![]() |
| Çingiz HÜSEYNOV |
Bombardman
Qələmim yuxusu ərşə çəkilmişdi – yalnız səhərə yaxın bu yuxunu görüb azacıq da olsa yata bildiyini dərk etdi: yuxu görübsə, deməli, yata da bilmişdi.
Hansısa bazardadır, el-Qüds-Yeruşalaym bazarına da bənzəyir, Bağdad da ola bilər, hər iki şəhərdə olmuşdu, – darısqal, uzandıqca əyri-üyrü dolaşıq yollarla uzanan bazar idi. Özü də çox yüksək: üst-üstə, mərtəbə-mərtəbə ucalır, pillələr də ipdən hörülmüşdür – yelkənli gəmiydi sanki.
Amma qəribədir: alış-veriş ərəbcə deyil, türkcə gedirdi.
Bazarın uğultusunu nəzərə almayan Qələm camaatın diqqətini cəlb etməyə çalışır, Tanrının guya məhz ona bəxş etdiyi qələmin əhəmiyyətindən, müqəddəsliyindən, gələm cihadından danışırdı, hətta “dinləyin məni!” əmr edirdi.
Səsi gur, fikri aydın, cümlələri yığcam və məntiqliydi, özünü də təəccübləndirən həvəslə çıxış edirdi. “Amma etiraf edib deyirəm ki, mən özümü qələmin sahibi deyil, qulu sanıram, qələm ağamdır mənim, əslində elə adım da Qələm yox, Qələmqulu’dur, inanmırsınız pasportumu göstərə bilərəm!..”
Yaxında oturan satıcılardan birisi Qələmə qulpları olan ağır tunc qazan uzadır: Sözlərindən, deyir, dadlı xəşil bişirərsən!.. İstehzanı duysa da qazanı alır, qayıdanda artıq yük olacaq, nəyimə gərəkdir?! Təşəkkür edir, o isə üstəlik Qələmə bir ovuc rəngli qələm verir, al, deyir, götür, yuxularını (“oxlarını” eşitdi) rəngləyərsən!
Cavan bir oğlan Qələmə yaxınlaşıb rusca: Mən yəhudiyəm, deyir, çıxışınızı lentə yazdım, surətini çıxarıb verə bilərəm. Aha, deməli, Yeruşalaym bazarıdır... Oğlanın adı qəribədir – Zərifət: Bilirəm, dilinizdə zarafat kimi səslənir, üstəlik bu ad sizlərdə qadın adıdır.
Qələm, oğlanı sakitləşdirmək məqsədilə indicə ağlına gələni söyləyir: guya “at-ət” əlavəsi adın cinsi mənsubiyyətini dərhal dəyişir... – “kişi” əvəzinə “erkək” sözünü işlətdi. Oğlan da nədənsə qürurla, hətta fəxrlə, bir daha: Mən yəhidiyəm! – təkrarladı. Bunun söhbətimizə nə dəxli? – soruşsa da, öz-özlüyündə Qələm oğlanın fərəhlənməyə haqqı olduğunu etiraf etdi, belə millətdən olmaqda bəxti gətirmişdir!.. Nə isə!..
Ətrafa boylanıb nə görsə yaxşıdır? Tanış simalar! Elə bil televizor ekranından, yaxud kitab cildlərindən çıxmışlar: adları əzbər bir dəstə yazıçı, Badikübədən qonaq gəlmişlər, hamı da – ağsaqqal, həm əyani, həm də qiyabi; yox, sıralarında cavan bir qız da var, bəlkə tərcüməçidir?
Bazar əhli elə biləcək Qələm də onlardandır, bunu özünü azad yazarlar ocağından sanan Qələm nədənsə qətiyyən istəmirdi – qonaqlardan aralanmağa çalışdı, amma maraq üstün gəldi, nəsə deməlidir, hətta ürəyindən dəbdə olan yaltaqlanmaq keçdi, heç olmasa özünü tanıtdırmalıdır: guya yuxularını məhz onların fikrini bilmək üçün çapa verir.
