Azərbaycan milli kimliyi uğrunda dinc mübarizlər, Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimində tutulan 11 azərbaycanlıya üst-üstə 22 il həbs verilib.
“Media forum” saytının məlumatına görə, Təbriz məhkəməsi iftar mərasimində tutulan azərbaycanlıları ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğatda, xarici radiolara müsahibə verməkdə günahlandırıb.
Həbsə məhkum edilən azərbaycanlılar bunlardır: Musa Bərzin Xəlfəli, Tağı Sələhşur, Mehdi Həmidi Şəfiq, Mustafa Əvəzpur, Vəhid Şeyxbəyli, Əli Hac Əbollu (Həsən Ərk), Cəmşid Zarei, Əziz Purvəli, Əhməd Riyazi Mübarəki, Mahmud Fəzli və Mehdi Turi.
Mehdi Həmidi Şəfiq və Tağı Sələhşur bu il fevralın 1-də mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları 2011-ci il avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftar süfrəsinə müdaxilə edərək 30-a yaxın azərbaycanlı fəalı birlikdə tutub aparmışdılar. Azərbaycanlı fəallar həmin iftar mərasimində Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirəyə çıxarmışdılar.


