![]() |
| Çingiz HÜSEYNOV |
Heykəlqoyma azarı
Şərqin qapısı olan canımız-ciyərimiz ölkədə ümummilli cərəyan elan olunmuşdur: məlum şəxsə yiyəsiz boş yerdə-ərazidə heykəl ucaldılmalı, qoyulmalıdır, vəssalam! Odur ki, şüurlu vətəndaşlar könüllü-məcburi bu kimi vacib, hətta müqəddəs tədbirdə iştirak etməlidirlər! Üstəlik bu iş analoqu olmayan tərzdə görülməliydi: əvvəl sahə hasara alınır, sonra ortasına heykəl taxılır, mıxlanır, sancılır və sairə.
Redaksiyada hasarlanma kimi məsuliyyətli vəzifə Qələmə tapşırıldı, həvəslə qatıldı işə... Günortaya doğru Qələm boz kərpicləri ona ayrılan sahəyə daşımaqdan həm fiziki cəhətdən yoruldu, həm də ruhən: kərpic az keyfiyyətli, çiy olduğundan çox ağır idi, ruhən isə... – hər bir kərpicin üstündə yaxşı görünsün deyə qırmızı rənglə bütöv söz yaxud hərf yazılmışdı, hasar da elə hörülməliydi ki, cümlə-şüar oxuna bilinsin, bunu da Qələm heç cür yapa bilmirdi. Yaxşı ki, canı – yuxudaydı axı! – bədənini tərk etmişdi: qoy heç olmazsa o, dünyanı gəzə-gəzə dincəlsin!..
Bir də baxıb gördü ki, hərflər bizimkidir, sözlər isə yabançı! Gürcücəyə oxşayır, yox, ermənilərinkidir, vaxtilə, yadındadır, hələ dava-dalaş başlamamışdı, məhz yuxuda erməni dərnəyinə yazıldı, dillərini oxuyub-yazmağı istəyirdi və bu marağın səbəbinin nədən doğduğunu... – yox, yanılır, səbəbini yaxşıca bilirdi: vurulduğu qızı heyrətləndirmək istəyirdi, qanı qarışıq qız isə nə atasının dilini bilirdi (Danil adı Qələmi çaşdırmışdı, elə bilirdi cuhuddur, sonra qürur dolu baxışından kürdə bənzətdi – demə bizimkilərdənmiş!), nə də erməni anasının; bunu dedikdə yerazlara nifrətini təsdiqləyib üz-gözünü turşutdu, hətta sifəti, sanki əli qurbağaya toxundu, iyrənc ifadə aldı, – çox vaxt rus dili ilə bərabər Qələmlə vurğun olduqları ingiliscə danışır-yarışırdılar, adı da bu dilə uyğun Ofeliya idi (dilə bağlı kiçik qardaşı da vardı, adı Hamlet).
Qız sevər gözlərini Qələmdən çəkmir, onunla razılaşırdı: guya türk kişiləri erməni arvadlarına oxşayırlar, çox vaxt özününkülərə deyil, yad millətdən olanlara evlənir (kişilər), ərə gedirlər (qadınlar)... Bu kimi üzdə ciddi, əslində isə mənasız artıq-əksik söz-söhbətləri edə-edə, bəhanəydi elə bil, Qələmlə Ofeliya şirin-şirin öpüşür, bir-birinə sarılırdılar, qızın da, oğlanın da həssas əlləri, dadlı dodaqları bədənlərinin gizli və sirr dolu sahələrində məharətlə, sanki eşq ustaları idilər, gəzişir-dolaşır, nə o bundan, nə bu ondan doyurdu.
