
Fevralın 24-də Müsavat Partiyasının başqanı İsa Qəmbərin 55 yaşı tamam olur. “Media forum” saytının əməkdaşları İsa Qəmbərlə söhbətə bu mövzudan başlayıblar.
- İsa bəy, ötən illərin birində demişdiniz ki, insan hər yaşda özünü eyni cür hiss edir. İndi də bu hiss varmı sizdə?
- Bütün insanlarda belədir. Bu yöndə başqalarının da fikirlərini öyrənəndə məlum olur ki, yaş heç kimin daxilinə təsir eləmir. Yaş insanın nə intellektual, nə də emosianal keyfiyyətlərində prinsipial fərq yaradır.
- Yəni deyirsiz yaxşı olmayan adam qocalanda da yaxşı olmayaraq qalır? Bəs həyatdan nəsə öyrənmək, dəyişmək şansı?
- Xoşbəxtlikdən yaxşı olmayan adamların sayı azdır. Amma bədbəxtlikdən müstəsna olaraq yaxşı adamların da sayı çox deyil. Prinsip etibarilə insanlar yaxşı olmaq istəyirlər. Ancaq şərait onları pis olmağa məcbur edir. Buna görə ilk olaraq şəraiti dəyişmək lazımdır ki, yaxşı insanlar ləyaqətlə yaşasınlar, yaxşı olmaq istəyən adamların da buna imkanı olsun, pis adamların pisliyi özlərinə qalsın.
- Bu il dünyanın axırı olduğunu deyirlər. Hətta bir çox araşdırmaçılar, elm adamları da bu haqda ciddi-ciddi fikirlər söyləyirlər. Bir siyasətçi olaraq siz dünyanın bugünkü mənzərəsini necə görürsüz, dünya doğrudan da dağılmağa doğru gedirmi?
- 20-ci əsrin sonunda jurnalistlərdən biri məndən soruşmuşdu ki, 21-ci əsrdən nə gözləyirsiz, proseslər necə olacaq. Mən də demişdim ki, arzum, təbii ki, müharibələrin olmadığı, haqqın, ədalətin qalib gələcəyi bir əsrin başlanmasıdır, amma təəssüf ki, 21-ci əsr çox gərgin başlayacaq, millətlər, mədəniyyətlər arasında münasibətlər sərtləşəcək, rəqabət qaydaları daha qəddar forma alacaq və Azərbaycan da bu dövrə hazır olmalıdır.
Təəssüf, belə də oldu. İndi bəşəriyyət sanki 21-ci əsrin ilk onilliyindən nəticələr çıxartmağa başlayır. Dərk eləməyə başlayır ki, bu yolun sonu yoxdur. Yəni problemləri zorakı yollarla həll etməyin, bir-birindən üstün olmağa çalışmağın sonu yoxdur. Balaca bir dünyamız var. Hansısa dövlətin təhlükəsiz və firavan yaşaması o zaman mümkündür ki, bütün dünyada təhlükəsizlik və firavanlıq höküm sürsün. Dünyanın bir tərəfində terror, dərəbəylik, korrupsiya, aclıq, səfalət, digər tərəfində isə təhlükəsiz və gözəl bir həyat ancaq qısa müddətə ola bilər.
