![]() |
| Yusif MİRZƏ |
| rəssam |
“Ümidin rəsmini çəkə bilərsənmi, Abidin?” soruşurdu Nazim Hikmət.
Abidin Dino rəssamdı və məncə, Nazim Hikmətlə həbsxanada tanış olub dostlaşmışdılar.
“Ümidin rəsmini çəkə bilərsənmi, Abidin?”
Oxuduğum andan bu sual fikrimdə səslənir. Və heç zaman yadımdan çıxmır.
Görəsən, Ustad niyə məhz ümidin rəsminin çəkilməsini istəyirdi?
Bəlkə o zaman ən çox ehtiyac duyduğu məhz ümiddi? Bəlkə qalın, soyuq həbsxana divarları arasında ümidsizliyə qapılacağından ehtiyatlanırdı?
Kim bilir?
Ümidin rəsmini... Abidin.
Ümidin rəsmini...
Ümidin...
Yorulmuşdunmu, Ustad?
Hələ ortada dəli həsrət olacaqdı. Səyahət dəftərini başqasının yazmasını istəyəcəkdi.
Çinarlı qübbəli mavi bir limana yenə də çıxa bilməyəcəyinə inanacaqdı.
Ümidin rəsmini çəkə bilərsənmi, Abidin?
Bilmirəm Abidin ümidin rəsmini çəkdi, yoxsa yox?..
Amma Sənin böyük Ruhuna üz tutaraq deyirəm: Ümidin rəsmini çəkdim, Ustad. Bu rəsmi çəkmək mənə qismət oldu.
Özü də bu rəsm hər kəsin anlayıb başa düşəcəyi, hətta bir cocuğun belə götürüb çəkə biləcəyi qədər sadə, anlaşıqlı, bəzəksiz-düzəksiz bir rəsmdi.
Tək Ümidin deyil, sevincin və kədərin, həsrətin, nisgilin, vüsalın və səadətin, xoşbəxtliyin də rəsmini çəkdim, Ustad.
Mən SEVGİnin rəsmini çəkdim.
SEVGİnin rəsmini...




.jpg)