![]() |
| Oqtay QORÇU |
İlahi dəyərləri məsuliyyətli bir bank işçisinin biliyi və nizam-intizamı qədərincə adiləşdirən, müqəddəs kitabları şairlərin fantaziyası hesab edən adamlar barəsində fətva vermək ədalətsizlikdi. Fikrimcə, yer üzündə elə bir qüvvə yoxdu ki, etdiklərinə görə Salman Rüşdini, yaxud peyğəmbəri təhqir edən rəssamı ancaq Tanrının istədiyi kimi cəzalandırsın.
İnsanların düşündüyü cəza növlərinin hamısında qan, çığır-bağırtı və silah səsləri var. İnsan qan, yaxud din düşməninə əzab vermək üçün onun qanını tökür ki, xeyli tamaşa etsin, amma düşmən tez ölür. Bu əzaba tamaşa etmək istəyən şəxsin heç yaraladığı adamın yarasını bağlamaq da ağlına gəlmir.
Adamlar fərqlidilər, adamlar müxtəlif peşələrə sahiblənirlər və adamlar bir-birilərini öldürüb, dönüb olurlar cəllad.
Tanrı yaratdıqlarından və bütün fətvalardan ucada durur. O, qisas almır, ayrı-seçkilik salmır, hamıyla da öz dilində danışır.
Tanrı bəzi din xadimlərinin təqdimatından da uzaqda durur, o, cəza maşını yox, bağışlayandı. Ancaq hələ də bəzi din xadimləri müqəddəs “Quran”nın ayələrini bildikləri kimi yozub hey gülünc, əsassız fətvalar verirlər. Öncə İran hökumətinin və dini şurasının qərarıyla “Barbi” kuklaları və bir neçə cizgi filmi qadağan edildi. Sonra da... Hələ ortalığın sakitləşmədiyi, toqquşmaların səngimədiyi bir vaxtda Misirdə bir din xadimi meydana çıxıb. İddiası isə avtomobil barədədi.
Çoxunun mömin hesab elədiyi bu misirli dini liderin “Şevrolet” markalı avtomobil barədə fətva verməyi əksəriyyəti heyrətləndirib. “Ərəb baharı”ndan sonra inqilabın qara tüstüsünün hələ də dağılmadığı bu ölkədə dəfələrlə qardaş qırğını, iğtişaşlar törədilib. Siyasi partiyalar, hərbçilər və müxtəlif ictimai təşkilatlar Misir xalqına tez-tez müraciət edib, əhalini sülhə, birliyə səsləyir. Misirdə baş verənlər, bitən Mübarək iyerarxiyası, davam edən proseslər din xadimlərinin də şahidi olduğu tarixi keçid dövrüdü. Otuz il hakimiyyətdə olan Hüsnü Mübarək haqqında zamanında bir fətva belə verilməyib. Amma dörd təkərli, cansız dəmir yığınını lənətləmək olar.
Bu qarışıqlıqda özünü müsəlmanlara xatırlatmaq istəyən birisi maşını qaralayıb. Bu fətvanın arxasında iqtisadi marağın, rəqabətin durduğunu ehtimal etmək də olar. Günü-gündən güclənən rəqabət bir neçə avtomobil markasının Asiya, Şərq məkanında “Şevrolet”i sıxışdırmasına səbəb ola bilər. Məlumdu ki, Cənubi Afrikada, Şərqdə, eləcə də Afrikanın, Asiyanın 40-a yaxın ölkəsində satışını uğurla həyata keçirən bu avtomobil şirkəti həm də regionun şəraitinə uyğun nəqliyyat istehsalçısı kimi tanınır.
İllərlə avtomobil nəhəngləriylə rəqabət aparan, yeniliklərə meylli “Şevrolet”in qəfildən bir müsəlman dini liderinin qəzəbinə tuş gəlməsinə səbəb isə loqotipidi. Demə, bu avtomobilin xaç işarəsinə bənzəyən loqotipi müsəlmanı qəzəbləndirib, o da üz tutub dindaşlarına ki, bəs fətva verirəm, kimsə bu maşına minməsin, çünki xaç gəzdirir.
Cəhalətdən xurafata atılanlar. Ali dəyərləri öz vücudları qədər kiçildib, Tanrının işıq saldığı yerdən köz götürənlər. “Beşikdən qəbir evinədək...” uzanan bir yolu gözüyumulu getmək, özü də qəflət yuxusundan ayılmadan. Mən bu adamın necə bir din xadimi olduğunu təsəvvür edə bilmirəm. Mən onun təkrar-təkrar, hər dəfə “Qurani-Kərim”i oxuyandan sonra “Tövrat”ı, “Zəbur”u, “İncil”i oxuduğuna da inanmıram.
Xaç xristianlığın simvoludu, həmçinin xaç İsa peyğəmbər adlı bir dahinin tarixinin bir hissəsidi. Hətta İsa Ruhullahın çarmıxa çəkilməsi iddiaları özünü doğrultmasa da. Onun barəsində biz həqiqəti müqəddəs “Quran”dan öyrənmişik. Xaç vəhşilərin bayrağının ağacı deyil, səlibçilərin də simvolu olmayıb. Misirli din xadimini diksindirən, avtomobilin loqotipindəki xaça bənzətdiyi İsanın ömür yolu, iradəsi, eşqi, kədəri və nəhayət, möcüzələr törədən Allah elçisinin qeybə çəkilməsidi. Rəbbiylə əhd-peymanını üzməyən İsa həvarilərinə də demişdi ki, onunla gəlmək istəyən çarmıxını özüylə götürsün. Həmin çarmıxı indi xaça bənzədən misirli bir “Şevrolet” bəhanəsiylə tarix barədə fətva verir.
XXI əsrin bütün texniki imkanları əgər insanların rifahına xidmət edirsə, faydalanmaq lazımdı. Həzrəti İsa tarixçəsi barədə isə fətva vermək bizlərə aid olan məsələ deyil. Hər şeyi Tanrının öhdəsinə buraxaq.
Mömin dindarların sükutu onları atəşə sürükləyər, indi fətva verməyin zamanıdı.
Ədalətsiz cəmiyyətlərin qurulduğu ölkələrdə hökmdarlar bildiyini edir, fətva düşür!
Qırılıb-çatılan meşələr var, fətva düşür!
Quşların, heyvanların qənimləri günü-gündən artır, buna da fətva düşür!
Zülm olan yerdə, azan məqamında bir ədalətli fətva əgər eşitsəm...
Uzaqlara getmək üçün bizlərə “Şevrolet” lazım olsa belə yenə mən dönüb dua edənlərə qoşularam. Fətva maşın yaralamaz, zalımı ölümcül yaralar. “Şevrolet” dəmirdi, lənətlənsə belə ötüb keçəcək...
İslam kamil dindi. Müsəlmam misirlilər öz qədrini bilən vətəndaşlardı. Onlar ictimaiyyətdə bu məsələni qabardıb dilə gəldilər. Dini lideri topa tutan bir məşhur aparıcı onu qınadı: “Yüz ildən artıqdı ki, bu markayla istehsal olunan avtomobil loqotipini dəyişməyib. Bu işarənin xaça bənzədiyini indi niyə gördünüz?”
Bəlkə də indi lazımmış. Bəlkə bu dindar da fətva qızdırmasına tutulub. Yenə də Allah bilir. Hər şeyi Allah bilir.



