Bakı şəhər sakini Arzu İsgəndərova “Media forum” saytına sorğu ilə müraciət edib. O yazır: “Fevralın 8-də prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin sədrinə yeni rəsmi səlahiyyət verib. Dövlət başçısının imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri orta ixtisas təhsili müəssisələri, o cümlədən xüsusi təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd xidməti istisna olmaqla) orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti alıb. Maraqlıdır, Naxçıvan Ali Məclisi sədrinin hansı səlahiyyətləri var?”
“Media forum” saytı bildirir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, bölgənin ali vəzifəli şəxsi Ali Məclisin sədridir. O həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində bu səlahiyyətləri həyata keçirir:
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir;
- Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir;
- Naxçıvan Muxtar Respublikasının qanunlarını imzalayır və dərc edir;
- Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai-siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;
- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
- Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarını yaradır;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respublikası baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin fəaliyyətini təmin edir;
- Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;
- Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir;
- Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;
- Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının prezidentinə təqdimat verir;
- ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının prezidentinə təkliflər verir;
- Naxçıvan Muxtar Respublikası prokurorunun, rayon, şəhər və ixtisaslaşdırılmış prokurorlarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir;
- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının hərbi doktrinasını həyata keçirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmiş birləşmələrinin komandan heyətləri haqqında təklif verir;
- vətəndaşlıq məsələlərinə dair təklif verir;
- əfv edilmə məsələlərinə dair təklif verir;
- Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir;
- ümumi və qismən səfərbərliyin həyata keçirilməsini təmin edir;
- vətəndaşların müddətli hərbi xidmətə çağırılmasının və müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması tədbirlərinin həyata keçirilməsinə yardım edir;
- Azərbaycan Respublikasının prezidenti tərəfindən elan edilmiş fövqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respublikasında fövqəladə və hərbi vəziyyət elan olunması məsələsinə dair təklif verir;
- Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının prezidentinə təklif verir;
- Azərbaycan Respublikasının prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir.
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hədd və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir. Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bu səlahiyyətləri də var:
- Ali Məclisin növbədənkənar sessiyalarını çağırır;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarına sədrlik edir;
- Naxçıvan Muxtar Respublikası baş nazirinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
- Naxçıvan Muxtar Respublikasının baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı öz mandatından imtina etdikdə və qanunla müəyyən edilmiş digər hallarda onu deputat mandatından məhrum edir;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edir;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavinliyinə namizədlərin seçilməsi və Ali Məclisin sədr müavinlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;
- konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.


