Araşdırma

HANSI HEYVANI EVDƏ SAXLAMAQ OLAR və İSLAM ONLAR HAQDA NƏ DEYİR?

2012-04-20 - 16:09:00

Jurnalist: “Azərbaycan heyvanlar üçün cəhənnəmdir”

Jurnalist Nailə Adilqızı 10 ildir evində heyvan saxlayır. Hazırda tutuquşu saxladığını deyən jurnalist xanım vaxtilə tısbağa, pişik qayğısına da qalıb: “Heyvanları çox sevirəm, onları ailə üzvü sayıram. Onlar qayğıya ehtiyac duyur”.

Saxladığı heyvanlara ən dadlı, həm də bahalı yem almaqla, tez-tez onları çimizdirməklə, yuvalarını təmizləməklə qayğısına qaldığını deyən N.Adilqızı əlavə edir: “Biz ailəlikcə stol arxasına keçməmiş birinci onları yedizdirirəm. Yoxsa boğazımdan tikə keçməz”.

Xanım jurnalist günün yorğunluğunu, əsəb gərginliyini heyvanlara qayğı ilə çıxartdığını deyir: “Onlarla söhbət edirəm. Gün necə keçir-keçsin, hətta çox əsəbi olsam da, onlara hirslənmirəm. Bir balaca təmas mənə sakitlik gətirir. Evdəkilər də onlara öyrəşir və sevir. Evə qonaq gələnin heyvanı incitdiyini görsəm, qan düşər, dava salaram. Axı onlar müdafiəsizdir”.

İndiyədək saxladığı heyvanların üstünə bir dəfə də olsun qışqırmadığını bildirən N.Adilqızı, imkanı olarsa, it, dovşan da saxlamağı arzulayır: “İstərdim Azərbaycanda elə bir məkan tikilsin ki, bütün evsiz-eşiksiz heyvanları ora yerləşdirim, onları himayə edim. Belə bir təsisatın rəhbəri olmaq ürəyimdən keçir”.

Jurnalist Azərbaycanda heyvanlara münasibətdən narazıdır: “Azərbaycanda heyvanlara  münasibət çox pisdir. Bəzən lap vəhşi münasibətin şahidi oluram. Azərbaycanda avropalaşmaq istəyən çoxdur, amma çox az adam var ki, bu istəyə uyğun davranır. Heç bir Avropa ölkəsində yurdsuz-yuvasız it-pişik görməzsən. Amma bizdə küçə yiyəsiz heyvanla doludur. Onlara şərait yaratmaqdansa vurub öldürürlər. Bakıda keçiriləcək “Avroviziya” yarışması öncəsi yiyəsiz itləri, pişikləri qırırlar. Azərbaycan heyvanlar üçün cəhənnəmdir. Nə üçün dövlət onların qorunması, qayğısı üçün vəsait ayırmasın? Mənim tanıdığım gənclər var ki, öz imkanları daxilində küçədən it, pişik yığıb saxlayır. Amma bu, yetərli deyil axı”.

Filoloq: “İslam təsəvüffündə heyvan öldürməkdən mümkün qədər uzaq olmaq məsləhət bilinir”

Tədqiqatçı filoloq Bəhruz Salmanov qeyd edir ki, ərəb dilində “heyvan” sözünün hərfi mənası “diri”, “hərəkətli”, “tərpənişli” deməkdir: “Kainatdakı ekoloji nizamı saxlayan ünsürlərdən biri də heyvanat aləmidir. “Quran”ın “Ənam” surəsinin 38-ci ayəsində belə buyrulur: “Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətləri olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi verib, əcəllərini də əvvəlcədən müəyyənləşdirib. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə təriflər deyirlər.) Biz Kitabda (“Quran”da) heç bir şeyi nəzərdən qaçırmadıq (əksiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcək”.

Allahın yaratdığı hər bir şey gözəldir və sevgiylə yaranıb. Məhəmməd peyğəmbər təkcə insanlara deyil, bütün canlılara mərhəmətli olmağımızı istəyib. Hədislərin birində peyğəmbərə istinadla deyilir: “Mərhəmətli olanlara Rəhman olan Allah da mərhəmət edər. Yerdə olanlara mərhəmətli olun ki, göydə olanlar da sizlərə mərhəmət etsinlər”.  

