.jpg)
“Qusar Rayon Polis Şöbəsinin əməkdaşları yanvarın 20-də rayon ərazisində kirayədə yaşayan Quba şəhər sakinləri Xəyyam Ələkbərovun və Orxan Şixməmmədovun qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etdiyini, rayon sakinləri Bəhruz Heydərov, Şahin Hacıverdiyev və Fərman Pirimovun oraya cəlb olunduğunu müəyyənləşdirib. Həmin evə baxış zamanı onlara məxsus, türk və rus dillərində çap edilmiş 40 ədəd dini kitab, 6 ədəd DVD diski və 1 ədəd “Bilayn” (Rusiyanın mobil operatoru – A.İ.) nömrəsi aşkar edilərək götürülüb”. Bu, 2012-ci il yanvarın 20-də Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş xəbərdir. Hüquq mühafizə orqanlarının yaydığı press-relizlərdə, eləcə də onlara istinad edən media quruluşlarında bu kimi xəbərlərə tez-tez rast gəlmək mümkündür.
“Qanunla qadağan olunmuş dini təriqət” dedikdə hansı təriqətlər nəzərdə tutulur? Belə bir qadağanı hansı orqan və hansı meyarlarla, hansı hüquqi baza əsasında tətbiq edir? Belə təriqətlərin sayı haqqında məlumat, onların siyahısı varmı?
Rəsmi izahat
Daxili İşlər Nazirliyindən “Media forum” saytının suallarına cavab olaraq bildirilib ki, “qanunla qadağan edilmiş dini təriqət” dedikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi dövlət qeydiyyatına almadığı dini icmalar, dini qurumlar nəzərdə tutulur: “Əgər hər hansı bir təriqətin, cərəyanın rəsmi qeydiyyatı yoxdursa, bu dini qurum, təriqət nümayəndəsinin fəaliyyəti qanunla qadağan olunmuş hesab olunur”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Media forum” saytının suallarına cavab olaraq bildirilib ki, qadağan olunmuş qurumlar “Dini etiqad azadlığı haqqında” qanundan irəli gələn tələblər əsasında rəsmi dövlət qeydiyyatına alınmayanlardır: “Yəni qanuni qeydiyyatdan keçməyən vətəndaşların yığışıb bir yerdə qurum yaratması, icma formalaşdırması və orda dini təbliğat aparması qeyri-qanunidir. Bunun qanuni tərəfi belədir. Əgər bizim müvafiq orqanlarımız dini təbliğatla məşğul olan qeyri-formal qrupu, qanunsuz fəaliyyət göstərən icmanı ifşa edirsə, onları qanuni yollarla cəzalandırırsa, bu meyarları əsas götürür”.
Xəbərlərdə “qanunla qadağan olunmuş təriqət” ifadəsinin işlənməsinə gəlincə, mətbuat xidmətindən vurğulanıb ki, bu, informasiya yazanların dini qanunvericiliyi nə dərəcədə bilməsindən asılıdır: “Yalnız “Dini etiqad azadlığı haqqında” qanun əsasında qeydiyyatdan keçməyən hər hansı dini fəaliyyət qeyri-qanuni hesab olunur. Digər meyarlar kimi isə Azərbaycandakı tolerant dünyagörüşünə zidd təbliğat aparmaq, Azərbaycanda dövlət-din münasibətlərinin istiqamətlərini dəyişdirməyə cəhd, yaxud başqa bir ölkənin din mədəniyyətini ölkədə yaymaq, başqa bir ölkənin dini təsisatlarını təmsil etmək və sair qanunsuz hallar əsas götürülür. Onlara qarşı hər hansı hüquq mühafizə orqanı inzibati cəza tətbiq etdikdə bu meyarlar ortalığa qoyulur”.
Qurumdan o da əlavə edilib ki, Azərbaycanda hər hansı dini icmanın, dini qurumun fəaliyyətinin qanunla qadağan olunması faktı yoxdur: “Demək ki, “A” adlı dini icmanın fəaliyyəti Azərbaycanda qadağan olunub, belə bir fakt yoxdur. Yaxud “B”adlı hər hansı təsisat qadağan olunub, belə bir şey yoxdur. Biz konkret işi götürürük. Əgər kiminsə fəaliyyəti Azərbaycanın qanunlarına ziddirsə, deməli, o, qanunazidd hərəkət edir və bunun qarşısı alınmalıdır.
