Siyasət

“Azərbaycandan namərdlik gözləməyin”

2012-10-02 - 17:55:00

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Media forum” saytına müsahibəsi

   

- “Röyter” agentliyi İsrailin İrana mümkün hərbi müdaxiləsi haqda araşdırma aparıb. Agentliyin araşdırmasına görə, İsrail İrana hərbi müdaxilə edəcək və müharibə dövründə Azərbaycanın hərbi aerodromlarından, bazalarından yararlanacaq...

- Bu məlumatın heç bir əsası yoxdur, reallığa uyğun deyil. Təəssüflər olsun ki, son zamanlar nəinki ayrı-ayrı şəxslər, qurumlar, eyni zamanda böyük dövlətlər və onlara məxsus transmilli şirkətlər də Azərbaycan-İran münasibətlərinin korlanması, bu ölkələrin bir-birinə qarşı etimadsızlığının artırılması və Azərbaycanın məcburiyyət qarşısında anti-İran cəbhəsinə cəlb olunması istiqamətində işə başlayıb. Burada məqsəd birmənalıdır və onun nədən ibarət olduğu bizə məlumdur. Bunu edənlərin məqsədi Azərbaycanla İranın bir-birinə olan etimadını azaltmaq, iki ölkə arasındakı qonşuluq razılaşmasını pozmaq və Azərbaycanı anti-İran cəbhəsinə cəlb edərək, gələcəkdə bizim dövlət vasitəsilə İranla bağlı planlarını həyata keçirməkdir.

Ancaq biz İrana qarşı yönələn planlarda iştirakımızı inkar edirik. Azərbaycan heç bir anti-İran cəbhəsində təmsil olunmur. Bu, keçmişdə də olmayıb, indi də belədir və gələcəkdə də olmayacaq. Biz İranla qonşu dövlətik, bu ölkənin xarici əlaqələri də, Azərbaycanın xarici siyasəti də müstəqildir. İranın kiminlə dost, kiminlə düşmən olması bu dövlətin öz işidir. Azərbaycanın kiminlə müttəfiq, dost, tərəfdaş olması da bizim işimizdir. İlk dəfə deyil ki, Azərbaycan-İran münasibətlərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bir müddət əvvəl “Foreign Policy”, “Vaşinqton post” bunu etmişdi, indi isə “Röyter” belə bir məlumat yayır. Bu məlumatları birmənalı şəkildə təkzib edirik.

“Röyter”in son yazısında istinad etdiyi istefada olan hansısa rus, azərbaycanlı hərbçilərinin hamısı uydurmadır, belə bir mənbə yoxdur. Hətta belə bir mənbə varsa da, hansısa keçmiş hərbçi onlara belə sözlər deyibsə də, bunların heç bir əsası yoxdur.  

“Röyter” yazını hazırlayarkən Azərbaycanın rəsmi qurumlarına müraciət etməyib, rəsmi mövqe ilə maraqlanmayıb. Müraciət etsəydilər, belə bir yazı mütləq gündəmdən çıxmalıydı, dərc olunmamalıydı. Rəsmi qurumlardan mövqe öyrənilməməsi planlı şəkildə edilib və məqsəd yazının dərc edilməsi olub. 

- Beynəlxalq mətbuatda belə informasiyalar yayılanda İranın buna münasibəti necə olur? Bu məlumatlar İranın narahatlığına səbəb olurmu? Tehran Bakı ilə hansısa dəqiqləşdirmə aparırmı?

- İranın dövlət qurumları müvafiq olaraq bunlarla maraqlanır, qonşusunun bu məsələlərə münasibətini öyrənir. Biz də ən yüksək səviyyədə məsələyə aydınlıq gətiririk, arayış veririk və İrana birmənalı şəkildə bildiririk ki, Azərbaycandan namərdlik gözləməyin. Onlara deyirik ki, biz sizə qarşı olan hücumlarda platsdarm olmayacağıq, bunu gözləməyin. Prezident İlham Əliyev, dövlət başçısının sözçüləri, yüksək vəzifəli dövlət rəsmiləri bunu dəfələrlə bəyan edib.          

