Tailand hökuməti Banqkok partlayışı ilə əlaqədar axtarılan daha 2 İran vətəndaşının adlarını açıqlayıb.
Fevralın 14-də paytaxt Banqkokda İran vətəndaşı Səid Muradinin törətdiyi partlayışda 4 nəfər yaralanıb. Səid Muradi özü iki ayağını itirib. Hadisədə təqsirli bilinən digər İran vətəndaşları - Məhəmməd Xəzai Banqkokda, Məsud Sədaqətzadə isə Malayziya paytaxtı Kuala-Lumpur aeroportunda tutulub.
Fevralın 15-də jurnalistlərə danışan Tailandın təhlükəsizlik rəsmisi tutulanların niyyətinə toxunub: “Bu üç iranlı adam öldürməklə məşğul olan killer dəstəsinin üzvləridir. İranlılar ölkədə israilli diplomatları terrora hazırlaşırdılar. Onlar İsrail diplomatlarının avtomobillərinə bomba qoymağı planlaşdırmışdılar”.
“Media forum” saytının məlumatına görə, Banqkok polisinin sözçüsü Vinai Tonqson jurnalistlərə açıqlamasında deyib ki, tutulanlara hərbi təlim keçirməkdə şübhəli bilinən dördüncü iranlı, 52 yaşlı Nikxah Fərdin axtarışına başlanıb. Polis sözçüsü həmçinin tutulan iranlılara Banqkokda ev kirayə etdikdən sonra İrana qayıdan beşinci iranlının adının Leyla Ruhani olduğunu vurğulayıb.