Azərbaycan hökuməti təriqətlərüstü siyasət yürüdür. Təriqətlərin və dini cərəyanların fəaliyyətinə mane olmur, vətəndaşlar əqidəsinə və etiqadına görə sıxışdırılmır. Amma bir şərtlə ki, təriqətlər qanun çərçivəsində fəaliyyət göstərsinlər.
“Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə əsasən, irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə dini etiqadın təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Azərbaycanda bugünədək hər hansı dini təriqətin qadağan edilməsi barədə qərar çıxarılmayıb. Əgər qanuna görə məsuliyyətə cəlb olunan və yaxud barəsində inzibati tədbir görülmüş şəxslər arasında dini təriqət mənsubları varsa, bu onların əqidəsindən yox, qanunlara münasibətlərindən, hərəkətlərindən qaynaqlanır. Dolayısı ilə dövlət üçün vətəndaşın hansı əqidədə olması əsas deyil, qanunlara riayət edib-etməməsi məsələsi əhəmiyyət daşıyır.
Ona görə də hansısa təriqət mənsubunun qanunsuz əməlləri barədə hüquqi ölçünün götürülməsi, həmin təriqətə deyil, onun konkret nümayəndəsinə olan münasibət kimi qiymətləndirilməlidir”.
Hüquqşünas rəyi
Hüquqşünas Yavər Hüseyn hesab edir ki, Azərbaycanın konstitusion normaları insanların azad dini etiqad sahibi olmasını təsbit edir: “Amma bu azad olmaq o demək deyil ki, insan istədiyini eləsin. Sözsüz ki, başqa qanunlar vətəndaşların azadlıqlarını məhdudlaşdırır. Yəni insan özünü azad hesab eləsə də, başqalarını nəzərə almalıdır, elədiyi hərəkətlə başqalarının azadlıq hüququnu pozmamalıdır. Şəxs öz azadlığını elə reallaşdırmalıdır ki, onun azadlığı digərlərinin azadlığını reallaşdırmasına mane olmasın. Bir cəmiyyətdə yaşayırıqsa, burada qəbul olunmuş ümumi normalara, qaydalara riayət etməliyik. Qayda və qanunlar da insanların həmin normalara əməl etməsi üçündür. Hansısa şəxs din azadlığıdır deyib istədiyi təriqətə mənsub olduğunu elan edirsə və normaları tapdayırsa, olmaz”.
Yavər Hüseynin qeyd etdiyinə görə, normal vətəndaş cəmiyyətlərində istənilən qurum qanuni fəaliyyət göstərmək istəyirsə, birinci növbədə rəsmi dövlət qeydiyyatına alınmaqda maraqlı olur: “Dini icmalar, qurumlar isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etməklə qeydiyyata alınırlar. Onların qeydiyyat prosedurası zamanı əsasən nizamnamələrinə baxılır. Əgər onların fəaliyyət istiqaməti Azərbaycan qanunlarına ziddirsə, cəmiyyət üçün, vətəndaşlar üçün, milli təhlükəsizlik üçün təhlükədirsə, onlar qeydə alına bilməz. Qeydə alınmayan icma fəaliyyət göstərə bilməz və o, qadağan olunmalıdır. Qeydiyyatda olmayan qurumların fəaliyyətinə icazə yoxdur”.
Hüquqşünas “qadağan olunmuş təriqət” ifadəsinin ayrı anlam verdiyini deyir: “İnsan hansısa təriqətə inanırsa, bunu onun əlindən kimsə ala bilməz. İnanc başqa şeydir. Fikrə, düşüncəyə görə insanlar məsuliyyətə alınmırlar. İnsanlar konkret fəaliyyətə görə məsuliyyətə alınırlar. Sadəcə, insanlar öz düşüncələrinə görə fəaliyyətlərini bu cəmiyyətdə gerçəkləşdirirlər. İnanc sahibinin öz inancına görə etdiyi hərəkət başqasının hüququna ziddirsə, başqalarının azadlığını tapdayırsa, onda o, bu hərəkəti etməli deyil”.