21-ci əsrin əvvəlində terrora qarşı beynəlxalq mübarizə prosesi müəyyən müsbət nəticələr verdi. Amma bu həm də çox baha başa gəldi, qlobal miqyasda münasibətlər gərginləşdi. 2008-ci ildən start götürən iqtisadi böhran da daxil olmaqla, bəlkə də bütün bunların nəticəsi olaraq sadaladığım həqiqətlər dərk edilməyə başlandı. Əslinə qalsa, ağıllı adamlar bunu çox-çox əvvəllər də bilirdilər və bu haqda danışırdılar. Məsələn, Məmməd Əmin Rəsulzadə radioyla məşhur müraciətlərinin birində deyib ki, dünyada bir tək əsir insan, bir tək əsir millət qalın dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. Yəni bu həqiqətlər bilinən həqiqətlərdir. Ancaq indi onların məcburən qəbul olunması mərhələsindəyik. Təkcə yaxşı adamlar yox, tam yaxşı olmayan adamlar da bu həqiqətləri qəbul etmək zorundadırlar. Ona görə də mən növbəti dövr üçün müsbət dəyişikliklər gözləyirəm. Sözsüz ki, bu dəyişikliklər asan başa gəlməyəcək, mövcud gərginlik, qəddar yarış formaları yenə qalacaq. Ancaq artıq bunların hamısında azalma tendensiyası var. Bəşəriyyətin taleyinin ümumi olmasının dərki getdikcə daha aydın şəkildə özünü göstərir.
- Bu proses insanlara yaxşı olmaq imkanı verən o düzəni yarada biləcəkmi?
- Yeni əsrin birinci onilliyində həm terrorçu rejimlərin, həm də onlara dəstək verən rejimlərin sıradan çıxarılması həlledici hədəf idi. İndi isə terroru doğuran, dünyada təhlükəsizliyə mane olan rejimlərin sıradan çıxarılması mərhələsi başlanıb. Hesab edirəm ki, bu mərhələ daha təhlükəsiz, daha firavan həyatın yaranmasına xidmət edir. Bütün çətinliklərinə baxmayaraq bu, bütövlükdə çox pozitiv bir prosesdir və müsbət nəticələr verəcək.
- Adətən, bir yaşdan sonra insanlar öz seçimlərindən peşman olur, kaş bu işi yox, filan işi görəydim deyə təəssüflənməyə başlayırlar. Siz necə, öz həyatınızı yaşayırsızmı? Yoxsa bir vaxtlar ölkədə baş verən proseslərdən dolayı seçim etməyə məcbur olduz?
- Mən taleyin mənə verdiyi məkan və zaman çərçivəsində öz yolumla gedirəm. Təbii ki, hər şey məndən asılı deyil, müəyyən zamanda dünyaya gəlmişəm və konkret bir şəraitdə seçim etmək zorundayam. Amma mənim həyatım yalnız taledən, mənim üçün cızılan yoldan ibarət deyil. Mənim seçim imkanlarım olub və mən həyatımın hansı istiqamətdə davam etməsini özüm seçmişəm. Bu baxımdan həyatımdan razıyam. Təbii ki, mən də bir çoxları kimi elmi fəaliyyətlə kifayətlənə bilərdim. Pis-yaxşı, akademik sahədə öz yerimi tuta bilərdim, Azərbaycan elminə, Azərbaycan ictimaiyyətinə bu da bir xidmət olardı. Amma xalqa ictimai-siyasi fəaliyyət sahəsində xidmət etmək kifayət qədər məsuliyyətli bir seçimdir. Şəsxən mən bu seçimimi düzgün hesab edirəm.
Bu yaxınlarda Elnur Astanbəylinin maraqlı bir yazısını oxudum bu haqda. Çox doğru yazmışdı ki, guya biz ictimai, siyasi fəaliyyət sahəsini seçməsəydik nə olacaqdı? Ən yaxşı halda tanınmış bir həkim, alim olacaq, ya da başqa bir sahədə fəaliyyət göstərəcəkdik. Amma tale bizə Azərbaycanın müstəqilliyini əldə etmək uğrunda mübarizə aparmaq səadətini qismət elədi. Tale bizə müstəqil Azərbaycan Respublikasının qurulmasında iştirak etməyi nəsib etdi. Sonra da taleyin və dünyanın mürəkkəblikləri bizə avtoritarizmə qarşı, demokratiya, haqq və ədalət uğrunda mübarizə aparmaq imkanını verdi. Biz bu yolu gedirik. Bu yol şərəfli, ləyaqətli bir yoldur. Bu yolun çətinliklərindən, itkilərindən danışmaq hər zaman mümkündür. Ancaq bunu yüksək mənəvi dəyər kimi görüb taleyin bir şansı olduğunu qiymətləndirməyi də bacarmalıyıq. Buna görə də heç zaman fərqli bir tale arzulamamışam özümə, indi də arzulamıram. Amma istərdim fikrim dəqiq başa düşülsün. Bir elm adamı kimi də, ədəbiyyat adamı kimi də bu millətə vicdanlı, şərəfli xidmət eləmək mümkündür. Buna da hörmətlə yanaşmalıyıq hamımız.
