Cəmiyyət

“İNTERNET MEDİASINDA ETİK NORMALAR DİGƏR KİV-dən DAHA ÇOX QORUNUR”

2012-07-11 - 17:10:00

  “Media forum” saytının baş redaktoru Azər Qaraçənlinin “Modern.az” saytına müsahibəsi

- Azərbaycanda ilk internet qəzetlərindən biri “Mediaforum.az”dır. Ümumiyyətlə, həmin vaxta qədər müxtəlif internet saytları fəaliyyət göstərsə də, internet mediası sahəsində ilk addımlardan birini “Mediaforum.az” saytı atıb. Siz də qəzet jurnalistikasından birbaşa internet məkanına gəldiniz, yəni təcrübəni bilməyərək bu sahəyə atıldınız. Bu barədə ətraflı danışa bilərsinizmi?

- “Mediaforum” saytı 2004-cü ilin dekabr ayında fəaliyyətə başlayıb. Bu sayt “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsidir. Layihə “İnternyus”da yazılıb, ABŞ-ın Demokratiyaya Yardım Milli Fondu bu layihəni bəyənib, qəbul edib, maliyyələşdirməyə razılaşıb. Yəni bura qədər proses mənsiz olub. Yalnız bundan sonra “İnternyus Azərbaycan” İctimai Birliyi layihəni icra etmək üçün məni dəvət etdi, o zaman da işlədiyim “Avropa” qəzetinin nəşri dayanmışdı, işsiz idim və mən də təklifi qəbul etdim. 2004-cü ilin payızından saytın hazırlanmasına, dizaynın formalaşdırılmasına, yaradıcı işlərin planlaşdırılmasına başladıq və 2004-cü ilin dekabrında saytı işə saldıq.

Həmin günə qədər ancaq qəzetlərdə işləmişdim və nəinki xəbər saytından, heç internetin özündən düz-əməlli xəbərim yox idi. Deməzdim ki, həmin vaxt internet mediası sahəsində ilk addımı “Mediaforum” saytı atıb. Ona kimi bəzi xəbər saytları, o cümlədən “Day.az”, “Xeber.net” fəaliyyət göstərirdi. Ölkənin aparıcı qəzetlərinin, xüsusən “Yeni Müsavat” qəzetinin internet səhifəsi populyar idi, indi də populyardır. Bir növ xəbər saytı funksiyasını yerinə yetirən bəzi başqa saytlar da var idi. Məsələn, Müsavat Partiyasının başqanı İsa Qəmbərin fərdi saytı – “İsagambar.az” bu funksiyanı yerinə yetirirdi, xəbərlər, məqalələr yayırdı.

“Mediaforum” saytını yaratmağa başlayanda bu saytın necə olacağı sualına heç bir cavabım yox idi. Heç “İnternyus Azərbaycan” İctimai Birliyinin də bu suallara cavabı yox idi. Sadəcə, layihə hazırlanıb keçmişdi və indi onu həyata keçirmək lazım idi.

Təklifi qəbul edəndən sonra fikirləşdim ki, qəzetdə necə işləmişiksə, o cür də davam edək. Fikir versəniz görərsiniz ki, biz özümüz saytımızın adını belə yazırıq: “Media forum”. Bu, qəzet adının yazılışına oxşayır. Sayt adı belə yazılmamalıdır. Məsələn, “Modern.az” doğru yazılışdır, bu baxımdan bizim saytın adının “Mediaforum.az” yazılması daha doğru olardı. Amma o vaxt mən bunları bilmirdim və mənim təcrübəsizliyimdən saytın adının yazılışı qəzet adı kimi alınıb. İndiki vaxt olsaydı, yəqin ki, saytımızın adını başqa cür yazardıq. Amma indən belə daha bunu dəyişməyə də ehtiyac görmürəm, belə başlamışıq, qoy belə də davam etsin.

Hərdən məndən soruşurlar ki, “Mediaforum” saytının adı nə cür yazılmalıdır? Görürlər ki, biz özümüz “Media forum” yazırıq, bu sual yəqin burdan doğur. Amma bəziləri “Mediaforum”, bəziləri isə “Mediaforum.az” yazır. İndi düşünürəm ki, ən doğrusu domenlə birlikdə yazmaqdır.

Fəaliyyətə başlayandan sonra 2005-ci ilin parlament seçkisinə qədər müəyyən templə irəlilədik. Seçki ərəfəsində, xüsusən seçkidən sonra ölkədə internetə maraq artdı və bu, “Mediaforum”un da populyarlığını gücləndirdi. Həmin vaxt ictimai-siyasi həyatda, jurnalistlər və oxucular arasında internetə, internet mediasına marağın güclənməsində “Mediaforum” saytının xüsusi rol oynadığını da düşünürəm.

