Avropa Birliyi fevralın 20-də rəsmi bəyanat yayaraq İrandan neft idxalını tədricən azaltdığını bildirib. “Media forum” saytının məlumatına görə, Avropa Birliyinin enerji məsələləri üzrə mətbuat katibi Marlin Holzner fevralın 20-də jurnalistlərə deyib ki, iyuldan İrandan neft idxalının dayandırılacağına baxmayaraq quruma üzv ölkələr kifayət qədər ehtiyata malikdir və ciddi problem yaşamayacaqlar: “Avropa Birliyinin bir sıra ölkələri, o cümlədən Böyük Britaniya, Avstriya və Portuqaliya da İrandan neft idxalını azaldıblar. Fransanın neft şirkətinin icraçı direktoru isə İrandan neft idxalını tamamilə dayandırdıqlarını bildirib”.
Fransanın xarici işlər naziri Alen Jüpe isə jurnalistlərə açıqlamasında İranın Avropa Birliyinə üzv bəzi ölkələrə neft satışını dayandırması haqdakı iddiasını “gülünc” adlandırıb: “İranın bu iddiası çox gülüncdür. Çünki İrandan neft sifarişlərinə son qoymaq qərarını biz qəbul etmişik”.
İranın Neft Nazirliyi fevralın 19-da bəyanat yayaraq Fransa və Böyük Britaniyanın neft şirkətlərinə neft satışını dayandırdığını bildirmişdi.