- Mövcud vəziyyəti yaxşılığa doğru dəyişmək üçün əlimdən gələni edirəm rahatlığı varmı içinizdə?
- Mən öz mənəvi rahatlığım üçün seçməmişəm bu yolu. Mən doğrudan da millət üçün, cəmiyyət üçün nələrisə etməyə çalışmışam. Ona görə də mənəvi cəhətdən rahatam. Amma əldə edilənlərə qiymət verəndə artıq daha dəqiq təsnifat aparmaq lazım gəlir ki, nələri edə bilmişik, nələri edə bilməmişik. Bu da normal bir şeydir. Hər bir peşə sahibi zaman-zaman öz fəaliyyətinə qiymət verməyi və sonrakı fəaliyyəti üçün hədəflərini dəqiqləşdirməyi bacarmalıdır.
- Bugünkü hədəfləriniz hansılardır?
- Əsas hədəf ölkədə haqqı, ədaləti bərpa etmək, xalqın hakimiyətini, xalqın iradəsinin üstün olmasını bərqərar etməkdir. Mən inanıram kı, Azərbaycan xalqının iradəsi ilə hakimiyyət formalaşanda itirdiyimiz torpaqlar da geri qayıdacaq, xalqın xoşbəxt, firavan yaşayışı da təmin olunacaq. Eyni zamanda, mən inanıram ki, haqq-ədalət bərpa olunanda Müsavat Partiyasının da qələbələri reallaşacaq. Biz indiyə kimi heç bir seçkini uduzmamışıq. Amma təəssüf ki, bu qələbələri reallaşdıra bilməmişik. Demokratiya olsa, Müsavatın da qələbələri reallaşacaq və partiyadakı on minlərlə insanın vətənə, millətə xidmət etmək imkanları daha çox olacaq. Onların bir vətəndaş olaraq da öz potensiallarını realizə etmək şansı artacaq.
- Azərbaycanda demokratik dəyişikliklərə mane olan amillər sırasında ən önəmlisi hansıdır, sizcə?
- Ən vacib maneə beynəlxaq amildir. Dəfələrlə demişəm - Azərbaycanda doğulduğum üçün süni şəkildə Azərbaycanın önəmini böyütmək fikrində deyiləm. Ancaq həyat keçdikcə, təcrübəmiz artdıqca, dünyada baş verən prosesləri daha dəqiq dərk etdikcə bəzən təəccüblə bir daha əmin oluram ki, Azərbaycan dünyada gedən proseslər üçün çox mühüm bir məmləkətdir. Böyük güclərin dünyadakı, regiondakı maraqları çox ciddi şəkildə Azərbaycanda kəsişir. Bu maraqlar Azərbaycan xalqının potensialının ortaya çıxmasına, xalqın öz istəyini reallaşdırmasına mane olur. Böyük güclər Azərbaycan uğrunda gərgin mübarizə aparır və zaman-zaman öz aralarında gizli kompromisə gəlirlər. Təəssüf ki, bu razılaşmalar əksər halda Azərbaycanın maraqlarına uyğun olmur. Əsas maneə bundan ibarətdir. Qalan bütün səbəblər - cəmiyyətin fəallığının az olması, cəmiyyətdəki neqativ yüklü insanların üstün məqamlara çıxmaları bu maneənin törəmələridir.
- Sizcə, cəmiyyətin fəallığı bugünkü reallıqda mümkün olan səviyyədədirmi?
