![]() |
| Məhsa Əmrabadi |
İranda islahatçı jurnalist Məhsa Əmrabadi 5 il həbsə məhkum edilib. Həbsin dörd ili şərtidir.
“Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi Məhsa Əmrabadini dövlət quruluşuna qarşı təbliğatda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, siyasi məhbus ailələrinin təşkil etdiyi “Quran” oxunuşu məclislərinə qatılmaqda və bəzi müxalif ruhanilərdən müsahibə almaqda təqsirli bilib.
Məhsa Əmrabadi 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etiraz aksiyalarından sonra tutulub iki ay yarım zindanda saxlanmış, 200 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
2010-cu ilin oktyabr ayında Tehran məhkəməsi jurnalisti dövlət quruluşuna qarşı təbliğatda və siyasi məhbusların durumu ilə bağlı xarici mediaya müsahibədə günahlandıraraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.
Məhsa Əmrabadi ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşuna qarşı təbliğatda günahlandırılaraq 6 il həbsə və 36 min dollar pul cəriməsinə məhkum edilərək iki ildən artıqdır zindanda yatan tanınmış jurnalist Məsud Bastaninin həyat yoldaşıdır.