İnternetdən əvvəl televiziya, televiziyadan əvvəl radio, radiodan əvvəl qəzet yarananda da yəqin fikirləşiblər: görəsən, bu nə deməkdir. Baxmayaraq ki, xəbər saytı dünyada, Azərbaycanda var idi, amma özüm o işin içərisində olmadığıma görə mənim bu iş haqda təsəvvürüm yox idi. İnternet jurnalistikasını, ümumiyyətlə onlayn rejimi “Mediaforum”da iş prosesində öyrənmişəm. Biz qəzetdə öyrəndiklərimizi internetdə tətbiq edə-edə internetin özəlliklərini də öyrəndik.

Radio, televiziya yarananda da qəzet təcrübəsindən istifadə olunub. Ümumiyyətlə, qəzetçilik, qəzet təcrübəsi bütün jurnalistikanın bazasıdır. Jurnalistikanın əsası qəzetçilikdir. Qəzet jurnalistikanın şahıdır. Jurnalistikada yeni təcrübə yaradan hər bir jurnalist və ya jurnalist kollektivi qəzet təcrübəsindən istifadə edir. Radioda, televiziyada işləmədiyimə görə mənim internet jurnalistikasındakı təcrübəm birbaşa qəzet təcrübəsinə əsaslanır. Qəzet, qəzetçilik elə bir bazadır ki, o, jurnalistikanın hər sahəsində, o cümlədən internet mediasında işləməyə böyük kömək edir. Bu baxımdan biz öz işimizin uğuruna görə, şübhəsiz ki, qəzet təcrübəsinə minnətdarıq.

- Əvvəl başlayanda sizinlə təcrübəli, tanınmış jurnalistlər işləyirdi, amma zaman keçdikcə kollektivdə dəyişiklik oldu və bildiyimiz qədər indi daha çox gənclərlə çalışırsınız.

- Yox, “Mediaforum” saytının başlanğıcında kollektivi 3 nəfərdən ibarət olub: Elcan Məmmədov, Tariyel Calallı və mən. Sonralar “Mediaforum” saytında ilk jurnalist təcrübəsinə yiyələnən şəxslər də olub. Hazırkı kollektivimiz də bu baxımından qarışıqdır. İndi kollektivimizdə Hikmət Sabiroğlu, Alya, Aynur İmanova, Səidə Hüseynova, İsmayıl İsmayılov, Oqtay Qorçu, İmdad Əlizadə, Atilla Maralanlı, Töhfə Əzimova kimi təcrübəli jurnalistlərlə yanaşı ilk təcrübəsini burada keçən Aysel Yusifqızı, Kamilə Məhərrəmli, Yeganə Oqtayqızı da fəaliyyət göstərir. Gördüyünüz kimi, peşəkarların sayı daha çox çıxır. Kollektivimizdə təcrübəli jurnalistlərlə ilk təcrübəsini “Mediaforum”da qazananlar birlikdə çalışır.

Kollektivimiz bu baxımdan qarışıqdır və bu, çoxdan belədir. 8 ilə yaxın dövrdə “Mediaforum” saytında çiyin-çiyinə çalışdığımız jurnalistlərdən mən Azər Hüseynbala, Elxan Şahinoğlu, Elxan Məmmədov, Könül Şamilqızı, Almaz Mahmudqızı, Orxan Budaqlı, Narıngül Əliyeva, Nailə Babayeva, Əlihüseyn Yaqublu, Ülkər Bəkirli, Elnur Mədətoğlu, Elkin Xəlilov, Polad Əzimov və başqalarının adlarını çəkə bilərəm. Onlardan bəzisi ilk təcrübəsini “Mediaforum”da toplayıb, sonra başqa işə keçmiş jurnalistlər, indi təcrübəli jurnalist kimi qəbul olunan insanlardır.