- İsrail nümayəndələrinin Azərbaycana səfərlərində, iki ölkə rəsmilərinin görüşlərində İran məsələsi də müzakirə olunurmu? İsrail rəsmi Bakıya hərbi bazalardan istifadə etmək təklifi veribmi?

- Biz xarici ölkələrlə münasibətlərimizi sərbəst və Azərbaycanın maraqları üzərində qururuq. Əgər Azərbaycan maraqları fonunda İsraillə İran arasında olan münasibətləri müzakirə etmək zərurəti yaranırsa, gündəmə gəlirsə, təbii ki, belə müzakirələr olur. Amma bu müzakirələr İsraildən İrana, yaxud İrandan İsrailə qarşı istifadə etmək məqsədi ilə aparılmır.

- ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Deyn Rorabaher qurumun xarici əlaqələr komitəsinə azərbaycanlılarla bağlı qətnamə layihəsi təqdim edib. Bu layihəni necə qiymətləndirirsiniz?

- Son zamanlar ABŞ-ın bəzi konqresmenləri səviyyəsində Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi kimi fantastik ideya meydana atılır, bununla bağlı layihələr hazırlanır. Guya İran dağılır, Cənubi və Şimali Azərbaycan birləşir... Bütün bunlar İranla Azərbaycan arasında etimadsızlığın artırılmasına, iki ölkəni bir-birinə savaşdırmağa hesablanmış cəhdlərdir, bunu arzulayan qüvvələrin işidir. Biz bunları birmənalı şəkildə pisləyirik. Azərbaycan və İran bir-birinin ərazi bütövlüyünü tanıyır. Ona görə də bizim istər indiki, istərsə də gələcək planlarımızda, dövlət siyasətimizdə, gələcək hədəflərimizdə, strateji məqsədlərimizdə İranın dağılması, onun daxili işlərinə müdaxilə, Cənubi və Şimali Azərbaycanın birləşdirilməsi məsələləri yoxdur. Biz belə bir ideya üzərində işləmirik. Bütün bunlara görə ABŞ Konqresinə belə bir qətnamənin təqdim olunmasını təxribat hesab edirik.

- Bəzi ekspertlər hesab edir ki, Azərbaycan İranla bağlı mövqe seçməkdə gecikir. Yəni beynəlxalq ictimaiyyət İrana qarşı mövqeyini sərtləşdirdiyi halda rəsmi Bakı gözləyir. Azərbaycan İranla bağlı proseslərdə iştirak edirmi? Sizcə, İran məsələsi necə yekunlaşacaq?

- Azərbaycan nə anti-İran kampaniyasında iştirak edir, nə də İranın anti-Qərb kampaniyasında. Biz İran rəhbərliyinə də birmənalı şəkildə demişik ki, Azərbaycan sizin anti-Qərb, anti-Amerika, anti-İsrail siyasətinizdə yoxdur və bizim bu dövlətlərlə tərəfdaşlıq münasibətlərimiz var. Qərb bloklarına, ayrı-ayrı ölkələrə də bəyan etmişik ki, sizin İrana qarşı kampaniyanızda iştirak etmirik. Çünki bu bizim qonşu dövlətdir, onunla qonşuluq münasibətlərimiz, maraqlarımız var. Bundan başqa, Cənubi Azərbaycanda 30 milyondan artıq azərbaycanlı soydaşımız yaşayır. Bu insanların həyatı, təhlükəsizliyi və digər maraqları bizim üçün həddən artıq qiymətlidir, əzizdir.

İranla bağlı məsələnin necə yekunlaşmasına gəlincə, buna dair proqnoz vermirik və verməyəcəyik. İran böyük dövlətdir və dünya ilə münasibətlərini özü qurur. Yaxşıdır, pisdir, bunu İran özü, İran xalqı müəyyən edir. 

İmdad ƏLİZADƏ

 

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

Səsvermə

“Qarabağ” futbol komandası UEFA Avropa Liqasının F qrupunda neçənci yeri tutacaq?
1-ci yer
2-ci yer
3-cü yer
4-cü yer
        Rambler's Top100