
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayevin qətlə yetirilməsindən 3 il ötür.
Rail Rzayev 2009-cu ilin fevralın 11-də səhər tezdən Bakıda, evindən çıxıb işə gedərkən, xidməti avtomobilində odlu silahdan açılmış atəşlə qətlə yetirilib. Qətldən sonra cinayət işi açılıb, generalın öldürülməsinin istintaqını Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq qrupunun araşdırdığı elan edilib. Amma indiyədək cinayətin üstü açılmayıb.
Prokurorluq susur
“Media forum” saytı Rail Rzayevin qətlinin açılması üçün aparılan istintaqın nə yerdə olması, hansı nəticələrin əldə edilməsi haqda rəsmi məlumat ala bilməyib. Respublika Prokurorluğunun mətbuat xidməti “Media forum” saytının Rail Rzayevin qətlinin istintaqının gedişinə dair sualını cavablandırmayıb.
Zahid Oruc: “Generalın qətlinin üstünün açılmaması Azərbaycanın təhlükəsizlik sisteminə ciddi xələl gətirir”
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Media forum” saytına deyib ki, Rail Rzayevin qətlə yetirilməsi Azərbaycanın təhlükəsizlik məkanı və sisteminə vurulan zərbədir. Onun fikrincə, belə səs-küylü, böyük rezonans doğuran kriminal olaylar sadəcə bir şəxsi aradan götürmək, zərərsizləşdirmək məqsədi güdmür: “Belə terrorun, sifarişli qətllərin ssenarisini hazırlayanların əsas məqsədi ölkənin ictimai-siyasi sabitliyini pozmaq, təhlükəsizlik sisteminin möhkəm olmadığını göstərmək, terrorun güclü olduğunu nümayiş etdirmək olur. İstər jurnalisti, istər yazıçını, istərsə də generalı qətlə yetirənlər göstərmək istəyirlər ki, Azərbaycanda vətəndaşların təhlükəsizliyi təmin olunmur, insanlar hər an qurbana çevrilə bilərlər”.
Zahid Oruc hesab edir ki, generalın qətlinin üstünün açılmaması, bunu sifariş və icra edənlərin ədalət mühakiməsi qarşısında dayanmaması Azərbaycanın təhlükəsizlik sisteminə ciddi xələl gətirir. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə istintaq qrupunun yaradıldığını xatırladan deputat bildirib ki, Rail Rzayevin qətlindən keçən 3 il ərzində həmin qrupun fəaliyyətinin nəticəsi olmalıydı: “İstintaq qrupu 3 il ərzində məxfi informasiyaları, əməliyyat-istintaq məlumatlarını dəyərləndirməklə gərək bu cinayətin izinə düşə biləydi. Rail Rzayevin qətlə yetirilməsi Con Kennedinin müəmmalı şəkildə öldürülməsi cinayətinə çevrilməməlidir. Rail Rzayevin qətlə yetirilməsindən sonra mətbuatda xeyli fərziyyə səsləndirilib. Həmin fərziyyələrin hər birinin geniş formada araşdırılmasına ehtiyac vardı.
Hesab edirəm ki, bu qətlin dövlətin milli təhlükəsizliyinə nə qədər mənfi təsir göstərdiyi nəzərə alınacaq, qətlin üstünün açılması istiqamətində tədbirlər bir qədər də intensivləşdiriləcək. Prezident tapşırıq verib, bunun icrası, vəzifələrin həyata keçirilməsi hüquq mühafizə orqanlarının borcudur. Bunlar yerinə yetirilməlidir. Qanun birmənalı şəkildə bunu tələb edir. Hüquq mühafizə orqanları belə cinayətlərin üstünü açmaq üçün mövcuddurlar. Bizim bu söhbətimiz, məsələyə toxunmağımız da Rail Rzayevin qətlinin açılması ilə məşğul olanlar üçün bir siqnal, mesajdır”.