Gənclərlə işləmək bizim arzumuzdur, biz buna cəhd göstəririk. Bəzən alınır, bəzən yox. Ümumiyyətlə, təcrübəni ötürmək lazımdır. Hər bir redaksiya yaxşı olar ki, həm də bir laboratoriya rolu oynasın. Bu, arzudur, amma bunu həyata keçirmək çətindir. Birincisi, həvəs lazımdır, təcrübəsiz, heç bir redaksiyada işləməmiş, jurnalistikanın istər yaradıcılıq, istərsə də texnoloji tərəfini – kompüterdən, internetdən, diktofon və fotoaparatdan istifadə etməyi bilməyən adamlarla işləmək, sıfırdan başlamaq, şübhəsiz ki, böyük səbir istəyir. Və bu, elə bir əməkdir ki, sonda itə bilər. Yəni alınmaz, cavan özünü sınayandan sonra düşünə bilər ki, jurnalistika ona uyğun deyil və işi yarımçıq qoya bilər. Burda risk var, gənc kadrla iş alınmasa, uzun müddət ona çəkdiyin zəhmət itə bilər. Bundan sonra hətta fikrin də dəyişə bilər, düşünə bilərsən ki, yalnız təcrübəli jurnalistlərlə işləmək lazımdır. Bizim fəaliyyət dövrümüzdə bu baxımdan uğurlu nəticələr də olub, uğursuz nəticələr də. Bizim redaksiyanın qapısı cavanların üzünə açıqdır. Bir vaxt bizə də qapı açan, yol göstərən adamlar olub. Bu missiyanı davam etdirmək lazımdır.

“Mediaforum” saytında təcrübəsi olan jurnalistlər bu haqda düşünürlər və çalışırıq ki, cavanları işə cəlb edək. Amma burada tək mənəvi yox, maddi məsuliyyət məsələsi də var. Hər bir redaksiya rəhbərliyi hansısa gənci işə cəlb edəndə heç olmazsa onun yol pulunu ödəməlidir. Düzdür, cavan adam gələndə pul ummur, öyrənmək üçün gəlib-gedir. Şübhəsiz ki, o görsə ki, jurnalistika ona uyğun sahədir, iş axtarmağa başlayacaq. Onu işlə təmin etmək gərəkdir, bunun üçün isə pul lazımdır. Bizim maliyyə imkanımız bir az geniş olsa, “Mediaforum” saytında ayrıca bir bölmə yaradarıq ki, bütün cavanlar orada özünü sınasınlar. Sonra bacarıqlı olanları işə götürərik.

Hazırda gənc jurnalist nəslinin meyli televiziyaya və internet saytlarınadır. Deyəsən, gənclərin qəzetə meyli bir az azalıb. Məncə, gələcəkdə internet mediası jurnalistlərin yetişdirilməsi üçün ən yaxşı bazalardan biri ola bilər.

- “Mediaforum” yarananda ilk idi və bazar problemi var idi, indi isə media bazarı genişlənib. O dövrlə indiki bazarı necə müqayisə edirsiniz?

- “Mediaforum” saytının yarandığı vaxt, belə demək mümkünsə, bazar boş idi, demək olar ki, bazar yox idi. Vardısa da balaca idi. Həmin vaxt yaranan sayt kiminləsə rəqabətdə deyil, təkbaşına oxucu qazanırdı. Belə bir zamanda “Mediaforum” saytı yaranmışdı. İnternetdə oxucu tapmaq lazım idi. Amma internetdən istifadə edənlərin çoxu xəbər saytlarına meylli deyildi. Əksəriyyət xəbər saytının nə demək olduğunu bilmirdi. Bu misalı bir neçə dəfə çəkmişəm. 2005-ci ildə jurnalistikada tanış olub ailə quran insanlardan yazı hazırlamaq istədik, amma hazırlaya bilmədik. Bu material üçün, şübhəsiz, ailə fotoşəkilləri lazım idi. Amma jurnalistlər ailəvi şəkillərinin internet məkanında yayımlanmasına razılaşmadılar. Onlar interneti etik məkan kimi qəbul etmirdilər və internetə çıxmağa ayıb bir şey kimi baxırdılar. Çünki internet məkanında Azərbaycan dilində ciddi saytların sayı az idi. Azərbaycan vətəndaşı üçün, hətta jurnalist üçün internet daha çox qeyri-etik materialların yayıldığı bir məkan idi.

Bundan əlavə, hansısa müsahibdən material, xəbər almaq istəyəndə uzun-uzadı izahat verməli olurduq ki, bu müsahibə, xəbər harada yerləşdiriləcək, ona harada baxmaq olar... Həmin adamların da əksəriyyətinin evində kompüter, internet yox idi. Onlar bu materiallara çox vaxt hansısa şirkətin ofisində, ya da internet klublarında gedib baxırdılar. Bizim hazırladığımız material belə bir məhdud auditoriyada yayımlanırdı. Nə qədər yaxşı material olsaydı da, o, məhdud auditoriyaya çıxacaqdı. Belə vəziyyətdə qəzetlərin bizim materiallardan yararlanması işimizə kömək edirdi. O biri yandan da dünyada, o cümlədən Azərbaycanda internet daha sürətlə yayılmaqda idi. Dünyada, ölkəmizdə internetin sürətlə yayılması işimizə yardım göstərdi. Bu baxımdan bizim işimizin yaxşılaşması tək öz zəhmətimizin bəhrəsi deyil. İnternet məkanında ciddi saytların sayı artdı, bütün ofislərə internet gedib çıxdı. İnternetin belə genişlənməsi, təbii ki, bu məkanda rəqabəti də gücləndirdi, yəni o biri yandan da işimizi çətinləşdirdi.

