
Fevralın 21-də Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılışına qatılan prezident İlham Əliyev mərasimdə çıxış edib. AzərTAc-ın məlumatına görə, İlham Əliyev deyib: “Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir. Biz öz dahi şəxsiyyətlərimizin xatirəsinə böyük hörmətlə yanaşırıq. Keçən il Zivərbəy Əhmədbəyovun, Fikrət Əmirovun abidəsi ucaldılıb. Bu gün biz Koroğlunun abidəsinin açılışını qeyd edirik. Yaxın gələcəkdə Bakıda, şəhərimizin gözəl yerlərində Babəkin, Qara Qarayevin, Bülbülün abidələri ucaldılacaq. Artıq müvafiq göstərişlər verilib.
Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz olub. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur.
Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, vətənə bağlıdırlar, vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq”.
|
|
|
|
|
|


