.jpg)
“Yehovanın şahidləri” dini icmasının üzvləri Azərbaycanda hüquq mühafizə orqanlarının qadağaları və həbsləri ilə tez-tez rastlaşır. Onlar İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır, məhkəmələrə çəkilirlər.
Belə faktlar “Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatının hesabatına da düşüb: “Bütün dini qruplar üzərində məhdudiyyətləri sərtləşdirən Azərbaycan hökuməti 2010-cu ilin iyun ayında qanunvericiliyə edilən dəyişikliklərlə icazəsiz dini fəaliyyətə görə cərimələri yuxarı qaldırıb və bütün dini qruplara hər hansı toplantı keçirmək üçün əvvəlcədən hökumətdən icazə alınması tələbini qoyub. 2011-ci ilin iyun ayında “Yehovanın şahidləri” dini icmasının 40 üzvünün iştirak etdiyi xüsusi yığıncağın qarşısını alan polis iştirakçıları təxminən 10 saata yaxın sorğu-sual edib. Onlardan 3 nəfəri dini toplantılar qaydalarını pozmaqda günahlandırılaraq məhkəmədə pul cəriməsi ilə cəzalandırılıb”.
“Yehovanın şahidləri” dini icması 2002-ci il fevralın 7-də dövlət qeydiyyatına alınıb. Dini icmanın nizamnaməsində qurumun hüquqi ünvanı kimi Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi, ev 23, mənzil 10, fəaliyyət ərazisi kimi isə Bakı şəhəri göstərilib.
Bu qurumun üzvləri nə üçün tez-tez saxlanılır, cəzalandırılır?
Rafiq Əliyev: “Hərbi xidmətə çağırışdan imtinanı təbliğ edirlər”
İlahiyyatçı professor, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri (2001-2006-cı illər) Rafiq Əliyev “Media forum” saytına açıqlamasında deyib ki, “Yehovanın şahidləri” Azərbaycan qanunvericiliyinin əksinə olaraq hərbi xidmətdən imtinanı təbliğ edirlər: “Onlar insanın əlinə silah götürməsini günah sayırlar. Buna baxmayaraq o zaman “Yehovanın şahidləri” dini icmasının qeydiyyatını ləğv etmək mümkün olmadı. “Yehovanın şahidləri” dünya səviyyəsində nüfuza malik dini təşkilatdır. Hətta Moskvada onların fəaliyyətini məhdudlaşdıra bilmədilər. Moskvada bu təşkilatın bir ildən çox məhkəməsi davam etdi və onlar çəkişməni uddular”.
Rafiq Əliyev onu da qeyd edib ki, “Yehovanın şahidləri” dini icmasının üzvləri kitabları, təbliğat vasitələrini götürüb ev-ev gəzir, onları insanlara verib qurumu təbliğ edirlər: “Qanunvericiliyə görə isə belə təbliğat qadağandır. Yaxud küçədə birini saxlayıb onu kitabları oxumağa məcbur edirlər. Bu da psixoloji təzyiqdir. Kitabların üstünə mayka, qələm, yaxud digər həvəsləndirici vasitələr qoymaqla dini ədəbiyyat yayımı qanunla qadağandır. “Yehovanın şahidləri” bu yollarla təbliğat apardıqlarına görə tez-tez saxlanılırlar”.
Dövlət komitəsi: “Dini qurumlar yalnız qeydiyyatdan keçdikləri hüquqi ünvanlarda fəaliyyət göstərməlidir”
Dini İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Media forum” saytına verilən açıqlamaya görə, hansı təriqətə mənsubluğundan asılı olmayaraq dini qurumlar yalnız qeydiyyatdan keçdikləri hüquqi ünvanlarda fəaliyyət göstərməlidir: “Yehovanın şahidləri” dini icmasının hüquqi ünvanı Bakı şəhəri olmaqla 2002-ci ildə dövlət qeydiyyatından keçib. Lakin icma mənsubları Azərbaycanın müxtəlif bölgələrində dini fəaliyyətlə məşğul olduqlarından hüquqi məsuliyyətə cəlb ediliblər. “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsinə görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində fəaliyyət göstərə bilərlər”.
“Media forum” saytının arayışı: Yehovanın şahidləri (Jehovah's Witnesses, 1931-ci ilə qədər “Müqəddəs Kitab tədqiqatçıları” icması adlanıb) beynəlxalq dini təşkilatdır.
Təşkilatın özünün hesablamalarına görə, 2011-ci ilə dünyada üzvlərinin sayı 7 milyon 700 min nəfərə yaxındır.
Azərbaycanda bu təşkilatın müxtəlif bölgələrdə, o cümlədən ölkənin ikinci böyük şəhəri Gəncədə tərəfdarları var. 2010-cu il iyunun 30-da Gəncədəki “Yehovanın şahidləri” dini icması qeydiyyata alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etsə də, ərizəsinə cavab almayıb.