Artıq qız oğlanın dizi üstündə üz-üzə, dodaq-dodağa, sinə-sinəyə oturmuş, ikisi də arzuladıqlarına çatmaqdaydılar, buna mane olan nə varsa aradan götürülmüş, və indicə səbri tükənmiş, qarşısı alınmaz iti qızmar oxu səddi rahatca qırıb istədiyinə nail olacaqdı... – bu dəm nanəcib şeytan mətləbə dəxli olmayan yersiz səslənən xayir-mayir, yəni, ermənicə ata-ana sözlərini Qələmin ağzından qaçırtdı! Məhz bu məqamda valideynlərin yad olunması – elə bil burdaca durub eşq tamaşasını seyr edirdilər – göy gurultusu kimi səsləndi: qız, demə, azdan-çoxdan ana dilini bilirmiş! birdən-birə bihuş haldan ayıldı, indicə olacaqdı!.. görüb biləcəkdilər! dərhal geri çəkildi, tərk etdi oğlanın isti dizlərini, çıxdı onun qucağından. Acığı tutdu oğlana, sanki çox istədiyi oyuncağı əlindən aldılar, az qaldı ağlasın, Qələm isə yenə də qeyri-təbii səslənən təkrar-təkrar: Əfsus!.. Əfsus! – sözünü işlətdi və bu da qızı qəzəbləndirdi, elə bildi ki, Qələmin qəribə tələffüzlə deyilən əfsus kəlməsi yayılmaqda olan döyüşmə ruhlu dolma-şişlik-sarı gəlin bənzərli söyüş eyhamdır, yəni demək istəyir ki, dilinizdə olan əfsus də sizin deyil, bizdən, türklərdən alınmadır, halbuki hamıya məlumdur ki, bu söz ərəblərindir... Qız, deyilməyən bu sözü sanki eşidib sərtliklə: - Ərəblərdən deyil! Farslardan! İrandan!.. – həyasızcasına qışqırdı, elə bil qəlbində çoxdan yığılan qəzəb idi, üzə çıxmağa cəhd edirdi. Qələmi heyrət bürüdü: bu ki dəliymiş, əsl Ofeliyadır!.. Bir anın içində qız əldən getdi, halbuki rahatca... – hətta bu məqamda qıza Qorxma, demişdi, indi bu kimi işlər (!?) asanlıqla həll olunur! Qız elə bil nəyəsə ümidlənib bir anlığa sakitləşdi, amma kobud səslənən davamını eşidib, sanki təhqir olundu, coşdu nə coşdu!.. Tamam başqa fikirdə olan Qələm: Bilmirsən yoxsa? – dedi. – Pozulan düzələr, cırılan (?!) tikilər!
Nə isə, arzuladığı baş tutmadı, dil də öyrənilmədi, bəzi səslər heç cür tələffüz olunmurdu, mənimsənmirdi, birisi I’ı ilə E’nin, o birisi – T’ı ilə rusların dilimizdə analoqu olmayan (bu dəfə məcazi deyil) Ц’ısın bitişiyi idi, hey ı’layır, e’layır, tıs’layırdı; axçi’sı da yoxa çıxdı.
O zaman olduğu kimi indi də Qələm süstləşdiyini hiss etdi, bədəninin əzginliyini duydu. Üstəlik – narahçılıq: sıralanmış, yan-yana qoyulmuş kərpiclər heç cür şüarlaşmaq istəmirdi!.. Azca sonra yorğunluq laqeydliklə əvəz olundu. Əslində, şəhərin başqa yerlərində olduğu kimi, bu şüarın da primitivliyinə əmin idi, hətta kərpiclərdə həkk olunmuş bəzi hərf yaxud sözlərdən bəsitliyini yəqin etmişdi, mənasız olduğuna şəkki-şübhəsi yox idi, şüarı elə bil eşitdi də: Rəhbərimizə olan məhəbbət – rəhbərimizə olan məhəbbət deməkdir!..
Birdən çaşqın halda yan-yörəsinə baxdı, ətrafa boylandı: bu nə möcüzədir?! Hördüyü uca kərpic hasarın içində durmuşdu! Arxası, sağı-solu, hər tərəf divar idi... Əvvəl gülməyi tutdu, hətta belə bir işin öhdəsindən tək-tənha gələ biləcəyinə inanmasa da sevindi, indicə çıxıb... Necə çıxacaq?!
Özü-özünü tələyə salmışdı!
