![]() |
| Səid Məlekpur |
Avropa Birliyi 36 yaşlı bloqçu Səid Məlekpura çıxarılmış ölüm hökmünün dayandırılmasını tələb edib.
Səid Məlekpur əslən iranlıdır, 2004-cü ildə Kanadaya mühacirət edib, bu ölkədən vətəndaşlıq alıb. O, 2008-ci ildə xəstə atasını görmək üçün İrana gələndə tutulub. Tehran məhkəməsi Səid Məlekpuru öz bloqunda islama zidd materiallar, pornoqrafik şəkillər yaymaqda, Yer üzündə fəsad törətməkdə təqsirli bilib və ona ölüm hökmü çıxarılıb. İran Ali Məhkəməsi ölüm hökmünü qüvvədə saxlayıb. Səid Məlekpur ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
“Media forum” saytının məlumatına görə, Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton rəsmi bəyanat yayaraq gənc bloqçuya çıxarılmış ölüm hökmünün hər an icra oluna biləcəyindən ciddi narahat olduğunu bəyan edib: “İrandakı hüquq müdafiəçiləri bu hökmün ədalətli olmasına, Səid Məlekpurun işinə şəffaf və bitərəf baxılmasına ciddi şübhələr olduğunu bildirirlər. Mən bir daha bu bloqçunun işinə yenidən baxılmasının zəruriliyi haqdakı əvvəlki tələbimi təkrar edir, İran rəsmilərindən ölüm hökmünün icrasını dərhal dayandırmağı tələb edirəm”.



