
“İnsan yer üzündəki xəstəliklərdən biridir!” (Fridrix Nitşe)
İnsanların böyük əksəriyyətinin ekologiya barədə təsəvvürləri yanlışdır. Totalitarizm barədə də çox şey deyilib, lakin onun ekologiya ilə bağlı tərəfləri açıqlanmayıb. Dünyamızın bütün hadisələrinə sirayət edən ekologiyanı müdafiə prosesi bu gün bizə dünyanın dərk olunması istiqamətində yeni yollar açıb göstərir.
Bu yollardan biri və bəlkə də ən birincisi totalitar mühitə qarşı mübarizə yoludur. Totalitar mühit yer üzünün ən qorxunc xəstəliyidir. Bu, elə bir xəstəlikdir ki, hər hansı individin nəinki hisslərinə və fikirlərinə nəzarət edir, hətta onun təbii davranışına da müdaxilə edir.
XX əsr köləliyin və xaosun azadlıq üzərində tam nəzarəti bərpa etdiyi zaman idi. Nəticədə insan tarix və təbiət qarşısında hər cür məsuliyyət hissini itirdi. İnsanın təbiətə təsiri nəticəsində artıq coğrafi təbəqədə yeni bir maddə formalaşır. Bu maddə sözün əsl mənasında virusoloji və totalitar mahiyyətə malikdir.
Planetimizdə yaşayan canlılar içində insan yeganə canlıdır ki, kölə olur, kölə edir və etdirir. Digər tərəfdən insan görünən canlılar içində yalan danışan yeganə məxluqdur. Digər canlılarda isə bu xüsusiyyətlər yoxdur. Hətta ən yırtıcı heyvan da öz şikarını məhv etsə belə, onu öz köləsinə çevirmir. İnsanın həyat və fəaliyyəti isə köləlik üzərində bərqərar olub. İnsanda nə hepard cəldliyi, nə aslan gücü, nə də canavar zəhmi var. Amma o, bu yırtıcılardan daha yırtıcıdır. İnsan canlıların azad və təmiz aləminə bədbəxtlik gətirir.
Kimsə təbii-ekoloji şəraiti (relyefi, torpaqları, su hövzələrini və s.) qorumaq barədə düşünürsə və həqiqətən onda belə bir istək varsa, totalitarizmlə mübarizə aparmağın həyati zəruriliyini anlamalıdır. Əgər biz hər hansı bir təbii ərazi kompleksinin məhv olmasını istəmiriksə, bilməliyik ki, ətraf mühitə hər cür aqressiv müdaxilə yolverilməzdir.
Rəşad RAMAZANLI


