
Rusiyanın ingilis dilində verilişlər yayan “Russia Today” telekanalına açıqlama verən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nikolay Makarov İrana hərbi hücumun yaxın aylarda gerçəkləşəcəyini deyib.
“Media forum” saytının məlumatına görə, Nikolay Makarov qeyd edib ki, Qərbin İrana hərbi hücumu qarşıdan gələn yaydan əvvələ planlaşdırılıb: “Çox ehtimal ki, Amerika və İsrail qarşıdan gələn yaydan qabaq İrana hərbi hücuma keçəcəklər. Hazırda Qərb, o sıradan da Amerika və İsrail Fars körfəzində hazırlıq işləri aparırlar. Güman edirəm ki, aprel-iyun ayları arasında İrana hücum olacaq. Bu hücum İranın nüvə fəaliyyətlərini dayandırmaq bəhanəsi ilə həyata keçiriləcək. Biz Qərbin İran məsələsində çox qərarlı tərpəndiyinin şahidiyik. Çünki onlar İranın nüvə proqramının dinc xarakter daşımasına inanmırlar.
Son vaxtlar Tbilisi və Nyu-Dehlidə İsrail vətəndaşlarına qarşı bir sıra terrorçu əməliyyatlar həyata keçirildi. İran həmin əməliyyatlarda əli olmadığını bildirsə də, Amerika və İsrail İranın tam əksinə düşünür. Hətta böyük ehtimal var ki, onlar bu əməliyyatları bəhanə edərək İrana qarşı hərbi hücumu sürətləndirsinlər. Lakin hesab edirik ki, İrana hərbi hücum olsa, bu qarşıdurma İran çərçivəsində qalmayacaq. Belə bir qarşıdurma bütün Orta Şərq bölgəsini bürüyəcək. Belə bir hücum gözlənilməz fəsadlara yol aça, hətta beynəlxalq qarşıdurmaya da gətirib çıxara bilər”.


