![]() |
| İlham ŞABAN |
| Neft Araşdırmaları Mərkəzinin rəhbəri |
Son bir ildə Azərbaycan hökumətinin davranışı yenə dəyişib. Dünya bazarında neftin barreli 100 dollardan aşağı düşmür, bir-birinin ardınca Xəzərdə iki iri qaz yatağı aşkar edilir, Avropa Birliyinin Xəzər qazına diqqəti artır və bu kimi amillər yenidən enerji məsələlərini aktuallaşdırır.
Bir qədər əvvəl cəmiyyətdə belə bir fikir vardı ki, 2015-ci ildən neft gəlirləri azalacaq və 2020-ci ildən postneft dövrü başlayacaq. Bir çoxları zənn edirdilər ki, neft gəlirlərindən məst olmuş hökumət, nəhayət, tərpənib işə başlamaq qərarına gələr və ölkənin müəyyən qruplarının deyil, əksər vətəndaşlarının enerjisindən yararlanmağa çalışar. Ancaq enerji sahəsində ardı-arası kəsilməyən kəşflər onu göstərir ki, Azərbaycanın neft hasilatı dövrü ən azı 10-15 il uzanır və postneft dövrünü 2020-ci ildən təbii qaz dövrü əvəz edəcək. Qaz dövrü isə nə az, nə çox - təqribən 30-40 il davam edə bilər. Ona görə də artıq sosial şəbəkələrdə daha çox bu mövzuda diskussiya aparılır: gələcəyə necə getməli?
Azərbaycanda "neft bəlası" - iqtisadiyyatın neft ixracından asılılığının neqativ tərəfləri barədə yetərincə yazılıb. Hələ 1990-cı illərin ortalarından bir qrup müstəqil iqtisadçının "holland sindromu" deyərək car çəkib “yatmışları oyatmaq” istəyi bu gün də aktualdır: hökumətin ölkəyə neft pulları axını nəticəsində qeyri-effektiv iş rejiminə keçməsi, izafi məsrəflərin artması, milli valyutanın bahalaşması nəticəsində yerli istehsalın rəqabət qabiliyyətini itirməsi, siyasi islahatların gündəmdən çıxması, korporativ maraqların ictimai maraqları üstələməsi...
Belə olan halda biz hara gedirik? Təbii ki, Nigeriya və Anqola cığırları ilə getmirik, ancaq Norveç yolu ilə də addımlamırıq. Əslinə qalsa (hakimiyyət ideoloqlarının dediyi kimi, Azərbaycanın öz yolu var), bizim nəinki strateji yönümüz, heç bugünkü taktiki istəyimiz də düz-əməlli bəlli deyil (yemək imkanı olan yeyir, yerdə qalan ümid edir, ümidsizlər isə ya ölkədən gedir, ya da çıxış yolunu intiharda görür).
Elə isə dünyanın ən iri neft ölkəsi, "qara qızıl" ehtiyatına görə lider olan Səudiyyə Ərəbistanına “səyahət” etsək, nefti ilə özünə təsəlli verən Azərbaycan barədə bir təsəvvür formalaşdıra bilərik.
1932-ci ildə yaradılmış Səudiyyə Ərəbistanı Krallığı tam teokratik monarxiyadır. Dövlətin və hökumətin başçısı olan kral həm də icra, qanunverici və məhkəmə hakimiyyətlərinə malikdir, eyni zamanda ölkənin dini lideridir (onun hakimiyyətini yalnız şəriət qayda-qanunları məhdudlaşdıra bilər). Hakimiyyət ailənin böyük oğlunun və Kral Ailə Şurasının (şuraya monarxiya banisinin nəslindən olan 18 nüfuzlu şəxs daxildir) xeyir-duası ilə nəsildən-nəslə keçir.
Ölkədə rəsmən siyasi müxalifət yoxdur! Hamı rəhbərin dediyi ilə oturub-durmalıdır. Krallıqda quldarlıq yalnız 1962-ci ildə ləğv olunub. Fəsadlar isə hələ də aradan qalxmayıb - xidmət sahəsində çalışanlara qul gözü ilə baxanlar qalmaqdadır.
Səudiyyə Ərəbistanının 2008-ci il büdcəsinin gəlir hissəsi 450 milyard rial, illik xərc isə 410 rial olub (1 dollar 3,57 riala bərabərdir). Səudiyyə Ərəbistanı özünün hərbi xərclərinə görə dünyanın ilk 10 dövlətinin siyahısındadır: ölkə hər il müdafiə sahəsinə 30 milyard rial və yaxud ümumi daxili məhsulun (ÜDM) 9 faizini xərcləyir.
