![]() |
“Media forum” saytının suallarını “Mənəvi saflıq” jurnalının şef redaktoru Elmar İslamoğlu cavablandırır.
Elmar İslamoğlu 1985-ci ildə anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib.
- Qloballaşan dünyanın kifayət qədər problemi var. Ən böyük problemlərdən biri də mənəviyyatla bağlıdır. Belə bir zamanda “Mənəvi saflıq” adlı jurnalın əsas missiyası nədir?
- “Mənəvi saflıq” jurnalı cəmiyyətimizdə müşahidə edilən mənəvi boşluğu aradan qaldırmaq, mənəvi dəyərlərimizi təbliğ etmək, insanımızın islamı düzgün anlaması üçün oxucuların görüşünə gəlir.
Biz 70 il sovet-kommunist əsarətində yaşadıq. Həmin dövrdə insanın ən ümdə tələbatı olan mənəvi tələbat təmin edilmədi. Odur ki, müstəqilliyimiz bərpa olunduqdan sonra mənəvi dəyərlərimizin təbliği, yeni nəslimizi bu dəyərlər əsasında tərbiyə etmək üçün imkan yarandı. Bu arada kənardan bizim mənəvi dəyərlərimizə yad olan ünsürlər ölkəmizə ayaq açdı və 70 il mənəvi tələbatı ödənməyən vətəndaşımızı müxtəlif yollarla azdırmağa çalışdı. Biz cəmiyyətimizdə islamı doğru-düzgün anlatmaqla onu milli-mənəvi dəyərlərinə yönəldir, islamı kimliyini, milli ruhunu, mənəvi saflığını ona tanıtmağa çalışırıq. Elmlə, təfəkkürlə!
Buna əslində hər bir cəmiyyətdə ehtiyac var. Xüsusilə elə bir halda ki, bəzi dairələr islamı orta əsrlərin məişət və mədəniyyəti kimi təqdim edir, insanları din adıyla geriliyə səsləyir, düşünməyi, məntiqi belə yasaqlayır, haram elan edirlər. İslam isə bir mənəvi saflıq məktəbi, ilahi konsepsiya olaraq insanların bir tərəfdən şüuruna, ağlına, düşüncəsinə müraciət edir, digər tərəfdən də qəlbinə, ruhuna, mənəviyyatına.
Bizim də qayəmiz “Mənəvi saflıq” olaraq oxucularımızı həm düşündürmək, həm də mənəviyyatını zənginləşdirməkdir. İnsanları geriliyə deyil, irəliyə, inkişafa, tərəqqiyə səsləməkdir. Belə ki, mənəviyyatın təməli olan ilahi din zaman və məkanın fövqündədir. Əslində bu dinə mənsub olan şəxs də ən intellektual və ən mütərəqqi şəxs olmalıdır. Cəmiyyətdə hər kəs üçün nümunəvi ola biləcək bir şəxsiyyət. Bizim məqsədimiz də məhz belə bir şəxsiyyətin yetişməsinə yardım etmək, bu sahədə cəmiyyətimizə öz töhfəmizi verməkdir. Fikrimcə, bu illər ərzində bizim müəyyən mənada uğurumuzun sirri də məhz budur.
- Jurnalın əsas oxucuları kimlərdir?
- Jurnalımızın səhifələrində elmi-publisistik yazılar, tarixi araşdırmalarla yanaşı ailə-məişət problemlərinə, gündəlik həyatda qarşılaşdığımız çətinliklərə, fərdlərarası münasibətlərə islamın baxışını göstərməyə çalışırıq. Odur ki, bizim oxucular arasında ali savadlı şəxslər, evdar xanımlar, tələbələr, cəmiyyətimizin müxtəlif təbəqələri olur. Çalışırıq hansı sahənin adamı olmasına baxmayaraq hər bir insanın maraqlarına uyğun yazılar yazaq. Bilirsiz ki, hər bir fərdin digər tələbatları ilə yanaşı mənəvi tələbatı da var. Odur ki, çalışırıq jurnalımızın səhifələrində bu tələbatı ödəyək.