- Buna kimi alıcı axtarırdıq, indi var, amma rəqabət də genişdir.

- Biz fəaliyyətə başlayanda çətini internetə oxucunun gəlməsi idi, gələn olsa, səni görəcəkdi. O dövrdə internetdə xəbər axtaran “Mediaforum” saytını görməli idi, çünki seçim az idi, belə demək mümkünsə, bazar seyrək idi. İndi media bazarı adlandırdığımız bu meydan genişlənib, sən nə qədər keyfiyyətli mal ortaya qoysan da, eyni dərəcədə ortaya keyfiyyətli mal qoyan başqa adamlar, saytlar var. İndi burada elə mövqe tutmalısan ki, gəlib sənin xəbərini oxusunlar, bazar dili ilə desək, gəlib səndən mal alsınlar. Amma onların başqa yerlərdən də keyfiyyətli mal almağa imkanları var. Bax, bu, istər-istəməz rəqabət mühiti formalaşdırır.

Əgər bir vaxt 3 nəfər “Mediaforum” saytının işini yerinə yetirirdisə, indi 3 nəfərlə populyar sayt qurmaq çətindir, uzaqbaşı başlamaq olar. Amma daha çox jurnalist toplanmasa, həmin sayta media aləmində yer qazandırmaq, onun oxucu auditoriyasını formalaşdırmaq çətin olacaq. Hazırda internet jurnalistikasının inkişafı davam edir. İnternet mediası sahəsində inkişaf hələ qarşıdadır. Bu inkişafa da stimul verən faktor siyasi və iqtisadi azadlıqlarla bağlı problemin həllini tapması, sözə azadlıq verilməsi və reklam bazarının sərbəst buraxılması ola bilər. Hər bir jurnalistin, jurnalist redaksiyasının problemi kimi internet mediasının da bu gün maddi problemi var. Bu da reklam bazarı ilə bağlıdır. İnanıram ki, Azərbaycanda sərbəst reklam bazarı yaranandan sonra minlərlə populyar xəbər saytı ortaya çıxacaq, onların kollektivi, uğuru, nüfuzu indikindən qat-qat çox olacaq. Ona görə də internet mediasının yaxşı günləri hələ qarşıdadır.

- Qanunvericiliyə görə, internet portalları mətbu orqan deyil. Bir məsələ də var ki, yeni yaranan internet portalları facebook və digər sosial şəbəkələrdə açıq-saçıq mövzularla, çılpaq məsələlərlə ortaya çıxır. Hər iki məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik. Bu məsələlərə necə baxırsınız?

- Mənim üçün hər hansı bir xəbər saytının kütləvi informasiya vasitəsi, KİV quruluşu olub-olmamağının bir meyarı var: onun arxasında jurnalist kollektivi dayanır, ya yox? Hesab edək ki, iki sayt açırıq: “Mediaforum.az” və “Modern.az”. İkisi də xəbər yayır. Əgər baxsam ki, xəbər yayan “Modern.az”ın arxasında redaksiyası, yəni müxbirləri, redaktoru, jurnalist məhsulu hazırlayan kollektivi var, onun redaksiyasının konkret ünvanı var, oxucu, müəllif gəlib həmin ünvanda redaktoru, jurnalisti tapa bilər, onda düşünəcəm ki, bu, KİV-dir, media quruluşudur. Amma baxsam ki, “Mediaforum.az” saytında tək adam oturub, ordan-burdan xəbər götürür, bəlkə də hansısa agentliklərə abunə yazılıb, onlardan istifadə edir, yəni burda xəbər yerləşdirmək sadəcə texniki bir iş kimi həyata keçirilir, arxasında jurnalist kollektivi yoxdur, yəni onun redaksiyası yoxdur, onda düşünəcəm ki, bu, eləcə xəbər yayan saytdır, amma KİV deyil. Mənim üçün o xəbər saytı KİV-dir ki, onun arxasında jurnalist redaksiyası, jurnalist kollektivi dayanır.

- Bəzi portallar jurnalist etikasından kənar məsələlərlə özlərini reklam etməyə çalışırlar.