Ölkə xarici şirkətlərlə ilk neft müqaviləsini 1933-cü ildə imzalayıb, 1938-ci ildən isə istehsala başlayıb. Amma Səudiyyə Ərəbistanı neftinin dünya iqtisadiyyatındakı rolu yalnız 1970-ci ildən - ABŞ-da neft istehsalı qəfildən ən yüksək mərhələyə çatandan sonra qiymətləndirilib. Krallıq 1965-ci ildə sutkada 2,5 milyon barrel neft istehsal edən aparıcı neft istehsalçısından 1974-cü ildə sutkada 8 milyon barrel xammal çıxaran ən böyük neft ulduzuna çevrilib. Nəticədə Səudiyyə Ərəbistanının gəlirləri görünməmiş sürətlə artıb.
Amma uzun illər bir ailənin idarə etdiyi, qalan vətəndaşların isə hər hansı qərara təsir edə bilmədiyi ölkə neft gəlirlərinin belə axınına hazır deyildi (1970-ci ildə ölkənin neftdən gələn gəliri 2,2 milyard dollar idi, amma cəmi 10 ildən sonra ildə 105 milyard dollara, 2008-də isə 350 milyard dollara çatmışdı). Buna görə də bir neçə ildən sonra ölkənin "zəhmətsiz" gəlirlərinin ilkin neqativ simptomları özünü göstərməyə başladı.
İlkin göstərici bu idi ki, yerli əhali zəhmətdən uzaqlaşdı, yəni işləməkdən imtina etdi. Məlumatlara görə, böhranın ilk çağlarında əhalinin 1/3 hissəsini krallıqda çalışan əcnəbilər təşkil edirdi. Həmin ərəfədə Səudiyyə Ərəbistanının neft sənayesindəki bütün mütəxəssisləri əcnəbilər idi.
İkincisi, əhali artımı getdikcə daha da sürətlənirdi. Qeyri-neft sektorunu inkişaf etdirə bilməyən neft ölkəsi üçün isə iqtisadiyyatın əsas düşməni əhali artımıdır. Adambaşına götürsək, Səudiyyədə ÜDM hətta İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının üzvləri olan ən kasıb ölkələrdə olduğundan 50% aşağıdır. Tədqiqatçı Metyu Simmons "Səudiyyə neftinin qürubu" kitabında Qərb araşdırıcılarının hesablamalarından çıxış edərək bu qənaətə gəlir ki, hətta neftin qiyməti dəfələrlə qalxandan sonra belə Səudiyyə Ərəbistanı yaşayış səviyyəsinə görə 2005-ci ilin İspaniyasına (Qərbi Avropanın üç ən kasıb ölkəsindən biri) ancaq 2024-cü ildə çata biləcək.
Praktiki olaraq ölkənin rifahı ancaq neftin qiymətinin qalxmasından asılıdır. Dünya neft bazarında istənilən çalxalanma dərhal Səudiyyə Ərəbistanının iqtisadiyyatında özünü göstərir. Neft gəlirlərinin ümumi həcmi 1980-ci ildə 105,8 milyard dollar idisə, 1985-ci ildə 24,2 milyard dollara düşdü, 1990-cı ildə 40,7 milyard dollara qalxdı və yalnız ötən onilliyin sonunda 48 milyard dollar səviyyəsində tənzimləndi. Ölkədə ÜDM 1990-cı illərin axırlarında adambaşına 8 min dollardan da az idi, hərçənd bundan 15 il əvvələ qədər bu göstərici 25 min dollar səviyyəsində idi.
Üçüncüsü, ölkə iqtisadiyyatında neft sənayesindən başqa praktiki olaraq heç bir sahə inkişaf etmirdi, çünki bu sahələr "neft bataqlığı"nda boğulurdu. Ölkə gəlirlərinin 80%, ixracın isə 95% neftin üzərinə düşürdü.
Qərb analitiklərinin proqnozlarına görə, indi Səudiyyə Ərəbistanının iqtisadiyyatı sadəcə neftdən ibarətdir və görünən budur ki, gələcəkdə də belə olacaq. Burada ancaq neft-qaz sektoruna aid olan qollar işləyir.