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin məsələyə müdaxilə etməsinə, hüquq mühafizə orqanlarına sorğu göndərməsinə gəlincə, deputat bildirib ki, bunu etsələr belə, prezidentin tapşırığından irəli getmək mümkün deyil: “Dövlət başçısının komandasında ən mühüm şəxslərdən biri qətlə yetirilib. Bunun üstü açılmalıdır. Belə fikirlər səsləndirilir ki, Rail Rzayevin qətlinin sifarişçiləri və icraçıları bəllidir, amma bunun açıqlanması müxtəlif ölkələrlə münasibətdə ciddi qarşıdurma yarada bilər və ona görə də açıqlanmır. Amma mən bununla razı deyiləm. Çünki Azərbaycan Konstitusiyası dövlət və konkret strukturlar üzərinə hər bir vətəndaşın şəxsi təhlükəsizliyini təmin etmək, bununla bağlı hər bir hadisəni cəmiyyətə açmaq öhdəliyini qoyur. Bunu konstitusiya və qanunlar müəyyənləşdirir.
Hesab etmirəm ki, Rail Rzayevin qətlinin açılmaması, yaxud açılandan sonra geniş ictimaiyyətə bildirilmədən qapadılması cəmiyyətə, dövlətə xeyir verə bilər. Əgər bu qətl hansısa ölkənin xüsusi xidmət və ya başqa dövlət strukturunun sifarişi ilə həyata keçirilibsə, bunun açıqlanması heç bir halda dövlətlərarası müharibəyə səbəb ola bilməz. Əksinə, bundan sonrakı dönəmdə həmin ölkə ilə münasibətlərin normal bir müstəvidə inkişaf etdirilməsinə imkan verər. Hüquq mühafizə orqanları Rail Rzayevin qətlinin üstünün açılmasının üzərinə daha böyük miqyasda getməlidirlər. Əgər bu mümkün olmursa, xaricdən mütəxəssislərin cəlb olunması ilə Rail Rzayevin qətlinin üstü açılmalıdır”.
Ərəstun Oruclu: “Rail Rzayevin qətlinin açılması istintaq məsələsi deyil, siyasi iradədən asılıdır”
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, istefada olan xüsusi xidmət orqanı zabiti Ərəstun Oruclu hesab edir ki, sifarişi qətllərin üstünün açılmaması yalnız istintaqın peşəkarlığı və bu kontekstdə qarşıya çıxan problemlərlə bağlı deyil. “Media forum”a açıqlamasında Ərəstun Oruclu bildirib ki, general Rail Rzayevin, jurnalist Elmar Hüseynovun, yazıçı Rafiq Tağının qətlinin açılması üçün siyasi iradə lazımdır: “Siyasi iradə olmadığına görə hər üç qətlin üstü açılmır. 2009-cu ilin aprelində Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktını sosial və intellektual baxımdan aşağı təbəqəyə aid və dünyadan xəbəri olmayan gənclərin üstünə atdılar. Həmin gənclər faktiki olaraq şərlənərək ağır maddələrlə mühakimə etdilər. Baş verənlər onu göstərdi ki, hakimiyyətin ən yüksək səviyyəsində bu tipli cinayətlərin üstünü açmaq üçün siyasi iradə çatmır.
Siyasi iradənin olmaması Rail Rzayevin qətlinin açılması məsələsində də özünü göstərdi. Elmar Hüseynov, Rail Rzayev qətlə yetiriləndə, Neft Akademiyasında terror törədiləndə prezident bunlarla bağlı xüsusi müşavirələr keçirib. Hər dəfə bəyan olunub ki, az qala bu cinayətlərin üstü açılıb, açılmalıdır. Amma heç bir cinayətin üstü açılmayıb. Rafiq Tağı qətlə yetiriləndə isə prezident buna münasibət bildirmədi. Bu o demək idi ki, prezident özünü nüfuzdan salmaq istəmir. Çünki qətllərin açılması üçün müşavirələr keçirilir, tapşırıqlar verilir, bəyanatlar səsləndirilir. Bundan sonra cinayətlərin üstü açılmırsa, bu başqa mətləblərdən xəbər verir. Ona görə də Rail Rzayevin qətlinin açılması istintaq məsələsi deyil, siyasi iradədən asılıdır. Bu da yoxdur”.