- Ölkəmizdə hətta ciddi, gündəlik ictimai-siyasi qəzetlərin də – xüsusən arxa səhifələrində – əyləncə, şou xəbərləri, ulduz falı olur. İndi demək olarmı ki, bu, şou qəzetidir? Yox, bu, şou qəzeti deyil, şou onun bir hissəsidir. Amma mən onun tərəfdarıyam ki, hər bir KİV-in məlum bir üslubu olsun. Məsələn, mən Türkiyə mətbuatını oxuya bilmirəm. Ciddi ictimai-siyasi qəzeti açırsan, bilmirsən bu, sarı mətbuatdır, yoxsa doğurdan da ictimai-siyasi qəzetdir. Türkiyəli jurnalistlərlə bu barədə bir neçə dəfə söhbət etmişəm. Onlar belə düşünürlər ki, mətbuat hər şeyi yaymalıdır, qəzet oxucunu maraqlandıran hər fotoşəkli, məlumatı yaya bilər. Amma Amerikanın, Avropanın bir çox ciddi ictimai-siyasi qəzetlərində belə deyil. Onlar uzaqbaşı çox populyar sənət adamının, özünü tanıtmış əsl sənət adamının məişətinə gedib çıxa bilərlər. Amma hansısa müğənnini çimərlikdə tutmaq həmin qəzetlərin əməkdaşlarının işi deyil.

Türkiyədə isə, dediyim kimi, vəziyyət başqa cürdür. Azərbaycan mediasında da qarışıqlıq çoxdur. “Mediaforum” saytında biz çalışırıq ki, üslub qarışıq olmasın. Biz şou-biznes sahəsinə girişmirik. Amma mövzuları, üslubu qarışıq olan redaksiyalara öz üslubumuzu ən yaxşı yol kimi təqdim etmək fikrində də deyilik. Bəlkə bizim ştat cədvəlimiz, maliyyəmiz də imkan vermir ki, çox sahəni əhatə edək. Məsələn, biz mədəniyyət sahəsini yaxşı əhatə edə, işıqlandıra bilmirik. Əlimizə pul düşsə, bu sahədə işimizi inkişaf etdirərdik. İqtisadiyyat sahəsini də yaxşı işıqlandıra bilmirik, bu sahədə də işimizi gücləndirmək istərdik. O cümlədən idman sahəsində. Bəlkə də bütün bu sahələrdə işimizi gücləndirə-gücləndirə getsək, axırda fikirləşərik elə şou-biznesə də girişək. Bilmirəm, buna tam əmin deyiləm. İndiki düşüncəmdə şou-biznesdən yazmaq məsələsi qətiyyən yoxdur. Amma ola bilsin, arzularımızı reallaşdıra-reallaşdıra getsək, gəlib ora da çıxaq. Dünyanın işini nə bilmək olar? Hər halda, indiki düşüncəmizdən çıxış edib deyə bilərəm ki, bizim öz üslubumuzda dəyişiklik etmək, şou-biznes mövzularını işıqlandırmaq istəyimiz yoxdur. Amma ictimai-siyasi xəbərlər yayan saytlara baxanda görürsən ki, orada şou-biznes xəbərləri, açıq-saçıq mövzular da yer alır. Mən bunu qarışıq üslub kimi qəbul edirəm və yenə deyirəm ki, şəxsən mən başqa üslubun tərəfdarıyam. Ciddi mətbuat ayrı, sarı mətbuat ayrı olsa yaxşıdır.

- Qanunvericilik məsələsini buna görə demədim. Tutaq ki, biz istəyiriksə jurnalist etikasına əməl olunsun, hansısa portalın jurnalist etikasından kənar fəaliyyətinin adını iş qoya bilərikmi?

- Bu, internet mediasından çox ümumi bir problemdir. Etik meyar hər işdə gözlənməlidir, ictimai-siyasi mövzularda da, ədəbiyyat, idman mövzusunda da, şou-biznesdə də. Hansısa portalın açıq-saçıq mövzuları işıqlandırması onu KİV-likdən çıxarmır, çünki KİV həqiqətən də belə işlərlə məşğul ola bilər və bayaq qeyd etdim ki, dünyada, konkret Türkiyədə bunun bariz nümunələri var. Sarı mətbuat da mətbuatdır, demək olmaz ki, o, mətbuat deyil. Mətbuatdır, onun üslubu belədir. Gərək ciddi mətbuat da öz üslubunda sarı mətbuat qədər ardıcıl olsun. Yəni sarı mətbuat sarı olmaqdan əl çəkmədiyi kimi, ciddi mətbuat da ciddi olmaqdan əl çəkməsə yaxşıdır.

