Fevralın 22-də Türkiyə parlamentinin xarici işlər komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yayıb.
“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, Xocalı Ermənistan tərəfindən insanlıq tarixinə yazılmış qara bir səhifədir: “1992-ci il fevralın 25-26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində ermənilərin planlı şəkildə həyata keçirdiyi qətliamda 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı olmaqla 613 Azərbaycan türkü işgəncə ilə qətlə yetirilib, 487 adam ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb”.
Bəyanatda beynəlxalq hüquqa görə insanlığa qarşı cinayət olan bu hadisə qınanır, qeyd olunur ki, Türkiyə fundamental insani dəyərlərə zidd qətliamın araşdırılmasına və baiskarların ədalət məhkəməsi qarşısına çıxarılmasına yönəlmiş haqlı mücadilədə Azərbaycana dəstək verməyə davam edəcək.