Ərəstun Oruclu hesab edir ki, Rail Rzayev daxili və xarici amillərin qurbanı ola bilər: “Çünki o, yüksək vəzifəli və rütbəli zabit – general-leytenant Rail Rzayev Müdafiə Nazirliyində nazirdən sonra bəlkə də ən səlahiyyətli şəxs idi. Ola bilər ki, Rail Rzayev kiminsə yolunu kəsmişdi və buna görə qətlə yetirilib, hansısa hakimiyyətdaxili qruplaşmanın çəkişməsinin qurbanı olub. İkinci səbəb xarici amil ola bilər. Yəni Rail Rzayev Azərbaycan ordusunda islahatlara, silahlanmaya rəhbərlik etməklə bölgədə müdafiə və hərbi xarakterli marağı olan hansısa xarici qüvvənin yolunu kəsmişdi və buna görə qətlə yetirilib. Ola bilər ki, Rail Rzayevin qətlə yetirilməsi xaricdən sifariş olunmuş, amma ölkənin siyasi rəhbərliyinə ünvanlanmış mesaj idi.
Siyasi iradə olmalıdır ki, qətlə görə daxildə məsuliyyət daşıyan qruplaşma ifşa olunsun. Bu halda qruplaşmanın cinayətə aidiyyəti olan bütün üzvləri həbs edilməlidir. Bu da hakimiyyət daxilində müəyyən çaxnaşmalar və yerdəyişmələr yaradacaq, nisbi sabitliyi pozacaq. Yəqin ki, siyasi iradənin olmaması bununla bağlıdır. Generalın qətlini xaricdən sifariş ediblərsə, bunu kiçik dövlət etməyib, güclü ölkə edib. Görünür, bu dövlətin qarşısında müəyyən acizlik var və buna görə də siyasi iradə ortaya qoyulmur”.
Üzeyir Cəfərov: “Qətlin motivləri və sifarişçiləri bəllidir”
İstefada olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Rail Rzayevin qətlinin üstünün açılması üçün istək yoxdur. O, “Media forum” saytına açıqlamasında bildirib ki, generalın öldürülməsinin üstünün açılması üçün kifayət qədər dəlil-sübut var, müxtəlif fərziyyələr səsləndirilib: “Əgər istəsəydilər, dəlil-sübutlara qiymət verərdilər, fərziyyələri araşdırıb qətlin üstünü açardılar. Qətlin motivləri və sifarişçiləri bəllidir. Sadəcə olaraq qətlin icraçılarının kim olduğunu demək bir qədər çətinlik yaradır. Qətli ölkə daxilindən sifariş ediblər. Rail Rzayev sıradan bir şəxs deyildi, kifayət qədər məlumatlı, ölkənin hərbi büdcəsinin icrasına nəzarət edən şəxslərdən biri idi, xidməti fəaliyyətinə görə kimlərləsə toqquşurdu. Qətl maddi motivlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rail Rzayev qətlə yetiriləndən sonra xidməti seyfindən 200 min avro pul tapılıb. Bu pulu indiyədək onun ailəsinə qaytarmırlar. Əgər bir şəxsin seyfindən cib xərcliyi kimi 200 min avro çıxırsa, görün onun bank hesablarında nələr var. Onu qətlə yetirməklə əmlakını ələ keçirmək istəyiblər.
Bundan başqa Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ən çox vəsait ayrılan hərbi strukturdur. Hesab edirəm ki, indi qətlin açılmasını istəmirlər. Çünki açılsa, çox böyük rezonansa, səs-küyə səbəb olacaq. Ona görə də yaxın zamanlarda Rail Rzayevin qətlinin üstünün açılacağını gözləmirəm. Amma bir gün tez, bir gün gec, bu qətlin üstü açılacaq.
Təəssüflər olsun ki, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general, ən təcrübəli bir hərbçinin qətlinə belə biganə yanaşılır. Qətlin üstünün açılması üçün heç bir iş getmir, istintaq aparılmır. Əgər iş olsaydı, ortada nəticə də olardı. Nəticə yoxdur. Xidmətdə olmaya-olmaya istintaq məni də dindirib. Sonra Rail Rzayevin yavəri olmuş Rəfiyevi və onun oğlunu həbs etdilər. Onları generalın gödəkcəsini və xidməti avtomobilinin nömrəsini qaytarmamaqda ittiham edib azadlıqdan məhrum etdilər. Bunlar hamısı gözdən pərdə asmaq üçün atılan addımlardır. Rail Rzayevin qətlinin ətrafında oyunlar getdi, kimlərisə cəzalandırdılar. Bunlar onun ruhuna böyük hörmətsizlikdir”.