Mövzu qadağan olunmamalıdır. Mövzunu necə işıqlandırmaq məsələsi var ki, burada da üslub özünü büruzə verir. Kimisi bir məsələni əyləncə, kimisi problem kimi ortaya qoyur. Mən onun tərəfdarıyam ki, hər hansı KİV-də üslub aydın olsun, qarışıqlıq olmasın, onun ciddi, yoxsa əyləncə mediası olduğu bilinsin.
Bəzi xəbər saytlarımızın üslubunda bu baxımdan qarışıqlıq, üslubsuzluq, yaxud, belə demək mümkünsə, çoxüslubluq var. Amma bu da onların seçimidir və yenə deyirəm ki, bu, onları KİV-likdən çıxarmır.

- Hətta cavanların öz aralarında danışmadığı, toxunmadığı mövzularda həmin portallar material hazırlayır, açıq-saçıq mövzularda yazılar yazırlar...

- Peşəkarlıqdan doğan problem hər işdə var. Amma fikirləşirəm ki, etik normaları xəbər saytları başqa KİV-lərdən çox qoruyur. İnsanların şəxsi həyatına kobud müdaxilə, onları rüsvay etmək cəhdləri heç də xəbər saytlarından gəlmir, başlamır. Televiziyalar bu sahədə qat-qat “peşəkardır”. Televiziyalar daha biabırçı səhnələr yayırlar, nəinki xəbər saytları. Qəzetlər də etik normaları xəbər saytlarından çox pozur.

Xəbər saytlarından şikayətlər də azdır. Düzdür, vətəndaş da xəbər saytından şikayət etməyə o qədər vərdişkar deyil. Amma televiziya, radio və qəzetdən olan narazılıq xəbər saytlarından çoxdur. Biz, xəbər saytlarında çalışanlar öz problemlərimizi görməliyik, onların həllinə çalışmalıyıq, amma biz öz üstünlüyümüzü də görməliyik. Xəbər saytları Azərbaycanda etik normalara ən çox riayət edən kütləvi informasiya vasitəsidir. KİV-lərin ən yenisi olsa da, etik qaydalara ən çox riayət edən odur. Mən ölkəmizin xəbər saytlarından bədgüman deyiləm. Mənim gözümdə Azərbaycanın xəbər saytları özündən yaşlı bütün KİV-lərdən daha mədəni görünür.

Problemlərə gəlincə, Azərbaycanda jurnalistikanın əsas problemi məxsusi bir sahəyə aid deyil, bu, ölkədəki ümumi problemin – azadlıq probleminin tərkib hissəsidir. Bu səbəbdən çatışmazlıqlara görə ayrıca jurnalisti qınamaq ədalətli alınmır. Dar çərçivədə götürəndə sırf xəbər saytının peşəkarlıq problemi o qədər də böyük deyil. Jurnalistikanın peşəkarlıq məsələləri var, bunun da kökündə jurnalistikadan çox siyasi məsələlər durur.

-  Elektron KİV-in daha mədəni olduğunu deyirsiniz, amma bütün saytları oxuyursunuzmu? Qəzetdə və ya televiziyada çalışsaydınız da, belə deyərdinizmi?

- Doğrusu, bilmirəm qəzetdə və ya televiziyada işləsəydim də belə deyərdim, ya yox. Şübhəsiz ki, mən bütün saytları da oxumuram. Amma oxuduqlarım və gördüklərim bunu deməyə əsas verir. Peşəkarlıq problemləri də, etik problemlər də internet mediasından əvvəl yaranmış KİV-lərdə daha çoxdur, nəinki xəbər saytlarında. Televiziyaların, bəzi qəzetlərin etdiyi biabırçılığı bu gün xəbər saytları etmir. O baxımdan nə qədər qüsuru olsa da, Azərbaycanda xəbər saytlarını bir çox KİV-dən irəlidə görürəm. Xəbər saytlarını bir, qəzetləri bir, radioları bir, televiziyaları da bir tərəfdə oturtsalar, inanıram ki, xəbər saytları həmin meydandan üzüağ çıxar.

- Bu gün televiziyalar, qəzetlər daha çox xəbər saytlarının üzərində işləyir...

