![]() |
| Aysel YUSİFQIZI |
Ekologiyamız müxtəlif yollarla çirklənir. Bu gün mən həm ekologiyanın, həm də insan sağlamlığının düşməni olan siqaretdən danışacağam.
Uşaqlıqdan siqaretə nifrət etmişəm. Hətta atam çəkməsin deyə siqaretlərini gizlədirdim. Çox təəssüf ki, adamlar özlərini tütünlə zəhərləyirlər.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda bir milyard kişi, iki yüz əlli milyon qadın siqaret çəkir. Tütün məhsullarından hər altı saniyədə bir insan həyatını itirir. Siqaret 20-ci əsrdə yüz milyon insanın ölümünə səbəb olmuşdusa, 21-ci əsrdə bu rəqəmin bir milyarda çatacağı gözlənir. Tütünün tərkibində nikotindən başqa 7000-ə qədər toksik-kimyəvi maddə var. Həm də siqaret insan ömrünü nə az, nə çox, düz 15 il qısaldır deyirlər.
İllərdir həkimlər siqaretin insan sağlamlığına təhlükə olduğunu söyləsə də, çəkənlərin sayı durmadan artır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən beş milyona yaxın adam siqaretin qurbanı olur. Bu nəticə ildən-ilə də artmaqda davam edir. Təşkilat xəbərdarlıq edir ki, əgər bu problemin qarşısı alınmasa, 2020-ci ildə səkkiz milyon insan tütün məhsullarının qurbanına çevrilə bilər. Siqaret xərçəng xəstəliklərinin yaranmasının əsas baiskarıdır. Bununla yanaşı, o, dişlərin çürüməsinə, dərinin qocalmasına, ürək-damar xəstəliklərinə də səbəb olur.
Təkcə çəkənlər deyil, siqaret tüstüsü ilə nəfəs alan insanlar da xərçəngə və digər qorxulu xəstəliklərə tutulmaq riski daşıyırlar. Qəribəsi odur ki, insanlar bilə-bilə bədənlərini zəhərləyirlər. Hətta oğlanlar siqareti kişilik rəmzi hesab edirlər. Bəyəm kişilik beş-on qəpik dəyərində olan siqaret qədər ucuzdur? Siqaret çəkənlər özləri ilə birgə gələcəyimizi də məhv edirlər. Tütün istifadəçiləri övladlarının xəstə-şikəst doğulmalarına rəvac verirlər. Ona görə də ailə quran zaman yüz ölçüb bir biçmək lazımdır.
Mən elə qızlar tanıyıram ki, oğlanların siqaret çəkməsi ilə fəxr də edirlər. Ancaq düşünmürlər ki, bununla nəinki özlərinin, hətta dünyaya gələcək körpələrinin də həyatını təhlükəyə atırlar.
Siqaret təbiətə də ziyan vurur. Onun tüstüsü havanı çirkləndirməklə yanaşı yanğınların baş verməsinə də səbəb olur. Ona görə də həm təbiətimizi, həm də sağlamlığımızı qorumaq üçün siqaretdən uzaq durmaq daha yaxşıdır. Spirtli içki kimi siqaret də dinimizdə haram buyurulub.
Tütün məhsullarından istifadədən vaz keçmək lazımdır. Düzdür, bu o qədər də asan deyil, amma mümkünsüz də deyil. Bunun üçün bir az iradə və səbir lazımdır. Ən əsası isə psixoloji hazırlıqdır. Tütünsüz həyata addım atan zaman müəyyən çətinliklərlə qarşılaşsanız belə, unutmayın ki, qarşıda sizi gözəl və sağlam həyat gözləyir. Səbirli olub mübarizə aparsanız, bir gün siqaretdən iyrəndiyinizi görəcəksiniz.
Növbəti siqareti yandırmazdan əvvəl bir anlıq da olsa fikirləşin – bu qısamüddətli həzz üçün bütün həyatınızı məhv etməyə dəyərmi?