1970-ci ildə Səudiyyə Ərəbistanının əhalisi heç 4 milyona da çatmırdı. İlk neft böhranı vaxtı əhalinin sayı 50 faiz artdı, ikinci neft böhranında isə (1980-ci il) say 9 milyon nəfərə çatmışdı. 10 ildən sonra krallığın əhalisi 14 milyon nəfərə yüksəldi, 2000-ci ildə isə Səudiyyə Ərəbistanının vətəndaşı olmayan 5,5 milyon nəfər də (xarici işçi qüvvəsi) daxil olmaqla bu say artıq 22 milyon idi. Beləliklə, 30 il ərzində krallıq əhalisinin artımı 400 faiz ətrafında olub!
Proqnozlara görə, 2030-cu ildə Səudiyyə Ərəbistanının əhalisi 50 milyona çatacaq. Əhali artımının nəticələri ona gətirib çıxarıb ki, 21-ci əsrin əvvəllərində Səudiyyə Ərəbistanı öz vətəndaşlarını onların son 25 ildə kifayətləndiyi sosial şəraitlə belə təmin edə bilmədi. Baxmayaraq ki, bu ölkədə maddi rifah hələ də Orta Şərqin başqa ölkələrindən daha yaxşıdır.
Özünün neftdən gələn ilk iri gəlirlərini Səudiyyə Ərəbistanı hakimiyyəti infrastruktur layihələrinə yönəltdi. 1970-ci illərdə krallıq paytaxt aeroportuna 2 milyard dollar yatırmışdı. Kral ailəsinin təyyarələrə olan sevgisi elə böyük idi ki, heç bir ehtiyac olmadan hər üç-dörd ildən bir hava laynerlərini yeniləri ilə əvəzləyirdilər. Ümumiyyətlə, Səudiyyə Ərəbistanında 30 ildə müxtəlif tipli 205 aeroport tikilib ki, onların çoxuna indi də heç bir ehtiyac duyulmur.
Təyyarələrə olan sevgi bu günədək qalır. Səudiyyə Ərəbistanının şahzadəsi Valid Bin Talal özünə şəxsi, göyərtəsinə 550 nəfərin yerləşə biləcəyi nəhəng təyyarə - “Aerobus A308” alan ilk şəxsdir. Qiyməti açıqlamasalar da, kataloqa görə, təyyarənin qiyməti 320 milyon dollardır. Üstəlik, təyyarənin bərpasına ən azı 200 milyon dollar xərclənib.
Dünya mətbuatının yazdığına görə, şahzadə Valid Bin Talal dəbdəbə içində üzməyi sevir, bunun üçün də Parisdə "Corc V", Nyu-Yorkda "Plaza", Londonda "Savoy" və "Fo Cizons", həmçinin Qahirədə "Nil Plaza Fo Cizons" kimi hotellərin sahibidir.
1986-cı ildə açılmış Kinq-Fahd-Kozuey körpüsünün uzunlugu 25 kilometrdir və Səudiyyə Ərəbistanını Bəhreynlə birləşdirir. Bu, dünyadakı ən bahalı körpüdür - onun dəyəri 36 milyard dollardır.
"Al Salamah" - dünyada ən nəhəng yaxtalardan biridir. Gəminin 142 metr uzunluğu, 23 metr eni var. 1990-cı illərin sonunda gəmi 200 milyon dollara başa gəlib. Bu gəmini saxlamağa krallıq ildə 20 milyon dollar xərcləyirdi. 2008-ci ilin qışında Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda Səudiyyə Ərəbistanı rəsmiləri "neft pullar"ının istifadəsi planını təqdim etdilər. Bu planların arasında ərazisində dəbdəbəli mehmanxanalar, ticarət mərkəzləri, uçaqlar üçün parklar və neft, neft-kimya sənayesi sahəsində çalışan minlərlə adam üçün yaşayış evlərinin yerləşəcəyi şəhər salmaq da daxildir. Səudiyyə Ərəbistanının rəhbərliyi 100 milyard dollar investisiya qoyulacaq müasir turist mərkəzi yaratmağa da hazırlaşır. Ancaq bu günə kimi layihələr reallaşdırılmayıb.
Bunu mütləq qeyd etmək lazımdır ki, əvvəllər Səudiyyə Ərəbistanında ictimaiyyət çox nadir hallarda korrupsiya ilə üzləşirdi, amma neftin qiyməti artdıqca korrupsiya da vüsət almağa, daha da genişlənməyə başladı. “Transparency İnternational” təşkilatının 2006-cı ildəki hesabatında korrupsiya göstəricisinə görə, Səudiyyə Ərəbistanı 70-ci yerdə dururdu.
