənirsən, amma elə “hay”da qalmısan...

 

Topladı:İsmayıl İSMAYILOV

 

BU ƏHVALATLAR “MEDİA FORUM”un REDAKSİYASINDA BAŞ VERİB (7 yaşa təbrik əvəzi)

Xəbər Lenti

    Database error encountered

    This script cannot continue, terminating.