Gözünə yan-yörəsi ovulmuş ölüvay bir kərpic dəydi, götürüb qarşısında ucalan divara çırpdı, vurdu, bir də vurdu, bir də çırpdı, o biri hasara sarı yürüdü... – sementi qurumuş divarın vecinə deyildi bu kimi zərbələr, şaşqın halda durub nə edəcəyini bilmirdi... – quyuya düşmüşdü elə bil, çığırdı, sonra bağırdı, bir də qışqırdı, divardan-divara qaçmaqdan bədəni tər içindəydi, alnından axan acı damlalar gözünə dəyib yandırdı... başını qaldırıb açıq göyü görsə də vahimədən yaxa qurtara bilmədi, nəfəsi çatışmırdı, boğulurdu... – dəhşət içinə ayıldı, bir müddət sakitləşə bilmədi, haçandan-haçana özünə gəlib tələyə düşdüyünü Siyavuşa danışdı.
Şefi: Sənin yuxuların, – dedi, – virusa dönüb hamımızı zəhərləyib! Birinci növbədə yuxularını çap edən mənim lap özümü!
Qələm təəccüblə: - Söylədiyin, –dedi, – mənə çatmadı.
- İndicə deyərəm, bilərsən!
- Yoxsa məni gördün yuxunda?
- Səni də, sənin yuxunun davamını da!
- ?!
- Yuxundan yuxuma keçdin!
- !?
- Gəldim sizin köhnə evinizə və gördüm divarınız elə bil dalğalanır, tərpəniş duydum və bu dəm divardan ayaq çıxdı, sonra bədən göründü, daha sonra baş boylandı, bu ki, heyrət bürüdü məni, sənsən!.. Anana üzümü tutub: “Ay Esma bacı, – soruşdum, – bu nə möcüzədir?”. “Möcüzə-zad deyil, hərgünkü adicə əhvalatdır!..”. Guya divara girib beləcə yatmağa adət etmisən, çox xeyirlidir, yaxşıca dincini alırsan, yoqlar məsləhət görür.
Bizdən inciyən dahilər
- Böyük adamları, deyəsən, daha yuxunda görmürsən, Stalin, Lenin, ingilis kraliçası, hətta Vışinski, indi isə gördüyün simalar yamanca cılızlaşıblar.
- Niyə ki? Təzə yuxumda Puşkini gördüm!
- Kimi-kimi? Puşkini?! Ə, insafın olsun, dolama bizi!
- Vallah-billah, uydurmuram, məndə nə günah? Şüuraltının oyunlarıdır. Bu günlərdə hətta... yenə inanmayacaqsan! Lev Tolstoy da yuxuma girmişdi.
Gözləri çıxdı kəlləsinə:
- Bəlkə Lomonosovu da görmüsən?!
Qəribə və gülməli mənzərədir – Siyavuşun simasında üç cüt göz həkk olunmuşdu: aşağıda burnunun ucuna sürüşüb ilişən eynək şüşələri, ortada burnun sağında-solunda olan öz gözləri, alnında da təəccübdən böyümüş göz bəbəkləri.
- Hansı yuxudan başlayım?
- İkisini də danışarsan – seçərik. Amma əvvəl de görüm, niyə yuxunda bizim doğmaca dahilərimizi görmürsən?
- Kimdir o dahilər?
- Misal üçün, Mirzə Cəlil! Yaxud Sabir!
- Ürəyimdən keçənləri söylədin: bu da mənim üçün sirdir!
- Hey danabaşlı yerlilərindən danışırsan, yanıb yaxılırsan, amma di gəl, yuxuna girmirlər!
- Yuxu sifarişlərin qəbul olundu, çalışaram!.. Amma qəribə burasındadır ki, srağagün təsadüfən Sabirin nəvəsi ilə tanış oldum, heç cür inana bilmirdim ki, nəvəsidir, hey təkidlə təkrar edirdim: “Nəvə söhbəti ola bilməz, nəticəsidir bəlkə?”. Amma yox, məhz nəvəsidir inandırdılar!.. Sabirin əvəzinə Puşkini gördüm yuxumda, yaddaşın mizrabı başqa simə dəydi, bu yuxumda da heç cür inana bilmirdim ki, qarşımda duran adam canlı Puşkinin özüdür!..