Yavər Hüseyn onu da əlavə edib ki, Azərbaycanda dini icmaların qeydiyyatı zamanı kifayət qədər süni maneə yaradılır: “Azərbaycanda siyasi motivlərlə kimlərisə qeydiyyata almaq, kimlərisə qeydiyyata almamaq problemi var. Təəssüflər olsun ki, hətta islam yönlü, yerli qanunlara riayət edən xeyli dini icma var ki, onlar qeydiyyata alınmır”.
İlahiyyatçının şərhi
İlahiyyatçı professor, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “Media forum” saytına açıqlamasında deyib ki, “qanunla qadağan olunmuş dini təriqət” ifadəsi düzgün deyil: “Belə hüquqi termin yoxdur. Əgər söhbət qeydiyyata alınmayan dini icmadan, hansısa təsisatdan gedirsə, ondan belə də yazılmalıdır: qeydiyyatsız fəaliyyət göstərən dini icmalar. “Təriqət” ifadəsi yalnız sufilərə aiddir. İcmaları “sekta”, “məzhəb”, “konfessiya” və sair bölgülərə uyğun ifadə etmək lazımdır. Təriqət yalnız sufilərdədir. Sufilərdə isə heç bir zərərli fəaliyyət yoxdur. Təriqət – yol deməkdir. Yəni hansısa yolla gedirlər. Bəzən nurçuları da təriqət sayırlar. Yəni Səid Nursinin davamçıları olaraq. Amma onların da böyük əksəriyyəti sufidir. Səid Nursi də sufidir, Fətullah Gülən də sufidir”.
Qadağaya əsas ola biləcək meyarlardan danışan Rafiq Əliyev bunları sadalayıb: “Təbliğ etdikləri ayinlər dövlətin qanunlarına zidd olmamalıdır. Azərbaycanda hərbi çağırış qanunla tənzimlənir. “Yəhova şahidləri” dini icmasına görə isə kiminsə əlinə silah alması dini inanca ziddir. Onlar hərbi çağırışdan imtina edirlər, əllərinə silah almaq istəmirlər. Yaxud şeytana sitayiş edən sektalar var ki, onlar ildə bir dəfə insan qanı içirlər, yaxud Allahı danıb onun yerinə şeytanı qoyurlar. Belə icmalar var ki, Azərbaycan qanunvericiliyinə istinad edib onları qeydiyyata almamaq olar”.
Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik etdiyi dövrdə hər ay xüsusi bülleten dərc etdiklərini vurğulayıb: “Həmin bülletendə biz qeydiyyata alınan icmaların, eləcə də qeydiyyata alınmayan icmaların adlarını ictimaiyyətə açıqlayırdıq. Həm də orada bildirilirdi ki, hansı səbəbdən icma qeydiyyata alınmayıb. Buna istinadən mətbuat da xəbərlər hazırlayırdı.
Mərdəkan tərəfdə islam yönümlü iki icma vardı ki, onların rəhbəri özünü peyğəmbər elan etmişdi. Özünü Məhəmməd peyğəmbərin vaxtındakı kimi aparır, ətrafdakı insanlardan sədəqə, cizyə yığırdı. Eyni zamanda icmasının qeydiyyatdan keçməsini istəyirdi.
ABŞ-ın Azərbaycandakı səfirliyinə xidmət edəcək protestant təmayüllü dini icma vardı ki, onlar da dövlət qeydiyyatına alınmaq istəyirdi. Hətta o dövrkü səfirin xahişinə baxmayaraq biz onu qeydə almadıq. Səbəb o idi ki, bu icmanın rəhbəri, əsas cavabdeh şəxs yox idi, yəni bu rəhbər şəxs dəyişkən olacaqdı. Bizim tələblərimizdən biri o idi ki, icmanın 10 nəfər üzvü və bir rəhbəri olmalıdır. Səfirlikdən belə bir izahat verdilər ki, rəhbər olacaq şəxs 6 aydan bir dəyişəcək, amma bu, bizim qanunvericiliyimizə zidd olduğuna görə qeydə alınmadı.