Peyğəmbərin bu nəsihəti tarix boyu bütün müsəlmanlara ibrət olub. Bu nəsihətə riayət etmək bütün canlılara qarşı mərhəmətli olmaq, xoş rəftar göstərmək deməkdir”.

B.Salmanov hədislərdə Məhəmməd peyğəmbərdən nəql edilən nümunəni misal çəkir: “Bir şəxs səfərdə olarkən yolda yaman susuzlayır və quyu görüb ora enir. Susuzluğunu yatırıb quyudan çıxanda görür ki, bir it dilini torpağın nəminə sürtür. O, təkrar quyuya düsüb it üçün öz ayyaqabısında su çıxarır. Allah bu mərhəmətin müqabilində onun bütün günahlarını bağışlayır”.

Tədqiqatçı qeyd edir ki, islamda heyvanlara diqqət yetirilməsini “Quran”ın bəzi surələrinin müxtəlif heyvan adlarından götürülməsi də sübut edir: “Bəqərə (İnək) sürəsi, Nəhl (Arı) surəsi, Ənkəbut (Hörümçək) sürəsi, Nəml (Qarışqalar) sürəsi.

Müasir sufiliyin nümayəndəsi kimi tanınan Bəyazid Bestami haqda belə hadisə nəql olunur. Bir gün o, yolçuluq əsnasında bir ağacın altında dincəlib sonra yoluna davam edir. Yolda torbanın üstündə bir neçə qarışqanın gəzdiyini görüb geriyə, dincəldiyi yerə qayıdır. Qasrışqaları qaytarıb torpağa qoyur. Yəni qarışqalar öz yuvalarından ayrı düşməsinlər”.

B.Salmanov onu da qeyd edir ki, islam təsəvüffündə heyvan öldürməkdən mümkün qədər uzaq olmaq məsləhət bilinir, hətta artıq ət düşkünlüyü də bəyənilməyən əməl (məkruh) sayılır: “Bir mənbədə deyilir ki, Həzrət Əli Xəndək döyüşündə məğlubiyyət görməyən bütpərəst sərkərdə Əmr ibn Əbdəvidlə qarşılaşır. Əmr ibn Əbdəvid Həzrət Əlini öz amansızlığıyla qorxutmaq üçün atdan yerə düşüb öz atının ayaqlarını qılıncı ilə kəsir. Bunu görən Həzrət Əli döyüşə atılır, onun ayaqlarını kəsir: “Bax, indi bilərsən bu ağrı necədir” deyir”.

Evdə hansı heyvanı saxlamaq olar?

“İslam.az” saytında yerləşdirilmiş məqalədə göstərilir ki, həyətdə it saxlamağın dini baxımdan problemi yoxdur: “Xüsusilə mühafizəyə ehtiyacı olan evləri və obyektləri itlərin köməyi ilə qorumaq olar. İtdən ovda da istifadə etmək mümkündür. Amma bu zaman bir neçə şərtə riayət etmək lazımdır. Əvvəla, it ov iti kimi tərbiyə edilməli və sahibinin tapşırıqlarına qulaq asmalıdır, ovun üzərinə özbaşına yox, sahibinin əmri ilə cummalıdır. İkincisi, ov itini ovun üzərinə göndərən zaman adam “bismillah” deməlidir. Üçüncüsü, ov heyvanı itin dişlərinin yarasından ölməlidir. Əgər it onu boğub öldürsə və ya heyvan itin əlindən qaçarkən ürəyi partlasa, halal olmaz. Əgər itin tutduğu heyvan hələ ölməyibsə, ovçu onun başını kəsməlidir ki, əti halal olsun”.