- Amma televiziya da olmasa, xəbər saytının işində çətinlik yaranar. Hesab edək ki, mobil telefon yoxdur. Amma mobil telefon var və biz həyatımızı onun üstündə qururuq. Bir adamla yarım saat sonra danışmalıyıqsa, ona elə həmin vaxt da mobil telefonla zəng edirik. Mobil telefon olmayanda bəzən o adamı bir gün əvvəldən və ya bütün günü şəhər telefonu ilə axtarırdıq. İndi biz həyatımızı həm də mobil telefona uyğun qurmuşuq. İnternet də o cürdür. Bizim həyatımıza internet elə daxil olub ki, onu ordan çıxarmaq mümkün deyil. İnternetsiz həyat olub, amma bundan sonra olmayacaq. İnternet yalnız daha yaxşı, daha yeni texnologiyanın kəşfi, yaxud insanların məlumatları bir-birinə öz beyinlərindən ötürmək bacarığına yiyələnməsi nəticəsində arxa plana keçə bilər. 

- Onlayn qəzetlər jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırır. Onlar şikayət edirlər ki, hər gün tələsik xəbər yazmalı olurlar və ciddi yazılar yazmağa vaxt tapmırlar.

- Şübhəsiz, onlayn rejiminin jurnalistə böyük təzyiqi var. Biz o təzyiqi hər dəqiqə, hər saniyə hiss edirik. Qəzetdə arxayınçılıq var, axşama, hətta gecəyə qədər vaxtın var. Amma internet mediasında xəbər dəqiqəbədəqiqə köhnəlir. Bəzən xəbəri başqa saytdan 2-3 dəqiqə gec verəndə onu artıq məlum xəbər kimi qəbul edirlər. Görün xəbər nə qədər tez köhnəlir. Belə bir situasiyada, şübhəsiz ki, onlayn rejimində çalışan jurnalist daha çox təzyiq altındadır. Bu təzyiq qəzetdə yoxdur, radio və televiziyada da saytdakı qədər deyil, çünki radio-televiziyanın öz xəbər vaxtı var, ən azı o vaxta qədər materialı hazırlayıb çatdıracaqlar. Amma saytda saniyə, dəqiqə söhbəti gedir.

Jurnalistikaya ənənəvi yanaşan adam üçün belə tələsik xəbər yazmaq qəribə görünə bilər. Amma təzyiq olduğu kimi əlavə imkanlar da var. Saytda bir hadisədən dalbadal 15-20 xəbər verə bilərsən, yəni sən bir hadisəni hissə-hissə işıqlandıra, xəbərin artıq dəqiqləşdirdiyin hissəsini yaya bilərsən.

Texnologiya bir yandan bizi xəbəri tez verməyə tələsdirirsə, o biri yandan da xəbəri parça-parça yaymaq imkanı yaradır. Yəni bir yandan sıxır, o biri yandan da nəfəs verir. Hadisəni bu cür tələskənliklə tam işıqlandırmaq lazım gəlsəydi, adamın nəfəsi kəsilərdi. Yaxşı ki, bu tələsiklikdə hadisəni az-az işıqlandırmaq imkanı var.

Demək olarmı ki, bu, jurnalistə pis təsir edir? Xeyr, sadəcə onlayn rejimi yeni olduğuna görə belə təəssürat yarana bilər. Diqqətlə baxsaq, bəlkə də bu sistemin jurnalisti qəzetdən daha yaxşı yetişdirdiyini görərik. Yəni bəlkə də bu, jurnalist üçün daha yaxşı laboratoriya, daha rahat meydandır.

- Yəni xəbər saytı məsələyə 100 cür baxış əks etdirə bilir...

- Onlayn rejimi təkcə xəbər demək deyil ki. Sən burada araşdırma da hazırlaya bilərsən, reportaj da. Yəni söhbət internet jurnalistikasının jurnalistə qəzet, televiziya, radiodan az və ya çox şey verməsindən gedirsə, deyə bilərik ki, internet portalları bu məsələdə heç bir KİV-dən geri qalmır. Hətta belə bir nəticəyə də gəlib çıxmaq mümkündür ki, yeni jurnalistlərin yetişməsi üçün ən yaxşı meydan elə internet mediası, xəbər saytları ola bilər.

- Bəziləri deyir ki, internet portalları qəzet jurnalistikasını sıxışdırıb çıxaracaq. Siz bu barədə nə düşünürsünüz?