Şeytanpərəst dini icmalar vardı ki, biz onları qeydə almadıq. Nihemiya baptist dini icması vardı, qadağan olunmuş ədəbiyyatdan istifadə edirdilər. Eyni zamanda onlarda iki nəfər icmaya rəhbərlik edirdi. Bu dini icmada da gənclərin ideoloji yönümünü başqa istiqamətə yönəldirdilər. Yəni dövlətin maraqlarından kənarlaşdırırdılar. Biz bu kimi dini icmaları qeydiyyata almadıq”.
Rafiq Əliyev qeyd edib ki, islamla bağlı radikal qollar, cərəyanlar Azərbaycana gəlib çıxmayıb: “Bu cərəyanların bir hissəsi şiəliklə, bir hissəsi sünniliklə bağlıdır. Yəni bir hissəsi Türkiyə ilə, bir hissəsi isə İranla bağlıdır. Bu ölkələrin dini icmalar üzərində müəyyən nəzarəti var. Həmin icmaların radikal qolları bura gəlib çıxmır. O icmalara da Qafqaz Müsəlmanları İdarəsi rəy verməyəndə, təqdimat verməyəndə qeydiyyatdan keçmirlər. İkincisi, sözügedən icmaların üzvlərindən hər hansı biri qeyri-qanuni dini kitab paylayıbsa və dini təbliğ edibsə, qadağan olunmuş kitabların çapını təmin edibsə, həmin icma qeydiyyata alınmır və yaxud qeydiyyatı varsa, qeydiyyatı ləğv olunur”.
Qanundan çıxarış
“Dini etiqad azadlığı” haqqında qanunda qeyd olunub ki, dini qurumun hüquq qabiliyyətini mülki qanunvericiliyə müvafiq surətdə müəyyən edən nizamnaməsi (əsasnaməsi) olur. Dini qurumun nizamnaməsi (əsasnaməsi) dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultaylarda, konfranslarda qəbul olunur.
Dini qurumun nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir:
1) adı, növü, dini mənsubiyyəti və yeri;
2) dini qurumun dini birliyin təşkilat quruluşunda yeri;
3) dini qurumun məqsəd və vəzifələri, habelə fəaliyyətinin əsas formaları;
4) dini qurumun strukturu, idarəetmə orqanları və onların təşkili qaydası, habelə həmin orqanların səlahiyyətləri;
5) dini qurumun əmlak vəziyyəti;
6) dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri, digər dini qurumlar, təhsil müəssisələri təsis etmək hüquqları;
7) dini qurumun nizamnaməsinə (əsasnaməsinə) dəyişikliklər və əlavələr etmək qaydası;
8) dini qurumun ləğvi qaydası;
9) dini qurumun fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa məsələlərin həlli qaydası.
Dini qurumun adı onun hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir.
Nizamnamədə (əsasnamədə) həmin dini qurumun fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar digər məsələlər də əhatə oluna bilər. Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydə alınmalı deyil. Dini qurum dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsdir. Dini qurumun nizamnaməsi (əsasnaməsi) öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun olmalıdır.
Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.
Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizamnaməsi (əsasnaməsi) əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Ərizəyə habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə edilir. Dini mərkəz və ya idarə 30 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına göndərir.
Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin , dini qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir.
Dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi şəxslərin dövlət qeydiyyatı orqanına göndərir.
Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda bu barədə 20 gün müddətində dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir.
Dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;
2) yaradılan qurum dini qurum qismində tanınmadıqda;
3) təqdim olunmuş nizamnamə (əsasnamə) və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.
Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.
Dini qurumlar aşağıdakı hallarda ləğv edilə bilər:
1) təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın qərarı ilə;
2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.
Bu qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:
1) dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, bu qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi;
2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi;
3) ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması;
4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;
5) dünyəvi təhsil alınmasına mane olma;
6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə;
7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma;
8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə;
9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi tələbinə təkrarən əməl olunmaması.
Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar.
Beynəlxalq yanaşma
Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 9-cu “Fikir, vicdan və din azadlığı” adlı maddəsində isə deyilir: “Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər”.
Aynur İMANOVA