- Görünür, dahilərimiz bizdən yamanca inciyiblər!
- Yolumuzu azdığımıza görəmi?
- Yox, onların yaramaz saydıqlarını biz müsbətləşdirdik.
- Yəni, danabaşlığ... – sözümü kəsdi:
- Publisistikadan çıx, yuxunu danış!
Piterdə universitet yataqxanasının otağında oturmuşuq, tələbələrdən birisi daxil olub “içməyə nəyiniz var?” soruşur və cavab gözləmədən çay piyaləsinə araq süzür, bir anda başına çəkir, üz-gözünü turşudub, ”yamanca, deyir, yordu bizi Puşkin! Oraya apar, buranı göstər, marağı tükənməz idi, tez-tez də əsəbiləşdi, hey soruşurdu: “Niyə tunquslar gözümə dəymir?” Camaatın özü də elə bil görmürdü Puşkini!
- Hansı Puşkindən deyirsən?
- Puşkinimiz birdir!
- Puşkinin lap özü?!
- Canlıdan canlısı!.. Çox vacib iş kimi təhkim etdilər bizi, tapşırdılar şəhəri göstərək, tamam üzdü bizi! Yoldaşımdan xahiş elədim qalsın onunla, yarım satlığa buraxsın məni, özümə gəlim!
- Görə bilərəmmi onu?
- Əlbəttə, heç bir çətinliyi yoxdur, deyim otağın nömrəsini, get gör.
Tez-tələsik çıxdım, uzun və qaranlıq koridorla gedib axtardığım 37 nömrəli otağı tapdım, həyəcan içində qapını astaca taqqıldatdım.
Qapı açıldı, qarşımda – Puşkinin özü!
Canlı-canlı diqqətlə mənə baxır. Gözləri azca yorğun idi... Əynində yaşıl məxmərdən pencək, şabalıd rəngində qıvraq saçı-saqqalına sanki xına çəkmişdir... Həyəcan, təşviş, qorxu-sevinc qarışıq, ucadan və ürək dolusu:
“Sizsinizmi?! – dedim. – Əzizim Aleksandr Sergeyeviç!.. Sizi görmək elə bir möcüzədir ki!.. – dilim dolaşdı, o isə narazılıqla:
“Yaxşı, yaxşı, – dedi, – keçin içəri”.
“Yox, Siz… – nəfəsim elə bil çatışmırdı, içim əsirdi: – Sizi görmək...”
“Canım, bəsdir!”
“Yox axı... Bilirsinizmi mən hansı əsrdən, hansı zəmanədən Sizi görməyə gəlmişəm?! Desəm ki, mən canlı Puşkinlə...” Səsimi kobudcasına kəsib:
“Что за глупости? – dedi, yəni “sarsaqlama”, – Buraxın yaltaqlığı!”
“Axı necə də sevinməyim?! Sizi görmək...”
Bu dəfə səbirsizcəsinə: “Canım, əl çəkin məndən!” – çığırdı üstümə və bu dəm ona təhkim olunmuş adam cəld içəri otaqdan çıxdı, mənə yaxınlaşıb, qulağıma Puşkin eşitməsin deyə gizlicə pıçıldadı:
“Yamanca əsəbiləşdirdiniz onu...”
“Axı, mən nə dedim ki?”
“İnciməyin, amma çox xahiş edirəm otağı tərk edəsiniz” – və qolumdan tutub qapıya sarı çəkdi, açıb yumşaqca koridora çıxartdı, qapının kilidlənməsini eşitdim, qulağım içəridən Puşkinin mənə aid acı sözlərini tutdu: “Что за настырный господин? Пристал как репейник!” Yəni: “Nə sırtıq adamdır, ayıpəncəsi çiçəyi kimi yapışdı ətəyimdən!”
Eşitdiyimdən qanım qaraldı, kor-peşman... –
- Halını duydum, axırını danışmaya bilərsən: qovulan da sən oldun, yana-yana qovruldun da!..