İnfrastruktur layihələri heç də keyfiyyətlə həyata keçirilmir. Səudiyyə Ərəbistanı regional yollarının keyfiyyətinə görə qonşu neft ölkələrinin sırasında sonuncu yerdə dayanır.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanında həmçinin enerji qıtlığı var, baxmayaraq ki, adambaşına enerji israfına görə (ildə hər saat üçün 12 min kilovat) ölkə dünya liderləri üçlüyünə daxildir. Birləşmiş Ştatlarda sərf olunan enerjinin qədəri elə Səudiyyə Ərəbistanının israf etdiyi enerji qədərdir, amma ÜDM-in həcminə görə ABŞ bu ölkəni 35 dəfə üstələyir. Hazırda ölkədə 2020-ci ildə elektrik istehsalını 69,3 giqavat artırmağa imkan verəcək plan hazırlanır. Bu proqrama qoyulması planlaşdırılan vəsaitin ümumi həcmi 117 milyard dollardır.
Qərb analitiklərinin rəyinə görə, son 30 ildə neft ölkəsi olan heç bir ərəb (müsəlman) dövləti neft sektorunun xaricində effektli iqtisadiyyat yarada bilməyib. Bu, İraq, Liviya, Əlcəzair kimi "eksperimental" ölkələrdə olduğu kimi Səudiyyə Ərəbistanı üçün də xarakterikdir. Həmçinin bunu 1979-cu ildən bəri fundamental şiə ölkəsi sayılan İran (düzdür, onlar Qərbin embarqo siyasəti nəticəsində bəzi şeyləri özləri istehsal etməyi öyrəniblər) haqqında da demək olar. Küveyt, Qətər, Bəhreyn və BƏƏ kimi həyat səviyyəsi yüksək ölkələr isə buna əsasən yerli əhalinin azlığı sayəsində nail olublar. Bu ölkələr hələ də istehsala meylli deyillər və idxala milyardlarla vəsait xərcləyirlər.
Burdan belə nəticə çıxır: ənənəvi cəmiyyətdə neft ixracından gələn yüksək gəlir effektli investisiyaya, iqtisadiyyata və liberal institutlara çevrilə bilmir. Əksinə, iqtisadi inkişafın tələblərinə uyğunlaşma üçün nəzərdə tutulmuş güclü adaptasiya sistemlərini iflic vəziyyətinə salır.
Beləliklə, məlum olur ki, pulun, hətta nəhəng kapitalın sayəsində belə, iqtisadiyyatın möhkəm inkişafına nail olmaq mümkün deyil. Azərbaycan 2011-ci ildən başlayaraq dövlət büdcəsinin xərclərini 20 milyard dollar səviyyəsinə çatdırıb və 2012-ci ildə daha 2 milyard artırmağı proqnozlaşdırıb (neft, neft məhsulları və qazın ixracatda payı 95% təşkil edir). Bu o zaman baş verir ki, 2011-ci ildə neft hasilatı 2010-cu illə müqayisədə 5,4 mln ton azaldı. Neft hasilatının 2010-cu il səviyyəsinə - 51 milyon tona çatması, ola bilsin, bir daha baş verməsin. Yəni hasilatda pik həddini biz səssiz-səmirsiz keçdik. Gəlirlərin pik dövrü isə 2014-ci ilə proqnozlaşdırılır.
Səudiyyə Ərəbistanı isə 1974-cü ildən bəri orta hesabla müntəzəm ildə 400 milyon ton neft çıxarır. Bu gedişlə Səudiyyə hələ 60 il iri həcmdə neft çıxara bilər. Azərbaycanın isə imkanları məhduddur, bütün ümidləri "Azəri-Çıraq-Günəşli" layihəsinədir. Hakimiyyət neft pullarını bundan sonra uzağı 5-6 il sağa-sola səpələyə (kommersiya cəhətdən özünü doğrultmayan obyektlər tikmək, tikmək və yenə də tikmək) bilər, bundan sonra isə “iştaha kəmərlərini” bərkitmək lazım olacaq.
Maraqlıdır ki, bu qədər dövlət proqramı hazırlandığı vaxt hökumət hələ də yaxın gələcək dövrün (məsələn 2020-ci ilin) Azərbaycan vətəndaşının “portretini” (o necə həyat tərzi keçirəcək, onun gündəlik problemləri nə olacaq, təhsil səviyyəsi, dünyagörüşü, mənəvi dəyər prinsipləri necə olacaq və sair) göz önünə gətirmək niyyətində belə olmayıb. Neft və qaz kəmərlərinin mümkün variantları ilə bağlı bu qədər alternativ layihələr gündəmdə olduğu vaxt sanki Azərbaycan vətəndaşının gələcəyi bir dumana bürünüb.