Əzəldən (təbiətcə?) xoflu olan dəstə rəhbəri indicə eşitdiyində nəyisə xoşagəlməz eyham duyub (Qələmin yuxularından, demə, bixəbərmiş) mətləbsiz və bəyannamə kimi səslənən rəsmi tərzdə: Biz, dedi, bura ərəblə türkləri yəhudilərə qarşı qoymaq niyyətilə, yaxud İsraili İranla toqquşdurmaq üçün gəlməmişik, odur ki... – səsi birdən-birə batdı, dodaqları tərpənir, göz-qaşı oynayır, amma dediyi sözlər eşidilmirdi: başları üstündən qulaqbatırıcı gurultu-uğultuyla bir sıra hacıleylək bənzərli, burnu uzun və vahiməli, geniş qanadlarında isə altıbucaq ulduzlar parlayan, yeri-göyü sarsıdan təyyarələr ard-arda asimanı yarıb vıyıltı-vızıltıyla şərqə doğru uçdular.
Və birdən-birə bazara sükut qondu, tam sakitlikdə zil səs ox kimi sinələri deşdi:
- Dava başlandı!..
Arxasınca rəsmi səslə anlamadıqları dildə, Qələm: ivritcədir! – yəqin etdi, nəsə elan olundu, rusdilli yəhudi, demə, burdaymış, barmağını tuşlayıb:
- Eşidin! – dedi. – Nüvə məskəni, nəhayət, uçurulub darmadağın oldu! – Və qaliblər kimi sevinə-sevinə bazarı tərk edib bir andaca yoxa çıxdı.
Həyəcanla həmyerlilərinə ötəri nəzər salıb çaşdı, təəccübləndi: baxışlarda qorxu əvəzinə... sevinc parlayırdı! Bəlkə yanılır, çaşqınlıq əlamətidir? Amma dərhal: Axı mən də sevinirəm! – keçdi ürəyindən. Aha! Dirçələn ümidlər, arzular!
Birdən yazarlar dəstəsinin rəhbəri ağappaq üzünü cəld Qələmə çevirdi, par-par alovlanan gözlərini ona dikib amiranə tərzdə: - Nə durmusan?! – dedi. – Bir çarə qıl!
- Yaxşıca günahkar tapdınız!.. – Qələm tərcüməçi saydığı qıza nəzər saldı, o da eynəyini çıxardıb diqqətlə Qələmə baxdı, bir müddət gözlərini biri-birindən ayırmadan baxışdılar, sonra qız, sanki başçının acığına, mülayimcəsinə: - Siz, – dedi Qələmə, – tamamilə haqlısınız!
- Mən ki bir söz demədim, ay ceyran qız?.. – belə bir müraciət, bunu özü də duydu, yersiz səsləndi, amma vəziyyətin gərgin olduğundan dediyinə fikir verən olmadı:
- Yuxu sahibisiniz, hər halda əl-ələ verib bizi yuxunuzdan təcili çıxara bilərsiniz! – Qız Qələmə yaxın durub qolundan möhkəm yapışdı, Qələm də qızı bərk-bərk qucaqlayıb var gücünü topladı, yuxu pərdəsini qırıb qızla bərabər yuxudan çıxa bildi.
Oyanıb özünü çarpayıda tək gördü: qızın yaxınlığı elə açıq-aydın idi ki, tək-tənha qaldığına inanmadı, inanmaq istəmədi, tələsik ovcu ilə yorğanı-balışı gəzdi... – yox idi qız!
Gözü pəncərələrindən görünən reklama sataşdı – yeniliklər lenti sürətlə yeriyir, son xəbərlər bir-birini qova-qova yürüyürdü: hədələr! bağırtılar! toqquşmalar! qarğışlar!
Evdən çıxdı.
Xiyabanın başında ucalan canlı ekranın mənzərəsi də büsbütün dəyişmişdi: meydanda fərəh içində dalğalanan camaatı əbədi gülərüzlə salamlayan Bəh-Bəh ekranda artıq görünmürdü, peykin çox-çox hündürlükdən çəkib göstərdiyi mənzərə tamam başqaydı – qara nöqtələrdən yaranmış insan seli nazik mavi sapa bənzər çayı keçib o taydan bu taya dalğa-dalğa axırdı.
Bəlkə yuxu davam edir, bitməmişdi?
Təşkil olunmuş oğurluq
Qələmin narahatçılığı oyandıqdan sonra yarandı: gecə yataqda tamam yad bir qadınla bərabərdilər. İndi isə – Nərgizin özü, heç də təəccüblənmədən onun səhər yeməyini hazırlayırdı.