- Azərbaycanda cəmiyyət və mənəviyyat münasibətlərinin təmasından hansı problemlər ortaya çıxır? Bu gün Azərbaycan mediası, xüsusilə də mənəvi məsələlərin işıqlandırılmasını öz üzərinə götürən mətbuat orqanı buna yetərincə toxuna bilirmi?
- Sözün açığı, bu gün Azərbaycanda ictimai rəyə təsir edə biləcək gücdə dini media yoxdur.
O ki qaldı Azərbaycanda cəmiyyət və mənəviyyat münasibətlərinin təmasındakı problemlərə, burada ən əsas məsələ qarşılıqlı inam və marağın olmamasıdır. Buna da səbəb, yenə qeyd edirəm, 70 illik sovet əsarətinin insanların təsəvvüründə yaratdığı cəfəng “islam” və yaxud da Allahsız şüurdur. İndi biz insanların beyinlərindən “islamın sovet forması”nı çıxarmağa çalışırıq. Məsələn, sovet dövründə, elə indinin özündə də “molla” sözü geriliyin, savadsızlığın bir simvolu kimi istifadə edilir. Bu da din adamlarına qarşı bir ikrah hissi doğurur. Amma “molla” sözünün həqiqi mənası “hər şeyi bilən”, savadlı, dolu biləyə malik deməkdir. Elə Azərbaycanın Molla Pənah Vaqifinə, Molla Vəli Vidadisinə də buna görə “Molla” təxəllüsü verilib.
Düzdür, burada günümüzdə mollalıq edən bəzi insanların savadının yetərincə olmaması da mühüm rol oynayır. Hər halda bu sahədə ciddi boşluqlar və problemlər var. Mənəvi böhran keçirən cəmiyyətdə gənclər arasında zərərli vərdişlərə meyl, əxlaqsızlıq, rüşvətxorluq halları, müxtəlif cinayətlərin sayı artar, bundan bütün cəmiyyət əziyyət çəkər. Bu, dövlət üçün də, millət üçün də, ayrı-ayrılıqda fərdlər üçün də müşküllər yaradar. Bax, məhz mənəvi tərbiyə ilə, insanları ruhən islah etməklə bu problemləri həll etmək mümkündür. Bu işdə yalnız media deyil, bütün cəmiyyət əl-ələ verib mənəvi dəyərləri qorumalı və inkişaf etdirməlidir.
- “Mənəvi saflıq” jurnalının ölkədəki dini proseslərə özəl baxışı varmı?
- Biz ümumiyyətlə islamın buyurduğu və “Qurani-Kərim”in bəyan etdiyi, insanlıq üçün fayda verə biləcək, onu irəliyə doğru apara biləcək, bir sözlə, insanın səadətinə xidmət edən dəyərlərin təbliğini dəstəkləyirik. Bu ülvi amala zidd olan hər bir şeyi - istər din adından olsun, istər qeyri - qınayırıq.
Ölkəmizdə dini proseslər enişli-yoxuşlu yollar keçməkdədir. Saf, təmiz niyyətlə dini dəyərləri təbliğ edənlərimiz də var, din adından çıxış edib əslində dinə də, cəmiyyətə də xəyanət edənlər də. İnsanların mənəvi saflığına xidmət edənlər də var, bu mənəvi tələbatdan istifadə edib onları öz məkrli niyyətlərinin toruna salanlar da.
Əfsuslar ki, yad təsirlərlə gəlib mənəvi birliyimizə zərbə vurmaq, Allah adıyla cəmiyyəti parçalamaq, inanclı insanlar arasında bir-birinə kin-küdurət toxumu səpmək istəyənlərin də şahidi oluruq. İslam adıyla öz şəxsi mənfəət güdənlərin də. Bir tərəfdən milli-mənəvi abidələrimiz dövlət tərəfindən təmir-bərpa edilməsini görüb sevinirik, bunu alqışlayırıq, eyni zamanda məktəblərdə inanclı şagirdlərin hicabla dərsə buraxılmamasına üzülüb bunu qınayırıq. Yəni bu proseslərdə müsbət olan hər şeyi təqdir edirik, alqışlayırıq, mənfi halların isə aradan qaldırılmasına çalışırıq. Arzumuz budur ki, dini proseslər cəmiyyətimizin saflaşması və inkişafı istiqamətinə yönəlsin.
