![]() |
| Vüqar Bayramov |
İran ətrafındakı gərginlik, bu ölkənin Azərbaycanla münasibətlərinin pisləşməsi iki dövlətin iqtisadi əlaqələrinin perspektivi ilə bağlı suallar yaradıb. Hazırda Azərbaycanla İran arasında xarici ticarət dövriyyəsi həcminin 243 milyon dollar olduğu bildirilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, İranla bağlı son proseslər Azərbaycan iqtisadiyyatına təsir edir: “İran uzun müddət Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub. Xüsusilə kənd təsərüfatı məhsullarının idxalında İranın payı yüksəkdir. Bu ölkə ətrafında baş verənlər Azərbaycan iqtisadiyyatına birmənalı şəkildə təsir göstərir. Lakin bu təsirlər uzunmüddətli perspektiv üçün daha realdır.
İxrac baxımından İran Azərbaycan üçün heç də böyük bazar deyil. Bununla belə, İrandan bir sıra qeyri neft məhsullarının idxalı həyata keçirilir. Hazırkı gərginlik idxalı reallaşdıran şirkətlər üçün arzuolunan deyil”.
Vüqar Bayramovun sözlərinə görə, son illər İranın Azərbaycan iqtisadiyyatındakı rolu azalmaqdadır: “Əgər 2006-cı ildə qeyri-neft sektoruna investisiya qoyuluşu 17,5 milyon dollar təşkil edibsə, ötən il bu rəqəm 3,2 milyon dollara qədər azalıb. Yalnız son 5 ildə İranın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyaların həcmi 5,5 dəfə azalıb. Ümumilikdə isə 1995-2010-cu illər arasında İran Azərbaycanın qeyri-neft sektoruna 93,3 mliyon ABŞ dolları investisiya qoyub. Bu da həmin dövrdə qoyulmuş investisiyaların cəmi 2%-ni təşkil edib.
İnvestisiya qoyluşlarında İranın payının az olması yaranmış gərginliyin Azərbaycanın neft sektoruna təsirlərini minimuma endirir. Buna baxmayaraq qonşu ölkədəki gərginlik, eləcə də neft məhsullarının ixracındakı çətinliklər dünyada neftin qiymətini artıracaq. Artıq neftin dünya bazar qiymətində artımlar müşahidə edilməkdədir. Son iki həftədə “qara qızıl” 7 faizə yaxın bahalaşıb. Beyənlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, İran neftinin dünya bazarına çıxarılmasında problemlər davam edərsə, dünyada neftin qiyməti hər barell üçün 150 dollardan aşağı olmayacaq. Uzunmüddətli perespektivd bu, müsbət hal deyil. Neftin qiymətində siyasi səbəbdən baş verən artımlar real sektorda böhran yaradır”.