İştirak etdikləri iş adamları konfransı bitmiş, az sonrasa səfərdən evə qayıdacaqlar. Qonaqları mehmanxanada deyil, kommunal evdə yerləşdirmişdilər, hətta onların bütün yol xərcini çəkən qonşu oliqarx da mehmanxanada deyil, onlarla bərabər burada qalırdı... – koridorda göründü, demə, pul dolu qalın portmanatını qapı ağzında qoyub unutmuşdu.
Qələm yarıməzəmmət tərzdə: - İtirə bilərdin... – dedi.
- Canın sağ olsun.
- Hər halda...
- Cəld tərpənsəydin, sənə qismət olardı. Həyatımda o qədər pul itirmişəm ki!..
Az bir müddətdə koridorda qalmaqal başlandı, konfrans iştirakçıları hərəkətə gəldilər, tualetə və vanna otağına növbə durdu... Qələmin gözləməyə hövsələsi çatmadı, bu basabasda nəinki yuyunmağa, heç saqqalını da qırxmağa macal olmayacaq, odur ki, təcili vağzala getməyi qərara aldı, Nərgiz də razılaşdı: Görürəm darıxırsan, orda görüşərik, – dedi, – yoxsa həmişəki kimi əsəbilikdən səni allergiya tutar, asqırığından baş-beynimiz gedər!..
Qələm tez-tələsik şey-şüylərini, kağız-kuğuzunu çantasına atıb küçəyə çıxdı, maşın tutub, keçən əsrdən qalma köhnə “Moskviç” idi, Sür vağzala! – dedı. Sürücü bir-iki tin dolayı yollarla keçib maşını kiçikcə meydanda saxladı, bir dəqiqəliyə çıxdı, Qələm də oturub gözləməli oldu.
Vaxt keçir, sürücü isə görünmürdü... – birdən yanından bahalı markalı bəyaz bir maşın şırıltı ilə keçib sürətlə uzaqlaşdı. Qələm ötən maşının ardınca baxıb yan-yörəsinə boylandı, gözü oturduğu maşının arxasına sataşdı, yük bölməsinin qapısı açıq idi! Şübhə-təşviş içində cəld maşından çıxdı: çantası yox idi! Oğru da, dərhal anladı, həmin bahalı maşını sürüb əkilən “Moskviç” sürücüsüydü!.. Şey-şüyü heç – kompüter oğurlanmışdı!..
Təcili polisə xəbər verməlidir. Harada yerləşdiyini dedilər, Qələm maşını tərk edib, sürücünün adamları yəqin ki, buradadırlar, göstərilən səmtdə irəlilədi... Dar yollar, zibilli həyətlər, qapıları küçələrə açılan kiçik evlər... Polis idarəsi yarıqaranlıq bircə otaqda yerləşirdi, uzun masa ətrafında iki nəfər polis oturmuşdu, Qələm başına gələni danışdı. Polislər susub mat-mat Qələmə baxdılar, sonra girdəsifət birisi şübhəli-şübhəli dilləndi:
- Yəni, çantanı apardı, maşını da atıb getdi, eləmi?
- Bəs mən nəyi deyirəm?
- Təklifin nədir, deyirsən bütün işlərimizi atıb çantanı axtaraq?
- Çanta heç, içində kompüterim, vacib yazılarım... Əlbəttə, hər şey şərti və nisbidir...
- Allaha şükür elə ki, – qıfılladılar söhbəti, – sağ-salamatsan!
Qəribədir: polisin biganəliyi Qələmin halını heç də pozmadı – kompüterini onsuz da dəyişməliydi, proqramı köhnəlib, bütün yazılar da fleşdədir, odur ki, polislə razılaşaraq: - Hər halda, – dedi, – gec-tez oğru tapılacaq, mənim telefon nömrəmi yazın... – amma yazmaq üçün bir parça kağız da tapılmadı: - Onda, – dedi, – öz nömrənizi söyləyin, yazım!.. – Nədənsə bu da baş tutmadı, baxışlardan “əl çək bizdən” oxunurdu.
- Yaman, – dedi, – qəzetə yazılası əhvalatdır!.. – Hədə kimi səsləndi, amma heç veclərinə də almadılar:
- Yaz, – dedilər, – ürəyini boşalt, həvəslə oxuyarıq!..
Küçələri qarmaqarışıq qəribə şəhərdir: yenə yollarını qarışdırdı, meydança da elə bil yoxa çıxmışdı – hey gedir, nə bir tanış ev, nə də... – yox, ona yol göstərən paltaryuyan qadın yerindəydi, amma bu dəfə Qələmi sanki tanımır, hətta ona baxmaq belə istəmirdi.