- Dahinin incikliyindənmi doğdu bu yuxum?
- Biz payımızı aldıq, qoy indi ruslar yuxundan özü üçün pay götürsünlər, onların görmədiyini nədənsə sən görürsən: Tolstoy yuxusuna keç!..
Əldəqayırma romançı
- Xeyir ola? Hanı söz verdiyin yuxu?
- Elə bayaqdan Tolstoyu gördüyüm yuxunu fikirləşirdim: lazımmı?
- Yoxsa yuxunu unutmusan?
- Sübhə yaxın gördüyümdən yadımda yaxşı qalıb.
- Səndən danışmaq, məndən çarə tapmaq.
İri bağ eviydi, içəri keçən kimi... – Siyavuş sanki mənim başlamağıma bənd imiş:
- Tolstoyu gördün! – deyib Qələmin sözünü sevinclə tamamladı.
- Bəli, Tolstoyun lap özüydü!
Qapıya sarı uzanan geniş masanın başında... – Yenə Qələmin sözünü nöqtələdi, təntənəli şəkildə:
- Dost-tanış da yığılıb başına, oturub intizarla səni gözləyir!
- Yox, tək-tənha idi!.. Bəlkə gördüyüm yuxunu sən danışasan?!
- Yaxşı, yaxşı, incimə, inandım – danış!
İçəri girən kimi üzümü Tolstoya tutub ərkyana:
- Lev Nikolayeviç, – dedim, – icazə verin, bir-iki kəlməlik sözə ehtiyacım var! – Masa bomboş idi, görünür, qonaqlar indicə getmiş, içki-yemək yığışdırılmışdı, ağ süfrə ləkəliydi, üstündə çörək qırıntıları... – cəld boş badə tapıb qırmızı şərabla doldurdum və əlimdə tutub...
- Bilirəm, tost deməyi yaman xoşlayırsan!
- Sən, deyəsən, mənə inanmırsan...
- Dediyimə baş qoşma, davam et, gerisini anlat!
Yorğun görünən Tolstoy sanki dirçəldi, baxışı kəskinləşdi, gözlərində qığılcımlar oynadı, əlini dəhlizə sarı uzadıb: - Ay uşaq, – çağırdı, – qonağımızın sözü var, süfrəyə yemək gətirin!
Maraqla Tolstoya baxırdım, eynilə məşhur tabloda gördüyüm şəkildəkinə bənzəyirdi: sarışın seyrək saçı-saqqalı, iri sifəti, gözlərini az qala büsbütün örtən qalın cod qaşları... – Sizin, – dedim, – peyğəmbər misallı dahiliyiniz hamıya bəllidir, siz hətta... – az qaldı dilimim ucundan tələbəlik illərindən beynimdə fırlanan və artıq anekdota çevrilmiş Tolstoya aid “rus inqilabının güzgüsü” qopsun, dilimi dişlədim, biabır olardım!.. dərhal başqa bir ifadə tapıb, həqiqətən, – dedim, – adınız dillər əzbəridir!..
Birdən vahimə-qorxu bürüdü məni, müdhiş bir fikir oyandı beynimdə: indicə Tolstoy sözümü kəsib, ay qonaq, – soruşacaq, – de görüm, işin-peşən nədir, nəylə məşğulsan? Deyim, nasirəm? roman yazıram?! Özü də kimə! Tolstoyun özünə! Tər basdı məni...
Siyavuş: - Dayan-dayan! – birdən sözümü kəsdi və incik halda: – Roman yazdığını, – dedi, – birinci dəfədir eşidirəm!
- Mən özüm də!
- ?!
- Yuxumda bunu ilk dəfə olaraq öz dilimdən eşitdim!
- Gizli nə varsa yuxuda üzə çıxır!
- Gerisini dinlə!
Amma susmaq olmazdı, nəsə deyə-deyə hey gözləyirdim: indi sözümü kəsib soruşacaq!.. Tostu heç bilmirəm necə tamamladım, bir də baxıb gördüm ki, Tolstoyu yuxu aparıb, dərhal susdum və bu dəm ətrafa çökən sükutdan Tolstoy silkələnib oyandı, gənclərə məxsus cəldliklə yerindən qalxdı.