İti (istər ov iti, istərsə də ev iti olsun) evin içində saxlamaq qəti surətdə islam dininə ziddir. Çünki itin rütubətli halda toxunduğu hər şey murdar olur (eynilə donuz kimi). Yəni, məsələn, it bədənini nəm şalvara sürtsə, şalvar pak edilməlidir. Ya da, məsələn, itin bədəni (və ya tükləri) hər hansı səbəbdən yaş olsa, quru əşyaya toxunanda o əşya da murdar olur və paklanmalıdır. İtin tükü yapışmış paltarda namaz qılmaq batildir. İtin yemək yediyi, su içdiyi, yaladığı qab adi su ilə yumaqla pak olmur. Onu əvvəlcə torpaqla möhkəm sürtmək, sonra suda iki dəfə pak etmək lazımdır. Ov itinin ağzı dəyən heyvanı da bişirməzdən qabaq pak etmək gərəkdir.

Evdə pişik saxlamağa şəriətimiz icazə verir. Hətta məşhur səhabə Əbu Hüreyrə məhz pişikləri çox sevdiyinə və həmişə qucağında pişik gəzdirdiyinə görə peyğəmbər bu künyəni vermişdi (ərəb dilində “Əbu Hüreyrə” sözünün hərfi mənası “pişik balasının atası” deməkdir. Bu söz “pişikləri çox sevən” mənasını verir).

Peyğəmbərin də pişiyi tumarladığı, hətta əbasının üstündə uzanmış pişik balasını narahat etməmək xatirinə əbasının ətəyini kəsdiyi barədə rəvayətlər var. Dini mənbələrdə xatırlanan alleqorik məzmunlu bir əhvalat da çox məşhurdur. Bu rəvayətə görə, ibadətinin çoxluğu ilə tanınan bir qadın uzun müddətə qonaq gedərkən öz pişiyini evdə ac qoyub qapını üzünə bağlayır. Qadın evə qayıdana kimi pişik acından ölür. Allah buna görə həmin qadını cəhənnəmə salır. Başqa bir qadın pis əxlaqına görə hamının nifrətini qazandığı halda susuzluqdan əziyyət çəkən bir köpəyə su verdiyinə görə Allahın mərhəmətini qazanır və günahları bağışlanır. Bu əhvalat hətta baş verməyibsə də, islamın canlılara münasibətini nümayiş etdirmək baxımından sox əlamətdardır. Murdar sayılan bir köpəyi də ölümdən xilas etmək insana savab qazandıra və hətta onun başqa günahlarının silinməsinə səbəb ola bilər.

Pişiyin ağzının suyu, şəriətə görə, murdar sayılmır. Onun bədəni dəyən əşyalar da pakdır. Amma pişiyin tükü yapışmış paltarla namaz qılmaq batildir. Buna görə də evində pişik saxlayan və onu qucağına alıb tumarlamağı xoşlayan adamlar namaz qılmazdan əvvəl ya üst-başlarını təmiz çırpıb təmizləməli, ya da geyimlərini dəyişməlidirlər.

Evdə dağsiçanı (xomyak) və sairə bu kimi faydasız gəmiriciləri saxlamaq həm islam baxımından məsləhət deyil, həm də sanitar-gigiyenik cəhətdən çox təhlükəlidir. Meymun saxlamaq və onunla oynamaq dinimizdə ən bəyənilməz hərəkətlərdən sayılır.

Həyətdə ev quşları saxlamağa da islam heç bir qadağa qoymur. Toyuq, qaz, ördək, hindtoyuğu kimi ev quşları yumurta və ət baxımından faydalıdır.

Heyvanların nəcasətinə (peyininə) gəlincə, əti yeyilməyən və qanı sıçrayan bütün heyvanların peyini və sidiyi murdardır (bəzi alimlər hətta əti yeyilməyən və qanı sıçramayan heyvanları da bura aid edirlər). Yəni it, pişik kimi ev heyvanlarının nəcasətinə bulanmış ayaqqabı, paltar və sairə pak edilməlidir. Əti yeyilən heyvanların nəcasətinə bulaşan əşyaları pak etmək vacib deyil (təmizlik xatirinə yumaq kifayətdir).