Qələm tələyə düşdüyünü zənn etdi və bu dəm başında şübhə alovlandı: Təşkil olunmuş oğurluqdur!.. Dəftər! Sülaləyə aid daxili intriqalar!
Qələmə bütünlüklə və müfəssəl ailə sirlərini dünənki ziyafətdən sonra nəyinsə
təsirindən oliqarxın qoruqcusu pıçapıç xəlvətcə danışmışdı... Arada hətta Qələmin təəccübləndiyini görüb: Xəbərçiliyin mənasızdır, – demişdi, – çünki faydası yoxdur, mənim dilimdən eşitdiyin hamıya bəllidir, təkcə sən bilmirdin!
Otağa qayıdıb tez-tələsik eşitdiyini detalları ilə qələmə aldı, beləliklə, ehtiyat üçün saxladığı şagird dəftərcəsini bomba kimi partlayıcı yazısı ilə doldurdu.
Nərgizin səsi eşidildi: - Bəsdir yazdın, yoxsa tezliklə məni dul eləməkmi istəyirsən?
- Çevrilişə yaman hazırlıq gedir! Bizim oliqarx başda olmaqla!
- Sən də inandın?
- Qudurğanlıq və paxıllıq! Və bir də görməmişlik! Yadındadır, demişdin: milyon – heç, amma milyarddan sonra adamın duyğu-düşüncələri büsbütün dəyişir, insanlara xas keyfiyyətlər itib-batır, dərk edilməz təmaslarla əvəz olunur.
Çantasını açanın qarşısına ilk-əvvəl həmin bu dəftər çıxacaq!..
- Gec-tez basacaqlar səni qazamata!
- Onları yox, məni?..
Təşviş içində oyandı və dərhal heç bir şeyi itirmədiyini görüb sevindi, hətta dəftərcənin reallığına inandı, indicə çantasını açıb üzə çıxaracaq!..
Kompüter yerindədir! Dəftərcə isə... – Nərgizin işidir bu!.. Məni dul eləməkmi istəyirsən?!
Siyavuş Qələmi kabinetinə salıb qapını qıfılladı və xəlvətcə həmişə və hamıya dediyini yeni bir sirr kimi təkrarladı: - Zəlzələ təsiri yaradan bir yazını ortalığa çıxar! Misal üçün... – Qələm ərknən Siyavuşun sözünü ağzında yarımçıq qoyub gülə-gülə:
- Başqanla, – dedi, – müsahibə!
- Bəs necə?!
Dəftər tapılsaydı!.. Yazdıqları iki-üç müsahibəyə yarardı.
Yoxsa Siyavuş onu yuxu dalınca göndərmək fikrindədir?
“Urus səni neynəsin?..”
- Niyə dinmirsən?
- Yoxsa fikrin Başqanla müsahibə yapmaqdır?
- Dediyim istiqamətdə düşünürsən, amma hələ tezdir, vaxt gələr özü xahiş edər!
- ??
Demə, Siyavuşun çoxdankı arzusu Ağsaqqal’la, necə deyərlər, ilgili idi: yad diyara çəkilib son vaxtlar dinib-dillənmir, bu dünyadan köçmüş kimidir – onu dilə gətirmək gərəkdir! Və dalbadal üç-dörd yazı dərc etmək, özü də öldürücü sərlövhə altında: Nəhayət, ağsaqqal yazıçımız zəhər dolu dilini, – məhz belə sərt, kobudcasına! – millətimizə göstərdi!
- Bildin kimi nəzərdə tuturam?.. Tələbəlik illərindən tanış olduğun MəmmədOviç’i! Min təyyarəyə – uç yazıçılar qəsəbəsinə!
O zamanlar belə bir əcaib soyadını eşidən Qələm onun dağlı cuhudu, yaxud bosniyalı müsəlman olduğunu zənn etmişdı (Səlimoviç adlı bosniya yazıçısının “Dərviş və ölüm” romanını oxuyub çox bəyənmişdi). Sonralar soyadların sonluğunda viç və skiy əlavələrin oyun olduğunu bilmişdi – guya avropalaşma əlamətidir.