- Bu gün Azərbaycanın jurnal bazarında xeyli boşluq var. Bu boşluğun səbəbi, sizcə, nədir? Oxucu azlığı, yoxsa peşəkar jurnalistika? Bəlkə başqa problem var?
- Deməzdim bu gün Azərbaycanda jurnal bazarında boşluqdur. Yetərincə jurnal var. Sadəcə, insanların oxumağa marağı yoxdur. Bu gün əksər sahələrə aid jurnal tapmaq mümkündür. Həmçinin orada çalışan peşəkar jurnalistlər də var. Lakin oxucu boşluğu var. Bu gün oxucunu şou-biznes daha çox maraqlandırır. Məsələn, şou-biznes jurnallarından biri ayda 10 min tirajla çıxır və rahat satılır. Amma elmi-kütləvi jurnal min, ən yaxşı halda iki-üç min tirajla çıxır, onu da alıb oxuyan az olur.
- Digər dini nəşrlərə münasibətinizi bilmək istərdik. Belə demək mümkünsə, bu bazarda durum necədir?
- Hazırda Azərbaycanda gündəlik çıxan dini nəşr yoxdur. Ən yaxşı halda həftədə iki dəfə çıxırlar. Hazırda 5 həftəlik qəzet, 3 aylıq və 2 adda da üçaylıq jurnal çap olunur. Bu bazarda durğunluq hökm sürür. Çünki bir tərəfdən oxucu azdır, digər yandan bu mediada çalışanların peşəkarlığının aşağı olması, maddi-texniki bazasının zəif olması və sair problemlər var. Maliyyə problemləri və reklamın olmaması, piar işinin düzgün qurulmaması dini medianın işini çox çətinə salıb. Açığı, durumun bundan daha yaxşı olmasını arzu edərdik...
- Bu gün Azərbaycan mətbuatının ən böyük problemlərindən biri maliyyə məsələsidir. Bu problemi necə həll edirsiniz?
- Bu problem elə bizim jurnalımızın da ən ciddi problemidir. Qeyd etdiyim kimi, jurnalımız ərsəyə gədiyi zaman niyyətimiz bu idi ki, jurnalı hər üç aydan bir buraxaq - yəni ildə 4 dəfə. Amma əfsuslar olsun ki, orta hesabla ildə 2 sayını buraxa bilirik. Həm də bütün işləri, o cümlədən məqalələrin yazılması, hətta dizaynını belə ictimai əsaslarla özümüz edirik. Jurnalın satışı ilə növbəti sayımızı buraxmaq mümkün olmadığından bu işdə yardım edənlərə ehtiyac olur. Bu iş isə mürəkkəb məsələdir, aylarla uzanır.
Dost-tanışın, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi üzvlərinin, həmçinin ideyalarımızı dəstəkləyən imkanlı bacı və qardaşlarımızın yardımıyla, ən əsası Allahın köməkliyilə gec-gec də olsa jurnal işıq üzü görür və cəmiyyətimizin mənəvi zənginləşməsində öz töhfəsini verir.
- Yaxın və uzaq gələcək üçün hədəfləriniz nədir? Nələri planlaşdırırsınız?
- Planımızda “Mənəvi saflıq” jurnalı olaraq Azərbaycanda hələ heç kimin xəbəri olmadığı islam tarixi ilə bağlı hardasa, gizli, maraqlı araşdırmalara başlamaqdır. Həmçinin səhifələrimizdə dini serialın dərcinə davam etmək niyyətimiz var. Azərbaycanda ilk dini məzmunlu serialı məhz bizim jurnal oxuculara təqdim edib. Eyni zamanda jurnalımıza yeni yazarlar cəlb etmək niyyətimiz var. Planlarımız çoxdur, amma, təbii ki, onların hamısını burada açıqlamaq peşə sirri baxımından düzgün sayılmır. İnşallah, oxucular jurnalımızı izləsinlər və bu yeniliklərin canlı şahidi olsunlar...