Dəvə islam mədəniyyətində və müsəlman məişətində xüsusi yeri olan canlıdır. “Dəvə öldü, ərəb öldü”, “dəvəsi ölmüş ərəb” kimi deyimlər ərəbin həyatında dəvənin nə kimi yer tutduğunu əyani şəkildə göstərir. Ərəblər hətta gözəl qızları dəvəyə bənzədirlər. Ərəb dilində “cəməl” (dəvə) sözü ilə “cəmal” (gözəllik) sözlərinin kökü eynidir. Şərq ədəbiyyatının ən böyük nailiyyəti olan əruz vəzninin bəhrləri (ölçüləri) məhz dəvə yerişinin ritminə əsasən qurulub. Məhəmməd peyğəmbər Qəsva adlı dəvənin tərkində Mədinəyə hicrət etdikdən sonra Onun harada yaşaması barədə mübahisə yarananda o həzrətin göstərişi ilə Qəsvanın ovsarını sərbəst buraxdılar və dəvənin yerə çökdüyü yeri peyğəmbərin evi üçün ayırdılar.

Bununla belə, ətindən, südündən və yunundan istifadə edilən heyvanların faydası barədə islam müqəddəslərinin rəvayətlərində ilk yeri qoyun tutur, bundan sonra iribuynuzlu mal-qara, ondan sonra dəvə gəlir.

Həzrət Əlinin bacısı Ümmi-Hani Məhəmməd peyğəmbərdən rəvayət edib ki, o həzrət buyurub: “Qoyun saxlayın, onda bərəkət var”. Bir qadın peyğəmbərə şikayət etdi ki, qoyunları artıb-törəmir. Peyğəmbər heyvanların rəngini soruşdu, qadın onların qara olduğunu bildirdi. Peyğəmbər buyurdu: “Onları ağ yunlu qoyunlarla dəyişdir, çünki ağ yunlu qoyunun bərəkəti olar”. İmamların buyurduqlarından məlum olur ki, qoyun saxlanılan həyətə mələklər xeyir-bərəkət gətirər, kasıblığı oradan qovarlar.

Ev heyvanları arasında atın da özünəməxsus yeri var. Xüsusilə keçmiş zamanlarda həm dinc şəraitdə, həm də müharibə vaxtı at əvəzsiz minik vasitəsi idi. Buna görə məsumlarımız atalara tövsiyə edirdilər ki, öz uşaqlarına ox atmaq, suda üzməklə yanaşı, at minməyi də öyrətsinlər. At sürmək bədəni möhkəmlədir, çevikliyi artırır, bəzi daxili xəstəliklərin qarşısını alır. Sırf idman tədbiri məqsədi ilə atçapma yarışları təşkil etmək nə qədər bəyənilsə də, bunu qumar vasitəsinə çevirmək və yarışa pul qoymaq bir o qədər böyük günah sayılır.

Məhəmməd peyğəmbər ev heyvanlarını incitməyi, onları nahaq yerə vurmağı, bellərinə ağır yük qoymağı qadağan etmişdi. Hətta rəvayətə görə, dəvəsini nahaq yerə incidən və hədsiz işlədən adamı yanına çağırıb danlamış, “sən bu heyvana münasibətin barədə qiyamət günündə cavab verəcəksən” deyə buyurmuşdu. Bu göstərişlərə sonrakı dövrlərdə də ciddi riayət edilirdi. İslam məmləkətlərində dəvələrin yük həddi müəyyən edilmişdi; onların belinə bundan artıq yük qoymaq qadağan olunmuşdu. Qadağanı pozanlara qarşı cəza tətbiq olunurdu.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-12-08Manat
1 Avro0.964
1 ABŞ dolları0.7845
1 Rusiya rublu0.0149
1 Türk lirəsi0.3472

Hava proqnozu

Arxiv

Səsvermə

Hansı ali məktəb daha yaxşı təhsil verir?
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Tibb Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Slavyan Universiteti
Azərbaycan Dillər Universiteti
Bakı Musiqi Akademiyası
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Dövlət İdarəçilik Akademiyası
ADA Universiteti
Bakı Ali Neft Məktəbi
Azərbaycan Ali Hərbi Məktəbi
Qərb Universiteti
Qafqaz Universiteti
Xəzər Universiteti
Bakı İslam Universiteti
Başqa ali məktəb
        Rambler's Top100