İlk dəfə MəmmədOviç’ə ağsaqqal adını, özü də yarı ironik tərzdə, deyəsən, TeVe yapışdırmışdı: onun hansı bir yazısındasa işlətdiyi “millət batır, bizdə əsl ziyalı yox dərəcəsindədir” cümləsi hərtərəfli hücum-ittihamlara səbəb olmuşdu, bu kampaniyaya misilsiz gözəlliyi ilə TeVe’nin sevimlisi olan Ceyran xanım da qoşulmuşdu, özünün şöhrət qazanmış dava-dalaşlı özəl verilişində: Ay ağsaqqal, – demişdi, – əl çəkin bizdən, necə yaşamağı bizə öyrətməyin! Mühacirətdə gizlənib bizə daş atmanız yetər!.. – zalda oturan TeVe aparıcısının əmrinə müntəzir tamaşaçılar (həm milləti təmsil edir, həm də iştirak etdiklərinə görə qonorar alırdılar), Ceyran xanımın coşqun və ilhamlı nitqini sürəkli alqışlarla qarşıladılar, o cümlədən Qələmin anası Esma da (aldığı qonorar onun sərbəstliyini təmin edən az-çox qazancdır).
Qələm ağsaqqalın qonağıdır, mənzərəli bir yerdir, yaşıl yamaclar, meşəlik, dumduru suyu olan çay axır, ev deyil – qaladır sanki, MəmmədOviç qonaqların diqqətini sahədə olan qaya daşlarına cəlb edib fəxrlə: Əyyam dövründən qalmadılar, – deyir, – o zamanın nişanələridir!..
Qələmi saqqal basıb, qonaqlardan çəkinir, xəlvətcə kənara çəkilib evə daxil olur, saqqalını qırxmaq üçün rozetka axtara-axtara özünü MəmmədOviçin kabinetində görür, çox arzuladığı geniş yazı masasına qibtə ilə baxır... Üstü kağız-kuğuzla doludur, cürbəcür qələmlər-kitablar dağılmış və səliqəsiz halda... Gözü ikiprofilli şəkil olan qalın bir kitaba sataşır, aha, sülalə piarçıları buraya da əl atıblar, təbliğat yolunda yaxşı çalışırlar!..
Birdən MamedOviç’in yaxınlaşdığını gördü, pıçıltı zümzüməsilə, amma sözlər aydın eşidilirdi: Marusa, Marusa, Toy idi, döndü yasa... – otağa daxil oldu, Qələm əlində elektrik ülgüc gözlərini döyə-döyə ev sahibinə baxıb, Üzr istəyirəm, – dedi, – rozetka axtarırdım... – Və dərhal sözün istiqamətini dəyişib: İnciməyin, amma oxuduğunuz mahnıda səhv ifadə işlətdiniz.
- Səhv?!
- Anamın dilindən eşitmişdim, yadımdadır: “Marusa, Marusa, Səni verim urusa”.
- Bəs sonrası?
- Davamı, məncə, belədir: “Urus səni neynəsin...” – və dərhal susdu.
- Aha! Görürəm bilirsən, susmağından duydum, deməyin ayıb olardı, amma mənə olar, çox dadlı sonluqdur: “Urus səni neynəsin? Məmələrin çeynəsin!” – Gülümsünüb əlavə etdi: – Hə, insanı həvəsə gətirən eşq-erotik mahnılar indi siyasətləşdirilib, hətta... yox, mahnı deyil, gördün? – cild-cild üst-üstə qalanmış qalın kitabları göstərdi. – Bu Bəh-Bəh’lə Başqan’a aid siyasi yazılardır, amma roman kimi təqdim olunub, hər kitabın çəkisi iki kilo, başdan-ayağa yalan (amma diffamasiya sözünü işlətdi) və ürəkbulandırıcı yaltaqlıq!..
- Siyasətsiz olmur, Asif müəllim, nə yazırsan dərhal siyasi rəng alır. Siz özünüz də vaxtilə... – Sözünü ağzında qoydu:
- Nə deyirsən de, amma millətimizin bədii istedadına söz ola bilməz – həm mədhdə birinciyik, həm də tənqiddə!.. Hey camaatı aldadıb deyirik: “Lazım gəlsə, onu da yaparıq, bunu da edərik, rüşvətə-oğurluğa son qoyarıq, bütün problemlərimiz həll olunar və sairə”. Ədə, edin də! Yapın da! Görün də!.. O gün eşitdim, ləzzət verdi: “Lazım, gəl! gəl!” Bəs “Bazarbaycan” qafiyəsinə nə deyirsən?! Sadə, lakin dahiyanə tapıntıdır: torpaq da satılır, vicdan-namus da!.. Eşitdiyimə görə sən də siyasi mövzulardan çəkinmirsən.
