![]() |
| Səidə HÜSEYNOVA |
Bütün xəbər başlıqları qara bürünmüş ölkələrin vəziyyəti haqdadır. Hər saatbaşı neçə insanın soyuqda donub öldüyü, yolların bağlandığı, elektrik xətlərinin sıradan çıxdığı, adamların yıxılaraq zədələndiyi xəbər verilir. Qardan mənfi xəbərlər o qədər çoxdur ki, onun ağ rəngdə olduğu yaddan çıxıb.
Qar nə qədər fəsad törətsə də, onun bədbinlik gətirən qara rəngdən böyük fərqi var, o, ağdır. Qar dünyanın ağ üzüdür. Onun ağlığı törətdiyi bütün fəsadları sanki ört-basdır eləyir.
Rəfiqəmin pişiyinin saatlarla pəncərədən qara necə baxdığını görürəm. Pişik kreslonun baş hissəsində romantik bir poza alaraq uzun-uzadı çölə baxır. Yaxınlaşıb telefonla onun şəklini çəksəm də, mənə məhəl qoymadı və qarlı küçəyə baxmaqda davam elədi. Sonra mən də pişiyin yanında dayanıb qarlı küçəyə baxmağa başladım. Pişiyin qara baxıb nə fikirləşdiyini bilmək istədim.
Təkcə onu anlaya bildim ki, pişik qara baxmaqdan doymursa, demək, ağ rəng onun xoşuna gəlir. Anladım ki, pişik qara yox, onun rənginə baxır. Həmişə torpağı, insanları boz rəngdə görən pişik ağ rəngi seyr etməkdən doymur.
Qəribədir ki, qar nə qədər yağsa da, bədbinlik gətirmir. Çünki o, ağdır. Ağappaq qara baxıb dünyanı qara görmək mümkün deyil. Yəqin qar çox yağmaqla insanlara dünyanın ağ olduğunu sübut eləməyə çalışır. Yəqin “qar kimi ağappaq” sözü də qardan ağ heç nəyin olmadığı deməkdir.
Qar çox yağmaqla sanki son illərdə tökülən qanların da üstünü örtməyə hazırlaşır. Onu küçələrdən təmizləyirlər, amma o, yenə yağır. O, torpağın bozluğuna, insanların bədbinliyinə öz ağlığı ilə qalib gəlməyə çalışır. Göydən təbii şəkildə yağan qar insanların süni şəkildə yağdırdığı bombalara etiraz eləyir sanki.
Deyəcəksiniz ki, axı qar insan ölümünə də səbəb olur. Bəli, olur. Amma həmin insanlar qara görə yox, evsiz-eşiksiz olduqlarına, yiyəsiz, atılmış, kimsəsiz olduqlarına görə ölürlər. Qar bir daha kimlərin soyuqdan ölə biləcək dərəcədə acınacaqlı gündə olduğunu göstərir. İnsanları qarın soyuğuna dözməmək dərəcəsinə gətirən də elə insanın özüdür. Əgər qar ölüm gətirsəydi, elə qar yağan kimi hamı ölərdi. Ona qalsa, istidən, günəş şüasından ölənlər də az deyil.
Qardan, soyuqdan ölməmək mümkündür, amma insanın göydən yağdırdığı bomba yağışından sağ qalmaq çətindir. Qar qan tökmür, əksinə, axan qanı dondurur. Qan tökən insandır.
Qar insanları dünyanı ağ görməyə çağırır. Yağır ki, dünyanın ağ üzünü insanlara göstərsin. Qar insanlara deyir ki, dünyanın nə qədər qara üzü olsa da, ağ üzü də var. Onu qaraltmağa çalışanları ayıltmaq istəyir qar.
Azərbaycan dilində “qar” sözünə bir “a” hərfi əlavə eləyəndə olur qara. “Qar” isimdir, “qara” isə sifət. Qar işıqdır, qara isə zülmət. Qar gözəldir, qara isə çirkin. Qar ağdır, qara isə elə qaradır. Qara bürünmək lazımdır, ağappaq “qar”a.