Oturanda başının iriliyindən, saç-saqqalından boyu uca görünürdü, indi isə... – şabalıdı rəngli uzunboğaz çəkməsi bədəninin tən yarısı qədər idi.
Saatına baxdı, nədənsə mənə elə gəldi ki, bəlkə pıçıltı eşitdim, ona görə? at çapma vaxtı yetişmişdir, Tolstoy sanki mənim varlığımı unudub iri addımlarla qapıya tərəf getdi, mən də onun arxasınca yeridim, hey öz-özümə deyirdim: indicə boylanıb adımı, işimi-peşəmi soruşacaq!..
Dəhliz azca qaranlıq idi, bu qaranlıqda uşaqlıq illərindən bəri duymayıb yadırğadığım dadlı çörək ətri dəydi burnuma – ağzım sulandı. Geniş taxta rəfdə üst-üstə qoyulmuş iri kömbə çörəkləri gördüm, nə iştahla isti-isti yeyərdim!.. Həvəsə gəlib:
- Lev Nikolayevic, – dedim, – mənim rəhmətlik xalamın o qədər uşağı vardı ki, mən də onların bağında qalırdım, yazıq qadın bütün günü təndirdə çörək bişirirdi, – “təndir-cörək” sozlərinə ayaq saxladı, mənə sarı boylandı, indi soruşacaq!.. dayanma, de, danış, susma: - Hamımız da ac-yalavac!.. Bir əlimizdə qıpqırmızı yekə pomidor, o biri əlimizdə para çörək qaçırdıq oynamağa!..
Pillələr taxtadan deyil, daşdan idi, biri ortadan çatlamışdı, elə bil indicə yarıbayarı parçalanacaq, enəndə ehtiyatla əlimdən tutdu, buz kimiydi əli; qoca kişidir, axı, yıxıla bilər!.. təşvişimi bir anlığa unudub dəhlizdən bizə baxan, üzünü saqqal basmış qulluqçuya pilləni göstərdim, deyəsən fikrimi-işarəmi duydu... Budur – evin hasarı, Tolstoyla vidalaşmam yadımda deyil, qapını açıb sevinə-sevinə küçəyə çıxdım: nə yaxşı ki, soruşmadı!.. O andaca heyfsiləndim: əlimə yaxşı fürsət düşmüşdü, istifadə edə bilmədim, heç olmasa Qafqaza aid fikirlərini onun şəxsən öz dilindən eşidərdim!..
- Elə bu? – Siyavuş narazılıqla soruşdu.
- Azdır?!
- Mən deyirdim... – Sözünü kəsdim:
- Qoymursan danışam, axı, davamı var!
Küçədə əllərimi boş görüb, Vay dədə, – dedim, – bəs mənim çantam hanı? İçində də – kompüterim!.. Yadıma düşdü: girəndə dəhlizdə qoydum, uzun rəfin altında!.. Qayıtmalı oldum: astaca qapını açdım, heç kim yox idi, yavaş-yavaş evə sarı getdim, içəri keçib dəhlizdəki rəfə yaxınlaşdım, çörəklər gözümə dəymədi, amma ətri hələ də qalmışdı... – çantamı gördüm! Rəfin altına necə qoymuşdumsa eləcə də qalıb, tez götürdüm... bu dəm otaqdan Tolstoyun səsini eşitdim, kiməsə ucadan acıqlanırdı:
- Heç cür dərk edə bilmirəm: bu qədər də romançı olarmı?!
Sanki başıma qaynar su tökdülər, atıldım bayıra, elə bil kim isə arxadan qovurdu məni. Bulvara çatıb bir kimsəsiz skamyada oturdum, kompüteri çantamdan çıxarıb Tolstoyla olan görüşümü yazdım, fikirləşdim ki, Moskvaya, Yazıçılar Birliyinə zəng eləyim: Tolstoyla görüşmək hər adama qismət olmur!.. Özümüzkilərə danışmayacağam – inanmazlar!