- Mən... – çaşıb susdu: etiraf edib nə desin?
- Elə bilmə ki, yazılarından xəbərsizəm, hərdən oxuyuram, əvvəllər Qələm’i ləqəb sanırdım, hətta məndə belə bir maraqlı icada qibtə də oyanmışdı, sonralar bildim ki, sənin əsl adındır, bəxtin gətirdi, sənə təxəllüs-filan gərək deyil!..
- Heç gözləməzdim ki, Sizin kimi... – Yenə sözünü kəsdi:
- Görürəm mühit səni də tərifləmə yollarına salmaq istəyir – dön, çıx, uzaqlaş o yollardan!.. Hə, demək, yazırsan, süjetin də ikiprofilli rəmzə bağlıdır, eləmi?
Qələm duruxdu: kim deyib? haradan bilir?..
- Hətta hadisələrin detektiv inkişafından da məlumatlıyam, deyimmi? Səbri tükənmiş camaatın qiyamı, vertolyot və təyyarə meydanlarına basqın, qaçıb əkilmək istəyənlərin həbsi, təcili qurulmuş məhkəmələr və... Sonluğunu da deyimmi?..
Qələmi təşviş bürüdü: mənim süjetimdir!..
- Amma nahaq vaxtını bu yazıya sərf edirsən, çünki şəxsən mən bu haqda yazmışam, romanım hazırdır, gecikmisən!
Dərhal yuxudan ayıldı, elə bil aldanmışdı! Hətta MəmmədOviç’in yuxudakı son cümləsi də Qələmi çaşdırmışdı, heç gözləməzdi ondan:
- Qanını heç də qaraltma, – dedi. – Axı bilməlisən: bir var sən roman yazırsan, bir də var mən, fərqi anlaya bilirsənmi? – Uca zirvədə duran ağsaqqal bir andaca gözündən düşdü: belə bir lovğalıq?!
Qabaqladılar Qələmi! Lakin birdən-birə bütün onun ah-vaylı nidaları sual işarəsiylə əvəz olundu: nədə onu qabaqladılar? nə roman? ortalığa çıxarılası sanballı bir yazısı varmı?
Amma... Yuxuda MəmmədOviçin söylədiyi bəsit və hamıya məlum hadisələr yığınından fərqli olaraq Qələmi maraqlı detallarıyla, səhnə-dialoqları ilə başqa bir orijinal süjet cəlb etmişdi! Və bu nadir süjet indi tamamilə yaddaşından silinmişdi – bu idi onu ən çox sarsıdan! İsti-isti, unutmasın deyə, yazmalıydı!.. Yuxudamı?! Ağsaqqalın evindəmi?!
O ki qaldı yuxuda saqqal qırxmağa... – bunun tezliklə evlənmək kimi yozulduğunu Qələm bilirdi. O, həm subaydı, onda evlənmək lap yerinə düşərdi, həm də evli kimidir, onda evlənmək söhbəti mənasızdır. Amma bərbərçiliyi yadında deyil, odur ki... – birdən necə oldusa, boş-boş fikirlərdən maraqlı bir tapıntı doğdu: şüuraltı yuxu vasitəsilə MəmmədOviçin sirrini açmışdı: yazdığı roman röya deyil, həqiqətdir!.. Müsahibə alınmadı, lakin roman – gerçəkdir! onu hissə-hissə çap etmək olardı!.. Siyavuş razı qalacaq!..
- Lap dəli edəcəksən məni! Anlat, bu nədir? – Siyavuş Qələmə bugünkü qəzetdə çap olunmuş şəkil göstərir. – Bax, bu sənsən, bu da MəmmədOviç, bəs əlində tutduğun nədir, tuşlamısan ağsaqqala? Tapançadır yoxsa?
- Görmürsən? Adicə elektrik ülgücdür.
- Hədiyyə kimi ona təqdim edirsən? Yoxsa ağsaqqalı saqqalsız qoymaq istəyirsən? Amma bütün bunlar heç!.. De görüm, onunla necə görüşə bildiniz? Bəlkə müsahibə də hazırdır? Niyə susursan, de də!..
- ?!



