İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən “Condollah” təşkilatının qüvvələri ilə qarşıdurmada 5 nəfər həlak olub.
“Media forum” saytının məlumatına görə, İranın Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərinin yaxınlığında baş verən silahlı qarşıdurmada “Condollah”ın dörd üzvü öldürülüb. Öldürülənlər arasında tanınmış bəluc döyüşçüsü Abdulla Səhubinin də olduğu bildirilir. “Condollah” üzvləri ilə silahlı qarşıdurmada İran hüquq mühafizə qüvvələrindən də bir nəfərin həlak olduğu vurğulanır.
İranın terrorçu təşkilat kimi tanıdığı “Condollah”ın əsas bazaları Pakistanın Bəlucistan əyalətində yerləşir. Son illərdə “Condollah” yaraqlıları ilə İranın silahlı qüvvələri arasında baş verən qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub.
“Condollah” təşkilatının keçmiş rəhbəri Əbdülmalik Rigi 2010-cu il iyunun 20-də Tehranın Evin zindanında dar ağacından asılıb.


