![]() |
| Səidə HÜSEYNOVA |
“Avroviziya 2012” yarışına görə Bakıda cibgirlərlə, oğrularla, dilənçilərlə bağlı xüsusi qruplar yaradılıb. Çox gözəl. Ən azı bir neçə ay əlimizi cibimizdən çıxarıb, gözümüzü çantamızdan ayırıb sərbəst gəzə biləcəyik.
Amma birdən yadıma düşdü ki, Rusiyada yaşayan rəfiqəm mənə “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində Bakıya gəlmək istədiyini yazıb. Həm məni görməyə, həm də “Avroviziya”nı canlı seyr etməyə. Mən də tez razılaşdım və ona öz evimizdə qalmağı təklif etdim.
İndi məni dərd götürüb. Axı onu evimizdə qonaq saxlamalıyam. Təbii ki, mən ona şəhərimizin gözəl, təmiz yerlərini göstərəcəm. Amma sonunda biz Zabrata getməliyik. Mən onu qəsəbənin içərisindəki zibili, palçığı aşıb-daşan küçələrdən keçirib necə evimizə aparacam? Bu, məni çox narahat edir. Bəs bu qonaq deməyəcək ki, sizin qəsəbə niyə belə gündədir?
İki il bundan qabaq bir neçə jurnalist ABŞ-ın Cənubi Karolina ştatına səfər etmişdik. Hər birimiz bir amerikalı ailənin evində qalırdıq. Qrupumuzda olan jurnalistlərdən birini ev sahibi səfərin sonuncu günü Cənubi Karolina ştatının paytaxtı olan Kolumbiyanın kasıblar yaşayan məhəllələrinə aparmışdı. Karolinalı ev yiyəsi jurnalist həmkarımıza çirkli, kasıb, səliqəsiz məhəllələri göstərərək demişdi: “Siz elə bilirsiniz neçə gündür gözəlliyinə, təmizliyinə heyran qaldığınız Karolinada hamı yaxşı yaşayır? Belə gündə yaşayanlar da var”.
Həmkarım bu hadisəni Azərbaycana qayıdanda hava limanında bizə danışdı. Həmin jurnalistdən başqa heç birimiz bu mənzərəni görmədiyimiz üçün onun danışdıqları bizi o qədər də narahat etmədi. Çünki ondan başqa heç birimiz bunları görməmişdik. Səfər vaxtı biz yalnız gözəllikləri görmüşdük, ona görə də gözəl təəssüratla qayıtmışdıq.
Karolinalı ailə başçısı bu reallıqları qonağına bilərəkdən, həqiqətləri gizlətməmək məqsədi ilə göstərmişdi. Vicdanı onu buna məcbur etmişdi.
Amma indi məndə vəziyyət ayrı cürdür. Zabrat mənim yaşadığım qəsəbədir. Mən istəsəm də, istəməsəm də, qonağı bu qəsəbəyə aparmalıyam.
Məsələ yalnız mənim qonağımda deyil. Məni başqa xarici qonaqlar da narahat edir. Mənim kimi xaricdə tanış-bilişi olan adamlar neyləyəcək? Yəqin ki, “Avroviziya 2012” müsabiqəsini canlı seyr etmək Azərbaycanda tanışı olan əcnəbilərə daha ucuz başa gələcək. Ona görə də Bakı əhalisi arasında xaricdən qonaq qəbul edən yeganə adam mən olmayacam və onların içində mənim kimi şəhərətrafı qəsəbələrdə yaşayanlar da olacaq.
Bəlkə də bizim qonaqlarımızın ciblərinə, çantalarına girən olmayacaq, amma onlar aşıb-daşan zibillikləri, dağılmış, kanalizasiya suları ilə dolu küçələri görəcəklər. Onlar bizdən belə küçələrdə yaşamağımızın səbəbini soruşacaqlar. Hökmən soruşacaqlar.
İndi mən nə edim? Öz qonağımı Zabrata aparım, ya yox? Aparmasam inciyər, aparsam mən ona nə deyim?