- Qəzetlərin taleyi məsələsi bütün dünyada müzakirə olunur. Hətta bir ara “Nyu-York Tayms” kimi oturuşmuş bir qəzet özünün iflasa uğrayacağını proqnozlaşdırmışdı. Məncə, bu proqnozlar özünü doğrultmayacaq. Qəzet nəinki yaşayacaq, həm də öz lider mövqeyini qoruyub saxlayaraq yaşayacaq. İnternet mediası tək qəzetin deyil, televiziyanın, radionun olduğu dövrdə yaranıb. O, radionu, televiziyanı sıradan çıxartmır və sıradan çıxara da bilməz. Eyni zamanda televiziya qəzetləri, qəzetlər də kitabı sıradan çıxartmayıb. Görünür, həyatın qanunauyğunluğu belədir, hansısa yeni fürsət, yeni imkan yaranır, amma sonra sıradan çıxmır. Yəni qəzet yaranıb və sıradan çıxmır. Radio-televiziya da eləcə. Hətta gələcəkdə bizim gözləmədiyimiz dönüşlər ola bilər. Televiziyanın ağlına da gələ bilməzdi ki, onun imkanlarından üstün nəsə yaranacaq. Yəqin telejurnalistlər fikirləşirdilər ki, onlarda olan imkan nadir imkandır. Amma indi internetdə bu imkan var. İnternet məkanında video süjetlər yayılır, internet televiziyaları, radioları fəaliyyət göstərir.

Və bizim internet jurnalistləri də çox döşlərinə döyməsinlər. Onların əlində olan imkanlardan daha geniş imkanları olan yeni meydan yarana bilər. Bu gün texnologiyaların qəzetin taleyinə mənfi təsir göstərdiyi fikri dolaşır. Amma yavaş-yavaş texnologiyalar başqa istiqamətdə yeni imkanlar aça bilər. Məsələn, elektron kağız kəşf oluna, bunun əsasında da həmin kağızda qəzetlər çap edilə bilər. Onda kağız üzərində video, səs yazısı yerləşdirmək mümkün olacaq. Eyni zamanda həmin elektron kağızı internet şəbəkəsinə qoşmaq mümkün olacaq ki, bu da kağız qəzetə xəbərləri, video, foto materialları kənardan yükləmək imkanının yaranması deməkdir. Onda vay internet jurnalistikasının halına! Ona görə də internet jurnalistləri çox öyünməsinlər. Tarixin çarxı çönə bilər. Hətta nə vaxtsa insanların öz fikirlərini bir-birilərinə texnologiyasız, eləcə beyindən beyinə ötürməsi də mümkündür.

Qəzet jurnalistikanın şahıdır. Qəzet təcrübəsi jurnalistikanın əsas təcrübəsidir, bünövrəsidir və bu bünövrə sıradan çıxan deyil. Təbii ki, onun sıradan çıxmasını heç kim istəməz. Elə heç kimin istəməməyi də bəs edir ki, qəzet sıradan çıxmasın. Qəzetin öz yeri var və o öz yerində qalır. Qəzetin nüfuzu nə internet mediasının, nə televiziyanın, nə də radionun nüfuzunu əlindən alır. Eləcə də o birilərinin nüfuzu. Amma yeniliklərin, xüsusən internetin ortaya çıxması qəzetçiliyin, qəzet jurnalistikasının üslubunda, şübhəsiz ki, müəyyən dəyişikliyə səbəb olur. Artıq bu gün baş verən hadisəni əsas xəbər başlığı kimi qəzetin ön səhifəsinə çıxarmaq çətindir. Qəzet eksklüziv, məxsusi xəbərini manşetə çıxarmağa çalışır. O, günün hadisəsi barədə xəbərləri əvvəla toplamalı, ümumiləşdirməli, gün boyu xəbər saytlarında gedən və təkzib olunan hissələri qırağa atmalı və bütün bunlara öz əlavəsini etməlidir. Bütün bunlar da qəzet materiallarının üslubuna, başlıqlarına təsir göstərir. Qəzetin ənənəvi arxayınçılığı yəqin ki, indi yoxdur. Amma bütövlükdə qəzetçiliyin sıradan çıxması mümkün deyil, internet buna qadir deyil.

Bu danışdıqlarımız bütün dünyaya aiddir. Əgər Azərbaycandan danışırıqsa, ölkəmizdə ümumiyyətlə jurnalistikanın taleyində yüksəlişlər hələ qarşıdadır, o cümlədən də qəzetlərin yüksəlişi. Azərbaycanda dəyişikliklər, ölkənin ictimai-siyasi həyatında xalqımızın arzuladığı yeniliklər olandan sonra jurnalistikanın, jurnalistlərin, qəzetin də, televiziyanın da, radionun, internet mediasının da həyatında qeyri-adi irəliləyişlər olacaq. Mən buna inanıram, o günü səbirlə gözləyirəm və o günün gəlib çatması üçün təmkinlə çalışıram.

Aytən ƏLİYEVA

 

 
 

 

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-22Manat
1 Avro0.9602
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0135
1 Türk lirəsi0.3386

Hava proqnozu

Arxiv

        Rambler's Top100