- Hələlik mümkün olan səviyyədə fəallıq yoxdur. İnsanlarımızın fəallığını azaldan əsas amil Azərbaycanda dinc yolla dəyişikliklərə inamsızlıqdır. Bu inamsızlıq insanları hətta fəaliyyət göstərmək imkanları olan yerdə də fəaliyyətsizliyə sövq edir. Doğrudur, 2011-ci ildə və 2012-ci ilin əvvəlində bu vəziyyət müəyyən qədər dəyişib, inam bərpa olunmağa başlayıb. Mən bilirəm ki, bu inam gücləndikcə cəmiyyətin fəallığı da çox sürətlə artacaq və biz gözləmədiyimiz bir dinamika görəcəyik. Özümüz də öz inamsızlığımıza bir növ təəccüblə yanaşacağıq ki, necə oldu biz bunu təxmin edə bilmədik. Buna görə də mən cəmiyyəti, xalqı günahlandırmaq fikrindən tamamilə uzağam. Əksinə, mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti kifayət qədər yetkin bir cəmiyyətdir, yalnız dinc dəyişikliklərin tərəfdarıdır, ona görə də gözləmə mövqeyində olmağa üstünlük verir. Bu, ictimai-siyasi fəaliyyətlə məşğul olan fəal adamları bəzən qəzəbləndirsə də, bu seçimə hörmətlə yanaşmaq lazımdır. Çünki bu, cəmiyyətin öz seçimidir. Səbəblərini dərk elədiyim üçün mən buna sakit yanaşıram. Mən cəmiyyətimizə, xalqımıza inanıram.
- Cəmiyyətdə inamı nə yarada bilər?
- Bu artıq sirlər sahəsinə aid bir məsələdir. Təbii ki, qeyri-adi bir şey baş verməyəcək. Sadəcə olaraq bu gün dəyişikliklərin mümkünlüyünə əhalinin müəyyən hissəsi inanırsa, əksəriyyət buna inanmırsa, bir gün bu əksəriyyət inanmağa başlayacaq. İnam özü qısa müddətdə hər şeyi dəyişəcək.
- Müxalifət düşərgəsinin bu məsələyə stimul vermək imkanları nə qədərdir? Sizcə, daha fəal olmaq cəmiyyətdə yeni bir oyanış enerjisi yarada bilərmi, yoxsa həmişəki kimi, problem daha çox ondadır ki, cəmiyyət bu enerjini kənarda - hər şeyi özü həll edəcək bir liderdə görmək istəyir?
- Demokratik ictimaiyyətdən, aktiv siyasi partiyalardan, Müsavatdan söhbət gedirsə, bizim başlıca missiyamız bugünkü ağır mərhələdə məşəli qoruyub saxlamaqdan, bu işığı cəmiyyətə göstərməkdən ibarətdir. Cəmiyyət dəyişiklik əzminə gəlib çatanda bu işığın ardınca da gedəcək, lazım gəlsə, o işığı özüylə birgə hərəkət etməyə də cəlb edəcək. Yəni əsas missiya nümunə göstərmək, hazır olmaqdır. Ən azı partiyada olan insanların müsbət dəyişikliklərə inanması lazımdır. Biz də bunu etməyə çalışırıq. Lider məsələsinə gəlincə, bu mövzuda danışmaq mənim üçün çətindir. Çünki ölkədəki əsas siyasi partiyalardan birinin rəhbəriyəm. Bu məsələni cəmiyyət özü həll edir. İstər seçkilərdə, istərsə də fors-major situasiyalarda ortaya çıxan dəyişikliklər zamanı. Cəmiyyətin kimisə lider seçməsi problem deyil. Önəmli olan müsbət dəyişikliklərin getməsi, cəmiyyətin fəallaşmasıdır. Yəni bu proses gedəndə lider olmaq istəyənlər çox olacaq. Bu barədə bizim heç bir narahatlığımız yoxdur.
- Son dövrlərdə gənclərin fəallığı xeyli artıb...
(Ardı var)
ALYA,
ELKİN


